İsrail və İran qarşılıqlı hücumlar edir, Tramp Tehran sakinlərini təxliyəyə çağırır

İsrail və İran qarşılıqlı hücumlar edir, Tramp Tehran sakinlərini təxliyəyə çağırır Reuters
17 İyun 2025
Mətni dəyiş

İsrail və İran arasında raket və pilotsuz uçuş aparatları (PUA) ilə qarşılıqlı hücumlar beşinci gündür davam edir.

Hücumlar nəticəsində Tehranda bir neçə partlayış qeydə alınıb, İsrailin Təl-Əviv şəhərində isə hava həyəcan siqnalları səsləndirilib.

Gərginlik əsasən münaqişə ocaqlarında yaşayan mülki əhalini hədəfə alıb.

İran Səhiyyə və Tibbi Təhsil Nazirliyinin məlumatına görə, ölkədə baş verən hücumlar nəticəsində azı 224 nəfər həyatını itirib, 1 481 nəfər isə yaralanıb.

İranın cavab olaraq İsrailə qarşı ballistik raket zərbələri nəticəsində azı 24 nəfərin öldüyü, 380 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilib.

Tehranda dağıntının tam miqyası hələlik bəlli olmasa da, küçələrdə insan tələfatını əks etdirən görüntülər yayılır.

İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatına görə, İsrailin Hərbi Hava Qüvvələrinin gecə saatlarında İrana hücumu nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əli Şadmani öldürülüb.

IDF bildirir ki, Şadmani İranın ali dini lideri Əli Xameneiyə ən yaxın şəxslərdən biri sayılırdı.

İran rəsmiləri hələlik general Şadmaninin ölümünü rəsmi olaraq təsdiqləməyib.

Şadmani bu vəzifəyə cəmi bir neçə gün əvvəl – iyunun 13-də keçirilən İsrail hücumu nəticəsində sələfi general Məhəmməd Baqerinin öldürülməsindən sonra təyin edilmişdi.

Bundan başqa, İsrailin Baş naziri Benyamin Netanyahunun İranın ali rəhbəri Əli Xameneiyə qarşı hədəfli hərbi əməliyyat imkanını istisna etmədiyi bildirilir. Bu barədə “ABC News” məlumat yayıb.

“Bu eskalasiyaya səbəb olmayacaq, əksinə münaqişəyə son qoyacaq”, - deyə Netanyahubildirib.

Jurnalistlərin ABŞ prezidenti Donald Trampın belə bir planı veto etməsi ilə bağlı sualına cavab verən Netanyahu əlavə edib ki, İran rejimi “artıq yarım əsrdir Yaxın Şərqdə qarşıdurma yayır və bütün regionu terrora məruz qoyur”.

“İsrail olaraq biz lazım olanı edirik”, - deyə Netanyahu bildirib.

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrdə paylaşım edərək Tehranın bütün sakinlərinə şəhəri tərk etməyi tövsiyə edib.

O, açıqlamasında bildirib ki, “İranın nüvə silahına sahib olmasına yol verilə bilməz”.

Bəyanat ABŞ Prezidenti İranın nüvə proqramını birbaşa təhlükə kimi qiymətləndirərək Tehrana qarşı mövqeyinin sərtləşdiyini göstərib və beynəlxalq aləmdə narahatlıq doğurub.

Bu arada, Trampın yaxın günlərdə İrana nüvə razılaşması ilə bağlı “sonuncu təklif” təqdim edəcəyi gözlənilir. Bu barədə “The Jerusalem Post qəzeti ABŞ və Avropa rəsmilərinə istinadla xəbər verir.

Mənbələrdən birinin bildirdiyinə görə, yeni təklif təxminən bir həftə əvvəl Vaşinqtonun Tehrana təqdim etdiyi əvvəlki təkliflə müqayisədə “bir qədər daha sərfəli” ola bilər. Lakin bu təklifin əsas şərti dəyişməz qalır: ABŞ razılaşmanın tərkib hissəsi kimi İrandan uranın zənginləşdirilməsindən – istər mülki nüvə enerjisi, istərsə də elmi tədqiqat məqsədilə – tamamilə imtina etməsini tələb edəcək.

