Rusiya ordusu Zaporojye vilayətindəki cəzaçəkmə müəssisəsinə hücum edib. Məlumata görə, hücum nəticəsində 16 nəfər həlak olub, daha 35 nəfər yaralanıb.
İlkin xəbərlərə əsasən, zərbələr idarəolunan aviasiya bombaları ilə endirilib.
“Yaralılara bütün lazımi tibbi yardım göstərilir. Müəssisənin binaları dağılıb. Yaxınlıqdakı şəxsi evlərə də ziyan dəyib,” – rəsmilər bildirib.
Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak hadisəni “rusların növbəti hərbi cinayəti” adlandırıb.
Rusiya hərbçiləri, həmçinin Dnepropetrovsk vilayətinin Sinelnikovskiy rayonundakı yaşayış məntəqələrindən birinə pilotsuz uçuş aparatları ilə hücum ediblər.
Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, yanğın söndürülərkən xilasedicilərə təkrar zərbə endirilib, yanğınsöndürən maşın zədələnib, "Current Time" yazır.
Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak deyib ki, hücum nəticəsində Sinelnikovskiy rayonunun bir neçə yaşayış məntəqəsi zərər çəkib, 2 nəfər həlak olub, 3 nəfər yaralanıb.
Kamyanske şəhərinə endirilən raket zərbəsi nəticəsində üçmərtəbəli bina, doğum evi və şəhər xəstəxanasının bir şöbəsi zədələnib. 2 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Bildirilir ki, 2 qadının vəziyyəti ağırdır. Onlardan biri hamilədir.