BMT-nin İstintaq Komissiyası bildirib ki, İsrail Qəzza zolağında fələstinlilərə qarşı soyqırım törədib. Bu barədə “BBC” BMT ekspertlərinin yeni hesabatına istinadən xəbər yayıb.
Hesabata əsasən, 2023-cü ilin oktyabrında HƏMAS-a qarşı müharibənin başlanmasından etibarən Qəzza zolağında beynəlxalq hüquqla müəyyən edilən beş soyqırım aktından dördü törədilib: qrup üzvlərinin öldürülməsi, onlara ağır bədən xəsarətləri və ya psixi pozuntuların yetirilməsi, qrupun məhv edilməsinə yönəlmiş şəraitin məqsədli şəkildə yaradılması və doğumun qarşısının alınması.
Sənəddə İsrail liderlərinin bəyanatları və hərbi qüvvələrin fəaliyyəti soyqırım niyyətlərinin mövcudluğunun sübutu kimi göstərilib. İşğal olunmuş Fələstin ərazilərində bütün mümkün beynəlxalq humanitar hüquq və insan hüquqları pozuntularını araşdırmaq üçün yaradılmış Müstəqil Beynəlxalq İstintaq Komissiyası 2021-ci ildə BMT-nin İnsan Haqları Şurası tərəfindən təsis olunub. Hesabatda vurğulanır ki, soyqırım anlayışının hüquqi olaraq müəyyənləşdirilməsi üçün icraçının hərəkətləri konkret bir qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törətdiyi sübuta yetirilməlidir.
Komissiya bəyan edib ki, İsrailin prezidenti İsxak Hersoq, baş nazir Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant “soyqırıma təhrik ediblər”.
Bir sıra beynəlxalq və israilli hüquq müdafiə təşkilatları, BMT-nin müstəqil ekspertləri və alimlər də İsraili Qəzzada fələstinlilərə qarşı soyqırım törətməkdə ittiham ediblər.
İsrail isə bildirib ki, BMT-nin xüsusi komissiyasının hesabatı reallığa uyğun deyil.
“Associated Press”in məlumatına görə, İsrail Xarici İşlər Nazirliyi hesabatı “səthi və yalan” adlandıraraq qəti şəkildə rədd edib. Nazirlik həmçinin BMT ekspertlərini açıq-aşkar antisemit mövqedə olmaqda günahlandırıb və onları “HƏMAS-ın proksi qüvvələri” adlandırıb.
Məlumata görə, İsrailin Qəzzadakı hücumları nəticəsində təxminən 65 min fələstinli həlak olub. Aclıqdan ölənlərin sayı isə 400-ü keçib.
BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqları məsələləri üzrə xüsusi məruzəçisi Françeska Albanese isə Qəzzada mülki itkilərin miqyasının rəsmi rəqəmlərdən qat-qat çox ola biləcəyini bildirib.
Albanese sentyabrın 16-da Cenevrədə keçirilən brifinqdə deyib ki, hazırda yayılan 65 min rəqəmi həqiqəti əks etdirmir:
“65 min – bu, Qəzzada öldürülən fələstinlilərin rəsmi sayıdır və onların 75 faizdən çoxu qadınlar və uşaqlardır. Amma əslində biz 680 min rəqəmi üzərində düşünməliyik. Çünki bəzi alim və tədqiqatçılar real itkilərin bu qədər olduğunu hesab edirlər”.
Albanese əlavə edib ki, bu rəqəmi sübut etmək və ya təkzib etmək çətin olacaq, çünki müstəqil araşdırma aparan ekspertlərin hələ də bölgəyə girişinə icazə verilmir.
Onun sözlərinə görə, əgər bu göstərici təsdiqlənsə, ölənlərin təxminən 380 mini beş yaşadək uşaqlar olacaq.