Ərəstun Oruclu: "QHT sektoruna tətbiq edilən məhdudiyyətlər dövlət idarəçiliyində böhrana səbəb olacaq və bundan ən çox əhali zərər görəcək"

Ərəstun Oruclu: "QHT sektoruna tətbiq edilən məhdudiyyətlər dövlət idarəçiliyində böhrana səbəb olacaq və bundan ən çox əhali zərər görəcək"
8 İyul 2025
Mətni dəyiş

Azərbaycanda qeyri-hökumət təşkilatlarının qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına gördükləri işlər və göstərdikləri xidmətlərə görə inzibati cərimələr artırılır.

“APA” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.

Dəyişikliklərə görə, qeyri-hökumət təşkilatlarının qeydiyyata alınmamış xarici maliyyə müqavilələri əsasında xidmət göstərməsi və ya iş görməsi, yaxud bununla bağlı maliyyə vəsaiti və ya digər maddi vəsait qəbul etməsi inzibati məsuliyyətə səbəb olacaq. 

Qeyd edilib ki, xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edilməsi müvafiq qaydada inzibati məsuliyyətə səbəb olacaq.

Yeni təklif olunan 432-1-ci maddəyə əsasən, qeyri-hökumət təşkilatı xarici maliyyə mənbələri hesabına xidmətlər göstərməsi və ya işlərin görməsi haqqında müqavilələrin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək məbləğdə cərimə ediləcək.

Bundan başqa, qeydiyyatsız müqavilələr əsasında xidmət göstərən və ya maliyyə vəsaiti qəbul edən vəzifəli şəxslərə 2500-5000 manat, hüquqi şəxslərə isə 8000-15000 manat aralığında cərimə tətbiq olunacaq.
Qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

Məsələ ilə bağlı politoloq Ərəstun Oruclu “Abzas Media”ya bildirib ki, yeni məhdudiyyətlər hakimiyyətin təsir gücünü artırmaq və qeyri-hökumət təşkilatlarının fəaliyyətini sıfıra endirmək niyyəti güdür:

“Azərbaycanda qeyri-hökumət sektoru ləğv olunur. Bunu başqa cür anlamaq olmur. Çünki bütün bu büroktarik əngəllər elə vəziyyət yaradır ki, heç bir qeyri-hökumət təşkilatı, hətta hökumətə yaxın qeyri-hökumət təşkilatları da fəaliyyət göstərə bilməyəcəklər”.
 
Politoloqun fikrincə, hökumət beynəlxalq təşkilatların reaksiyalarından ehtiyat üçün qeyri-hökumət təşkilatlarının fəaliyyətini açıq şəkildə ləğv etmir, əvəzində bu cür məhdudlaşdırıcı qanunlar qəbul edir.
 
Ərəstun Oruclu bildirir ki, cəmiyyətin hər sahəsinin bu cür nəzarətə götürülməsi Azərbaycanda onsuz da mövcud olan idarəetmə böhranını daha da dərinləşdirəcək. 
 
“Bütün məhdudiyyətlər hər zaman qeyri-qanuni yollara şərait yaradır. Digər tərəfdən də hakimiyyət bu qədər yükü öz üzərinə götürür. Sual yaranır ki, bunu həyata keçirmək üçün kifayət qədər resursu varmı? Şəxsən düşünürəm ki, yetərli deyil. Dövlətçilik, idarəçilik, hökumət idarəçiliyi nöqteyi-nəzərindən bu, qeyri-mümkündür. Bu, böhrana aparır”.
 
Politoloqun fikrincə, hökumət bölgədəki qarışıqlıqlardan ehtiyat edir, həmçinin ölkə daxilində də sosial-iqtisadi vəziyyətin ağırlaşması, sistem böhranının dərinləşməsi repressiv mexanizmlər gücləndirilir.
 
“Amma repressiv mexanizmləri həyata keçirən alətlərin də müəyyən resurs limiti var. Hər şeyə nəzarət etmək qeyri-mümkündür. Bax, burada böhran yaranır. O böhran artıq var. Əgər bu yoldan imtina olunmazsa, Azərbaycan dövlətini uçuruma aparacaq”.
 
Ərəstun Oruclu bildirir ki, qeyri-hökumət təşkilatları demokratik ölkələrdə ictimai rəyə təsir edən və cəmiyyəti təşkilatlandıran, cəmiyyətin müəyyən sahələrində iştirakını artıran vacib institutdur. 
 
“Xüsusilə, Skandinaviya ölkələri – Norveç, İsveçdə qeyri-hökumət sektorunda çalışan insanlar işlə təmin olunmuş əhalinin bəzi hallarda üçdə birini, bəzi hallarda 40 faizini təşkil edir. Bu, o deməkdir ki, ölkədə siyasi-ictimai plüralizm var. Bu, demokratiyanı qoruyan vacib mexanizmlərdən biridir. Buna görə qeyri-hökumət sektoru olduqca vacibdir. Amma təbii ki, avtoritar və totalitar sistemlərdə bu, belə deyil. Əksinə orada onlar mane olurlar. Opponentlərin olması, onlara alternativlərin olması, onların səlahiyyətlərini bölüşən qurumların olması avtoritar rejimlərin təbiətinə ziddir. Qeyri-hökumət sektoru da məhz cəmiyyətlə hakimiyyət arasında balans yaratmaq üçün vacibdir. Avtoritar hakimiyyət bunu istəmir”.

Politoloq əlavə edib ki, Azərbaycanda QHT sektoruna tətbiq edilən məhdudiyyətlər nəticədə dövlət idarəçiliyində böhrana səbəb olacaq və bundan ən çox əhali zərər görəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun