Məhkəmədə üzə çıxıb ki, təqsirləndirilən şəxslərə qarşı bir dənə də olsa ifadə, maddi sübut, qanuni sənəd yoxdur
İyunun 10-da "Abzas Media işi" üzrə təqsirləndirilən jurnalistlərin növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən prosesdə vəkillər müdafiə çıxışı ediblər, jurnalist Hafiz Babalı isə son sözünü deyib.
İş üzrə müdafiə çıxışı edən bütün vəkillərin ittiham aktına və iddia olunan cinayət əməllərinə münasibətləri oxşar olub, onlar bütün ittihamların qondarma olduğunu bildiriblər.
Müdafiəçilər deyiblər ki, bu cinayət işi təqsirləndirilən Məhəmməd Kekalovun ifadəsi əsasında qurulub, ancaq o, istintaqda ifadəsini təhdid altında uydurduğunu bildirib. Məhəmməd Kekalov bundan əvvəlki məhkəmə proseslərində istintaqdakı ifadəsindən imtina edib.
Vurğulanıb ki, cinayət işi Kekalovun ifadəsi əsasında qurulsa da, Ülvi Həsənli ondan əvvəl həbs edilib. Müdafiəçilər sual ediblər ki, istintaq Kekalovu həbs etməmiş və ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?
Bununla bərabər, qeyd olunub ki, cinayət işi qaçamalçılıq ittihamı üzrə açılsa da, tutulanların heç biri ölkə sərhədini keçərkən qanunsuz əmlakla saxlanılmayıb və onların üzərlərindən, yaşadıqları mənzillərdən də bu cür maddi sübutlar aşkar edilməyib.
Müdafiəçilər bildiriblər ki, cinayət işində təqsirləndirilən şəxslərin tamah məqsədilə qanunsuz sahibkarlıq və qanunsuz əmlakı leqallaşdırma cinayəti etdikləri qeyd olunub, ancaq, bu da absurddur.
“Çünki tamah məqsədli əməl ev, maşın, əmlak kimi təminatlardır ki, bu şəxslərin də heç birinin evi və maşını yoxdur. Belə olan halda hansı tamahdan söhbət gedə bilər? Digər tərəfdən, qanunsuz əmlakı leqallaşdırma ittihamı həm də ona görə absurddur ki, ortada qanunsuz yolla əldə olunduğu sübuta yetirilən vəsait yoxdur.
Hətta istintaqın iddia etdiyi kimi, qrant alınmış olsaydı belə, buna görə cinayət məsuliyyəti nəzərdə tutulmur, inzibati xəta hesab olunur. Ona görə bu ittihamlar da yanlışdır. Digər tərəfdən, media kommersiya qurumu hesab olunmur, fəaliyyəti maarifçi fəaliyyət hesab olunur. Belə olan halda hansı qanunsuz sahibkarlıqdan söhbət gedə bilər?” – təqsirləndirilən şəxslərin müdafiəçiləri bildiriblər.
Müdafiə tərəfi əlavə edib ki, "Abzas Media"nın ofisində aşkar olunduğu bildirilən pul vəsaitini də, uydurma sənədləri də istintaq orqanı hazırlayıb. Cinayət işinin əhatə olunduğu 2020-2023-cü illərdə nə Hafiz Babalı, nə də Elnarə Qasımova ölkə sərhədlərini tərk edib.
Son olaraq vəkillər bildiriblər ki, nə ibtidai istintaqda, nə də məhkəmə istintaqında işin üzə çıxması üçün verilən heç bir vəsatət qəbul edilməyib. Onlar məhkəmədən ədalətli hökm gözləmədiklərini bildirsələr də, təqsirləndirilən şəxslərə bəraət istəyiblər.
Daha sonra hakim təqsirləndirilən şəxslərə son söz verib. Təqsirləndirilən şəxslərin əksəriyyəti növbəti prosesdə çıxış edəcəklərini bildiriblər. Araşdırmaçı jurnalist Hafiz Babalı isə son sözlə çıxış edib.
Proses iyunun 20-də davam etdiriləcək.
2023-cü ilin noyabrın 20-dən etibarən Azərbaycanda korrupsiya araşdırmaları aparan “Abzas Media”nın 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs ediliblər.
Ötən il mayında “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də “Abzas Media işi” çərçivəsində həbs edilib. Elə həmin gün “Abzas Media” bəyanat yayaraq Mehralızadə ilə heç bir əməkdaşlıq əlaqəsinin olmadığını bildirib.
Bu iş üzrə həbs edilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq), 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1, 320.2 (sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə) maddələrində ittiham olunurlar.
Hakimin ittihamedici qərar çıxaracağı təqdirdə jurnalistləri 8 ildən 12 ilədək həbs cəzası gözləyir.
Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.