Ülvi Həsənli: Şüvəlan İşgəncə Təcridxanası: “Onlar üçün dustaq həyatı milçək həyatı kimi bir şeydir”

Ülvi Həsənli: Şüvəlan İşgəncə Təcridxanası: “Onlar üçün dustaq həyatı milçək həyatı kimi bir şeydir”
25 Sentyabr 2025
Mətni dəyiş

“Arada bir televiziya kanallarında Şuşa həbsxanasındakı kameraları göstərirlər. Təsəvvür edin, Şüvəlandakı kameralar oradan pis gündədir. Biz o kameralara həsrətlə baxırıq”

Həbsxanalardakı sistemli işgəncə və korrupsiya faktları ilə bağlı növbəti müşahidələrimi yazmaq qərarına gəldim. Budəfəki hadisələr Bakının Şüvəlan qəsəbəsində yerləşən, xalq arasında “Şüvəlan türməsi” adlandırılan 3 saylı İstintaq Təcridxanasında baş verir.

Mən bu həbsxanada saxlanılmamışam, amma orada saxlanılan 30-dan artıq məhbusdan müsahibələr almışam, məlumatlar əldə etmişəm, faktları dəqiqləşdirmişəm və onların əsasında bu yazını hazırlamışam. Bu məlumatlar 2023-cü ilin dekabr ayından 2025-ci il may ayına qədər olan dövrü əhatə edir. Müşahidələrim bir il yarım davam edib. Həbsdə olduğum dövrdə, demək olar, bütün həbsxanalardakı vəziyyətlə bağlı məlumatlar əldə etmişəm. Elə bir müəssisə yoxdur ki, orada işgəncə və korrupsiya halları olmasın. Bəzilərində az, bəzilərində çox. Məhbusların dediklərindən bu qənaətə gəlmişəm ki, “Şüvəlan türməsi” Azərbaycanda ən ağır işgəncələrin və ən total korrupsiyanın həyata keçirildiyi 3 həbsxanadan biridir.

“Şüvəlan türməsi” iki hissədən ibarətdir. Məhbuslar şərti olaraq onları “aşağı” və “yuxarı” hissə adlandırırlar. “Aşağı hissə” hərəsi bir mərtəbəli olmaqla üç korpusdan, “yuxarı hissə” isə üç mərtəbəli olmaqla bir korpusdan ibarətdir. “Aşağı hissə”də əksəriyyət kasıb, kimsəsiz, yaxud rüşvət vermək istəməyən məhbuslar, “yuxarı hissə”də isə pul verib nisbətən yaxşı şəraitdə, adambaşına bir çarpayı olan kameralarda yer alan və ya ehtiyat etdikləri siyasi məhbuslar, nüfuzlu şəxslər saxlanılır. Yəni, burada məhbuslar təbəqələrə bölünüblər: Aşağı insan, ali insan (şudralar, brahmanlar). Əsl faşizm. Amma həqiqi gestapo rejimi hələ qabaqdadır. Həbsxananın üç mərtəbəli korpusuna yaxşı, imtiyazlı şəraitinə görə məhbuslar həm də “Titanik” deyirlər.

Bu yazıda “Şüvəlan türməsi”ndəki 3 əsas problemdən danışacağam: sistemli işgəncələr, korrupsiya halları və məhbusların ağır saxlanma şəraiti.

Həbsxanalardakı işgəncələrin icrasını, əsasən, rəis müavinləri həyata keçirir. Bakı İstintaq Təcridxanasında rejim nəzarət üzrə müavin Cavid Güləliyev və əməliyyat üzrə müavin Ceyhun Hacıyevin məhbusları döydüyü kimi. Şüvəlan təcridxanasında da işgəncələri rejim nəzarət üzrə rəis müavini Rasim adlı polkovnik-leytenant və əməliyyat üzrə rəis müavini, 1991-ci il təvəllüdlü İlkin Şirinov adlı mayor həyata keçirir.

Həbsxana rəisləri, müavinləri arasında yarış gedir. Kim daha qəddar, yeni işgəncə forması tətbiq edir? Hərəsi bir metodla ad-san qazanıb. Rəis müavini İlkin Şirinov da bu mənada məşhurdur. Onun ən seçilən işgəncə forması məhbusun qulağının pərdəsini partlatmaqdır. Yəni, bir insanı ömürlük kar etmək. İlkin Şirinovun 2 metrə yaxın boyu və idman cüssəli bədəni var. O, dustaqlara ən çox böyük əlləri ilə qulağından şapalaq vurur. Məhbuslar deyir ki, rəis müavini şapalaq vuranda dustaq ağzını açıq saxlamasa, qulağı partlayır. İlkin məhbusları hədələyən zaman fəxrlə deyir ki, “mən indiyə qədər 100-dən çox məhbusun qulağını partlatmışam. Elə eləmə səni də o vəziyyətə salım”. İlkin Şirinovun bu metodunu eşidən dustaqlar qulaqlarının partlamaması üçün rəis müavini şapalaq vuranda ağızlarını açıq saxlayırlar.

İlkin Şirinovun digər məşhur isgəncə növü dustaqları otağındakı 1 metr hündürlüyündəki şkafa salıb saatlarla orada saxlamaqdır.

Rasim adlı polkovnik-leytenant isə ən çox məhbusları korpusların girişindəki dəmir barmaqlıqlardan asır, saatlarla orada saxlayır.