İran isə bu şərti əvvəllər “qəbuledilməz” adlandırmışdı.

Bundan öncə “Reuters və “The Wall Street Journal nəşrləri İsrailin İranın nüvə və raket infrastrukturlarına endirdiyi zərbələrdən sonra Tehranın nüvə proqramı üzrə danışıqları bərpa etməyə çalışdığını yazmışdı.

Məlumatlara görə, Tehran bu məqsədlə ərəb ölkələri vasitəsilə İsrail və ABŞ-yə qeyri-rəsmi mesajlar göndərir.

İyunun 16-da İsrailin Hərbi Hava Qüvvələri Tehranın şimal-şərqində yerləşən “İran İslam Respublikasının Səsi” (IRIB) dövlət tele-radio şirkətinin binasına hava zərbəsi endirib. Bu barədə “Fars” və “Mehr” agentlikləri məlumat yayıb.

Zərbədən öncə İsrail Müdafiə Ordusu fars dilində Tehranın üçüncü dairəsinin - paytaxtın şimal-şərq hissəsinin sakinlərinə xəbərdarlıq edib. Bildirişdə qeyd olunub ki, həmin ərazi dərhal tərk edilməlidir, çünki yaxın saatlarda “İran rejiminin hərbi infrastrukturu hədəfə alınacaq”.

Tehrandakı “Ruptly” videoagentliyinin yerli bürosunun rəhbəri də yaşadığı binaya mümkün zərbə ilə bağlı əvvəlcədən xəbərdarlıq aldığını bildirib.

İsrail ordusu xəbərdarlıqdan təxminən 40 dəqiqə sonra Tehranda hərbi obyektlərə hücumların başladığını təsdiqləyib və vəziyyət inkişaf etdikcə əlavə məlumat veriləcəyini açıqlayıb.

Zərbədən bir neçə dəqiqə sonra isə “Fars” agentliyi IRIB-in canlı yayımının bərpa olunduğunu bildirib.

“CNN”ə danışan ekspertlər bildirirlər ki, İsrailin son hücumları İranda hökumətə dəstəyin artmasına səbəb olub. Hətta rejimi tənqid edən bəzi şəxslər belə, rəsmi Tehranın İsrailə cavab verməsini dəstəkləyir.

“Hətta hökuməti əvvəllər tənqid edən insanlar belə, İsrailə qarşı cavab zərbəsi çağırışları edirlər. Onlar İran silahlı qüvvələrinin İsrail təcavüzünə qarşı tədbirlərini dəstəkləyirlər” - Tehranda fəaliyyət göstərən jurnalist və tədqiqatçı Abbas Aslani “CNN”ə bildirib.

Britaniyadakı Kral Müdafiə Araşdırmaları İnstitutunun baş elmi əməkdaşı H.A. Helliyer isə deyib ki, bu hadisələr İranda sərt xətt tərəfdarlarının mövqeyini gücləndirir: “Belə bir vaxtda, danışıqların getdiyi bir dönəmdə ABŞ bölgədəki ən yaxın müttəfiqini – İsrailidayandırmadı. Bu isə İran daxilində sərt mövqeli dairələrin güclənməsi ilə nəticələnəcək”.

İsrail hücumları zamanı İranın enerji infrastrukturunu, o cümlədən dünyanın ən böyük qaz yataqlarından biri olan və Qətərlə birgə istifadə olunan “South Pars” yatağını da hədəfə alıb.

“CNN”in aparıcısı Beki Anderson analitik Firas Məqsad ilə müsahibəsində bu gərginliyin qlobal enerji təhlükəsizliyi üçün ciddi təhdid olduğunu vurğulayıb.

Eksperlərin fikrincə, hazırkı vəziyyət bölgədə gərginliyi daha da artırmaqla yanaşı, beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur. Hər iki ölkə arasında davam edən bu qarşılıqlı hücumlar yeni humanitar böhran təhlükəsi yaradır

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun