Azərbaycan Ukraynaya qaz ixracına başlayır: Strateji əməkdaşlıq, yoxsa siyasi aksiya?

Azərbaycan Ukraynaya qaz ixracına başlayır: Strateji əməkdaşlıq, yoxsa siyasi aksiya?
29 İyul 2025
Mətni dəyiş

Azərbaycanın dövlət neft şirkəti SOCAR, Ukraynanın “Naftoqaz” Milli Neft Şirkəti ilə Ukraynaya qaz tədarükü barədə saziş imzalayıb. Bu barədə Ukraynanın energetika naziri Svetlana Grinçuk “Facebook” səhifəsində məlumat verib.

Məlumata görə, ilk test qaz tədarükü Bolqarıstan–Rumıniya–Ukrayna marşrutu üzrə Trans-Balkan dəhlizi vasitəsilə həyata keçirilir.

“Qaz tədarükünün həcmi böyük olmasa da, bunun strateji əhəmiyyəti var. Bu, ölkələrimiz arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq perspektivini açır. Bundan əlavə, bu, enerji təchizatı mənbələrinin uğurlu diversifikasiyası üçün daha bir aydın nümunədir”, – deyə Grinçuk bildirib.

Grinçukun sözlərinə görə, Trans-Balkan boru kəməri Ukrayna üçün yeni qaz mənbələrinə -Yunanıstan və Türkiyə LNG terminallarına daxil olan mayeləşdirilmiş qaz, TAP boru kəməri ilə nəql edilən Azərbaycan qazı, eləcə də Rumıniya və potensial olaraq Bolqarıstanın şelf yataqlarından hasil olunan qazlara çıxış imkanı yaradır.

“Bu, uzunmüddətli əməkdaşlığa yol açan kiçik, lakin strateji əhəmiyyətli addımdır. Həm də təchizat mənbələrinin şaxələndirilməsi və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir”, – bunu “Naftoqaz” İdarə Heyətinin sədri Sergey Koretski deyib.

Məsələ ilə bağlı “Abzas Media”ya danışan politoloq Ərəstun Oruclu bu hadisəni siyasi aksiya adlandırıb və hazırda Azərbaycan-Rusiya münasibətlərində baş verənlərin təzahürü olduğunu qeyd edib:

“Düzdür, bu planlar əvvəlcədən də var idi, müzakirələr aparılmışdı, amma Azərbaycan heç vaxt Ukraynanı qazla təchiz edən ölkə kimi çıxış etməmişdi. Bir müddət əvvəl İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan 12 ölkəyə qaz satır. Suriyanın müvəqqəti prezidenti Əhməd Əşşarın Bakıya səfəri zamanı isə guya Azərbaycanla Suriya arasında da müəyyən əməkdaşlıq əldə olunub və həmin əməkdaşlıq çərçivəsində Azərbaycan Suriyaya da qaz ötürəcək. Deməli, Suriya 13-cü, bu gedişlə Ukrayna 14-cü ölkə olur. Sual olunur: Azərbaycanın bu qədər qazı varmı? - Yoxdur”.

Oruclu bildirib ki, Azərbaycanın qaz hasilatı həcmi məlumdur və bu baxımdan Ukraynaya qaz ixracı daha çox siyasi xarakter daşıyır.

“Başqa bir variant da mümkündür. Bu barədə çox yazılır və danışılır. Hətta Avropa Parlamentinin qətnaməsində də bu xüsusi vurğulanıb ki, Azərbaycan Rusiya qazını öz ərazisindən digər alıcılara ötürür. Bu ehtimal da istisna deyil. Ola bilər ki, Azərbaycan üzərindən ixrac olunan qazın bir hissəsi məhz Rusiya qazıdır. Buna görə də, bunu sırf iqtisadi və ya enerji layihəsi kimi təqdim etmək, Azərbaycanın uğuru kimi göstərmək vəziyyəti bir qədər şişirtmək olardı”, - politoloq əlavə edib.

Ukrayna 2024-cü ilin sonunda Rusiya ilə qaz tranziti üzrə müqaviləni uzatmamaq qərarı verib. Ukrayna bu qərarın “milli təhlükəsizlik maraqları naminə” qəbul edildiyini bildirmişdi.

“Biz Rusiya qazının tranzitini dayandırdıq – bu, tarixi bir hadisədir. Rusiya bazarlarını itirir və maliyyə itkisinə məruz qalacaq”, – həmin vaxt Ukrayna rəsmiləri demişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun