Polad Aslanovun ailəsi ilə görüşünə imkan verilməyib

Polad Aslanovun ailəsi ilə görüşünə imkan verilməyib
10 İyul 2025
Mətni dəyiş

“Xeberman.com” saytının redaktoru Polad Aslanovun ailəsi ilə görüşünə icazə verilmədiyi bildirilir.

Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.

Onun sözlərinə görə, iyulun 9-da 15 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısına gediblər, lakin Aslanovla görüşə icazə verilməyib. Səbəb kimi müəssisə rəisinin işdən çıxarılması və hələ yeni rəisin təyin edilməməsi göstərilib.

“Dedilər ki, rəis yoxdur, ona görə görüş verə bilmirik. Mən də bildirdim ki, görüş rəis səviyyəsində verilməyib ki, indi də təxirə salınsın”, – deyə Gülmirə Aslanova qeyd edib.

O bildirib ki, bundan əvvəl Polad Aslanov görüş və telefon zənglərinə qoyulan məhdudiyyətlərə etiraz olaraq aclıq aksiyasına başlamış, daha sonra Ədliyyə Nazirliyinin əməkdaşlarının müdaxiləsi ilə problem həll edilmişdi. Son aylarda isə ailə ilə görüşlərdə hər hansı məhdudiyyət olmayıb.

“Ədliyyə Nazirliyinin 881 Qaynar xəttinə dəfələrlə zəng vurandan sonra şikayətimi qeydə aldılar. Ümid edirəm ki, problem həllini tapacaq və övladımı atasının görüşünə apara biləcəyəm”, – deyə Gülmirə Aslanova bildirib.

Polad Aslanov 2019-cu ilin noyabrında dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq onun İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini və jurnalist həmkarlarını əməkdaşlığa cəlb etməyə çalışdığını iddia edib. 

Polad Aslanov ittihamları qəbul etmir və həbsinin jurnalist fəaliyyətinə görə olduğunu bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun