Ermənistan Parlamenti biri çevrilişdə ittiham olunan 3 deputatın toxunulmazlığını ləğv edib

Ermənistan Parlamenti biri çevrilişdə ittiham olunan 3 deputatın toxunulmazlığını ləğv edib Foto: OC Media
9 İyul 2025
Mətni dəyiş


Ermənistan Parlamenti müxalifətdə olan “Ermənistan Alyansı” fraksiyasının üç deputatının toxunulmazlığını ləğv edib.

Onlar arasında fraksiyanın liderləri Seyran Ohanyan və Artsvik Minasyan da var. Parlament, həmçinin baş prokurora fraksiyanın digər deputatı Artur Sarqsyana qarşı “Müqəddəs Mübarizə” hərəkatının dövlət çevrilişi planı ilə bağlı cinayət işi açmağa icazə verib.

“OC media” yazır ki, bazar ertəsi keçirilən iclasda Ohanyan və Minasyanın toxunulmazlığının ləğvi ilə hakimiyyət orqanlarına onlara qarşı rəsmi ittiham irəli sürmək hüququ tanınıb.

Baş prokurorluğun müraciətində qeyd olunur ki, Ohanyan Sevan Milli Parkının ərazisində, təbiət qoruğu zonasında yerləşən 10,526 kvadratmetrlik torpaq sahəsini qanunsuz yolla ələ keçirməkdə və icazəsiz fərdi ev tikməkdə ittiham olunur. Həmçinin, deputat olduğu 2021-ci ildən bəri həmin evin mülkiyyətini gizlətməkdə günahlandırılır.

Bundan əlavə, Ohanyanın müdafiə naziri olduğu dövrdə nazirliyin satınalma proseslərində qanunsuz üstünlüklər təmin etməsi müqabilində 58 milyon dram (təxminən 151 min ABŞ dolları) məbləğində rüşvət aldığı iddia edilir.

Artsvik Minasyana isə ekologiya naziri olduğu müddətdə öz vəzifə öhdəliklərini yerinə yetirməmək ittihamı irəli sürülüb. İttihama görə, o, Ohanyanın qanun pozuntularının nəticələrini aradan qaldırmaq və onu məsuliyyətə cəlb etmək üçün tədbirlər görməyərək dövlətə ciddi zərər vurub.

Hər iki deputat əvvəlki hakimiyyətlər dövründə nazir vəzifələrində çalışıb və hazırda Ermənistanın ən böyük müxalifət qüvvəsi olan, sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan Alyansı”nın üzvləridir. Seyran Ohanyan fraksiyanın parlament rəhbəri vəzifəsini icra edir.

Baş prokurorluq Baş nazir Nikol Paşinyanın parlamentdə müxalifəti korrupsiyada ittiham etməsindən bir ay sonra, iyunun ortalarında Ohanyan və Minasyanın toxunulmazlığının ləğvini istəmişdi.

Bazar ertəsi Baş prokuror Artur Sarqsyanın toxunulmazlığının ləğvini tələb edərək ona qarşı terror aktı törətmək və hakimiyyəti ələ keçirmək məqsədilə sui-qəsddə iştirak ittihamı irəli sürməyə çalışıb. Bu iş üzrə hökuməti zor gücü ilə devirmək cəhdində ittiham olunan azı 15 nəfər saxlanılıb.

Çərşənbə axşamı parlamentdə çıxış edən Sarqsyan irəli sürülən ittihamları rədd edərək onları qanunsuz adlandırıb.

“Rəsmi şəkildə bəyan edirəm ki, belə bir şey yoxdur, olmayıb və ola da bilməz,” – deyə Sarqsyan “Civilnet”ə bildirib.

O, çıxışında baş nazir Paşinyana müraciət edərək “Sizi qanuni yollarla və qadağan olunmayan bütün vasitələrlə kənarlaşdıracağıq”, – deyə bildirib.

“Civilnet”in məlumatına görə, Sarqsyan çıxışını ailəsi ilə vaxt keçirəcəyini və daha sonra İstintaq Komitəsinə gedəcəyini bildirərək yekunlaşdırıb. Onun çıxışından sonra parlamentdə gərginlik yaşanıb və əlbəyaxa dava baş verib.

Hadisədən sonra Ermənistanın İnsan Hüquqları Müdafiəçisi Anahit Manasyan insidenti kəskin şəkildə pisləyərək “Parlament demokratiyanın müzakirə platforması olmalıdır, döyüş meydanı yox”, – deyə bəyanat yayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun