ABŞ-nin Los Anceles şəhərində miqrasiya siyasətinə qarşı keçirilən etirazlar fonunda şəhərin bir hissəsində komendant saatı elan edilib. Bu barədə şəhər meri Karen Bass məlumat verib.
Onun sözlərinə görə, komendant saatı iyunun 10-u yerli vaxtla saat 20:00-dan (Bakı vaxtı ilə iyunun 11-i saat 06:00) səhər saat 06:00-a qədər qüvvədə olacaq. Məhdudiyyətlər Los Anceles mərkəzinin təxminən 2,6 kvadrat kilometr ərazisini əhatə edir.
Etirazlar iyunun 6-da ABŞ-nin İmmiqrasiya və Gömrük İcraatının (ICE) apardığı reydlər zamanı 44 qeyri-qanuni miqrantın saxlanılmasından sonra başlayıb. Etirazlar təkcə Los Ancelesi deyil, San Fransisko şəhərini də əhatə edib. Aksiyaların dağıdılması zamanı gözyaşardıcı qaz və səs bombalarından istifadə olunub.
ABŞ hökuməti vəziyyətə nəzarəti gücləndirmək məqsədilə Kaliforniyaya Milli Qvardiya və Dəniz Piyadaları birləşmələrini göndərib. Tramp administrasiyası bu qərarı “federal əməkdaşlara və dövlət binalarına qarşı artan təhdidlərlə” əsaslandırıb.
Bununla belə, Kaliforniya ştatının rəhbərliyi bu qərara qarşı çıxıb. Ştatın qubernatoru Qavin Nyusom bu səbəbdən ABŞ prezidenti Donald Trampa, Pentaqona və müdafiə naziri Pit Hegsetə qarşı məhkəməyə müraciət edib.
Şəhər meri Karen Bass bildirib ki, komendat saatı "vandalizm və qarətlərə son qoymaq" məqsədilə tətbiq edilib.
Etirazlar zamanı artıq onlarca şəhər infrastruktur obyektinə ziyan dəyib. Bundan əvvəl şəhərin mərkəzində 23 ticarət obyektinin qarət edildiyi barədə məlumat verilmişdi.
Komendant saatı başladıqdan dərhal sonra Los Anceles polisi etirazçıların məhdudiyyət tətbiq edilən zonada toplaşmağa davam etməsi səbəbilə “kütləvi həbslərə” başlayıb.