Fazil Qasımov 25 gündür aclıq edir

Fazil Qasımov 25 gündür aclıq edir Foto: Amerikanın Səsi
4 İyun 2025
Mətni dəyiş

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən İstanbul Universitetinin doktorantı, iqtisadçı alim Fazil Qasımov aclıq aksiyasını dayandırmayacağını bildirib. 

"Abzas Media"ya bu barədə onun yaxınları məlumat verib.

İyunun 4-də Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Qasımov bildirib ki, artıq 25 gündür aclıq edir.
 
“O, yalnız qapağı bağlı su butulkasındakı suyu qəbul edib içir. Mayın 21-dən “karser”də saxlanılır. Ondan aclıq aksiyasını dayandırması tələb edilib və yalnız bundan sonra “karser”dən çıxarılacağı bildirilib. Bununla belə, Fazil aclıq aksiyasını dayandırmayacağını deyib”, yaxınları “Abzas Media”ya deyib.
 
Fazil Qasımovun məhkəmə prosesi iyunun 17-nə təxirə salınıb. 
 
İqtisadçı alimin Fazil Qasımov bir müddət Türkiyədə yaşayıb. O, 2023-cü il avqustun 8-də İstanbulda saxlanılaraq Azərbaycana gətirilib.

Vəkillər bildiriblər ki, Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Fazil Qasımov məhkəmədə ifadəsində bildirib ki, istintaqda zorakılıq nəticəsində və xüsusi dərmanların təsiri altında Qubad İbadoğlunun əleyhinə saxta ifadəyə imza atmağa məcbur olub. O, ifadəsindən imtina edib və həbsinin siyasi səbəblərdən olduğunu bildirib.  

Elə istintaq müddətində İbadoğlu azadlığa buraxılıb və haqqındakı istintaq işi ayrı icraata verilib. Qasımov isə mühakimə olunub. O, bu il martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda 9 il azadlıqdan məhrum edilib. 

Hüquq müdafiəçiləri onu siyasi məhbus hesab edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun