Türkiyəli jurnalist Fatih Altaylı bazar günü həbs edilib. Onun həbsi “YouTube kanalında” səsləndirdiyi fikirlərə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “təhdid etmək” ittihamı ilə başlanan istintaq çərçivəsində həyata keçirilib.
İstanbul Baş Prokurorluğu Altaylının yayımlanan videoda prezident Ərdoğanı hədəfə alaraq təhdidedici ifadələr işlətməsi iddiası ilə öz təşəbbüsü ilə araşdırma başladıb. Bundan sonra jurnalist İstanbulun Şişli rayonundakı evində saxlanılıb.
Polisdəki ilkin istintaq tədbirləri tamamlandıqdan sonra Altaylı İstanbul Ədliyyəsinə aparılıb. Bildirilir ki, onun ifadəsi iki vəkilin iştirakı ilə alınıb. Daha sonra jurnalist barəsində həbs tələbi ilə növbətçi Sülh Cinayət Hakimliyinə təqdim olunub.
Altaylının təxminən iki saat davam edən istintaq ifadəsini “ANKA” agentliyi tərəfindən yayımlanıb. Altaylı ifadəsində 20 iyun 2025-ci il tarixli yayımdakı fikirlərində prezidentə qarşı heç bir təhdid və ya təhqir niyyətinin olmadığını bildirib.
O, verilişdə bir sorğu şirkətinin keçirdiyi rəy sorğusu əsasında Konstitusiya dəyişikliyi ehtimalına dair şərhlər verdiyini deyib:
“Türk xalqının Tanzimat dövründən bəri səsvermə yolu ilə idarəetmədə iştirak etməyə üstünlük verdiyini, bir şəxsə əvvəlcədən və nəzarətsiz yüksək səlahiyyət verməyə isti baxmadığını qeyd etmişəm. Tarixə marağı olan bir intellektual olaraq Osmanlı sultanlarının belə tənqid olunduğunu vurğulamışam”, – deyə Altaylı bildirib.
Altaylı əlavə edib ki, sözləri kontekstdən çıxarılıb və təhrif olunub:
“Eyni fikirləri tarixçilər Murat Bardakçı və Erhan Afyoncu dəfələrlə səsləndirib. Mənim çıxışımda heç bir təhdidə işarə edən ifadə yoxdur. Videonun təxminən 30 saniyəlik hissəsi qəsdən orijinal kontekstdən çıxarılaraq yayılıb”, – deyə o qeyd edib.
Altaylı prokurorluğa təqdim etdiyi 3 dəqiqəlik orijinal videoda da heç bir təhdid olmadığının aydın görünəcəyini vurğulayıb.
45 illik peşə fəaliyyətində nə prezidenti, nə də digər vətəndaşları təhdid etdiyini bildirən Altaylı deyib:
“Prezident Ərdoğanı şəxsən tanıyıram. Bu çıxışımda sadəcə tənqid haqqımdan istifadə etmişəm. Təhdid mənim yolum deyil”.
O, məhkəməyə təqdim edilən sənədlərdə özünə qarşı Türkiyə Cinayət Məcəlləsinin 310/2-ci maddəsi ilə ittiham irəli sürüldüyünü qeyd edərək bildirib ki, bu maddənin tətbiqi üçün faktiki hərəkət tələb olunur, yalnız ifadələrə əsaslanaraq ittiham tərkibinin formalaşmadığını deyib və istintaqın dayandırılmasını istəyib.
Fatih Altaylının saxlanılması Türkiyədə mətbuat azadlığı ilə bağlı müzakirələrin yenidən alovlandığı bir dövrə təsadüf edir.
Türkiyə Jurnalistlər Həmkarlar İttifaqının (TGS) məlumatına görə, hazırda ölkədə 10-dan çox jurnalist həbsdədir. Türkiyə isə Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 158-ci pillədə qərarlaşıb.