“Elə bir gün yoxdur ki, ən azı bir nəfər döyülməsin. Ən azı bir nəfər aşağı korpusların birləşdiyi yerlərdəki dəmir “reşotka”dan qandalla asılmasın”, - dustaqlardan biri deyir.

Bu, o deməkdir ki, məlumatı topladığım 1 il 6 ay ərzində “Şüvəlan türməsi”ndə ən azı 550 işgəncə halı baş verib.

Rasim adlı polkovnik-leytenantın növbəti işgəncə metodu dustaqları toplu şəkildə plastik boru ilə döyməkdir. Məsələn, məhbuslar bildirir ki, dəhlizlərdə kimsə kiməsə salam versə, yaxud nəsə soruşsa və ya kimsə nəfəslikdən axşam başqa kamera ilə danışsa, bütün kameradakı məhbusları çıxarıb 2-3 santimetr diametri olan plastik boru ilə hamısını döyürlər.

“Şüvəlan türməsi”nin digər işgəncə kralı 1-ci korpusun rejim rəisi, təxminən 40 yaşında Orxan adlı mayordur. O da rəis müavinləri kimi dustaqları döyüb sonra dəmir barmaqlıqlardan asır. Təcridxanada hər korpusda 18 kamera var. Qayda ilə hər korpusda 70-80 nəfər saxlanılmalı olduğu halda, 1-ci korpusda 250 nəfər saxlanılır. Hansısa məhbus bu dözülməz şəraitə etiraz edirsə, Orxan və ya rəis müavinləri onu möhkəm döyüb sonra da qandalla dəmir barmaqlıqlardan asırlar. Əgər kimsə bu işgəncədən “peşman olursa”, tez canını qurtarmaq istəyirsə, rejim rəisinə 50-100 manat, bəzən də daha çox pul verib xilas ola bilir.

Məhbuslar deyir ki, həbsxana rəhbərliyinin hər addımı, hər oyunu dustaqlardan pul qoparmaq məqsədi daşıyır. Bu oyunlardan biri də budur: Təcridxanaya yeni gələn məhbusları hədələyirlər ki, səni 35 nəfərlik kameraya salacağıq, istəmirsənsə, 400-500 manat gətir. Məsələn, bu kameralardan biri 1-ci korpusun 5-ci kamerasıdır. Orada 34-35 nəfər saxlanılır. Kameranın ölçüsü isə 35 kv.metrdir.

Təhlükəsizlik səbəbilə məhbusların heç birinin adını qeyd edə bilmirəm.

“Adımı bilsələr, məni döyə-döyə öldürərlər. Onlar üçün dustaq həyatı milçək həyatı kimi bir şeydir. Öldürərlər və heç kim buna görə məsuliyyət daşımaz, cəza çəkməz”, - məhbus deyir.

Bu səbəbdən məhbusların açıqlamalarını anonim təqdim edirəm.

“Mən 10 ay 35 nəfərlik kamerada saxlanıldım. Bir neçə dəfə etiraz etdim ki, yerimi dəyişin, burada yaşamaq olmur. Hər dəfə İlkin və Rasim məni döydü. Ondan sonra qorxumdan səsimi çıxarmadım. Orada qalanda yatmağı yaddan çıxarmışdıq. Hərəyə bir plastik emulsiya vedrəsi vermişdilər. Ən xoşbəxt an o olurdu ki, hansısa divarın yanında yer tapıb, vedrəni yerə qoyub üstündə oturasan və divara söykənib mürgüləyəsən. Çarpayıda yatmaq istəyirsənsə, 500-1000 manatından keçib başqa kameraya köçürülə bilərsən”,  - təqsirləndirilən şəxslərdən biri bildirib.

Keçək yazının əvvəlində bəhs etdiyimiz ikinci problemə - korrupsiyaya. Bu həbsxanada hər addım puldur. Müəssisəyə gələn məhbusa ilk olaraq rəis müavini Rasim pullu kameralar təklif edir. Aşağı korpuslardakı kameralardan bəzilərini təmir ediblər. Onları 400-500, bəzən 700 manata təklif edirlər. Məsələn, 1-ci korpusun 14-cü kamerasının yeri kafelli, sanitar qovşağının üstü bağlıdır. Ona görə oranı adambaşı 700 manata satırlar. Məhbusun vəziyyəti də burada böyük rol oynayır. Pullu, yaxud böyük yeyinti ittihamı ilə həbs olunubsa, ona “Titanik”də yer təklif edirlər. Orada da qiymətlər fərqlidir. Məsələn, birinci mərtəbə 700-800 manat, dəniz mənzərəli 3-cü mərtəbə isə 1500-2000 manatdır.

Bu həbsxanalarda pullu televiziya kanallarına baxmaq istəyirsənsə, bunun da “yaxşı xərci” var. Kanal üçün 40-50 manat olan avadanlıq orada 150 manata verilir. Aylıq 10 manat ödəniş əvəzinə də yenə 150 manat ödəniş alınır. Əlavə olaraq da pullu televiziya kanallarına baxmaq istəyən kameraları məcbur edirlər ki, işlənmiş, köhnə televizorları həbsxana rejimindən 300 manat verib alsınlar.

Yay aylarında bu müəssisədə yaşamaq lap işgəncədir. Çünki at tövləsi olmuş kameralarda nə havalandırma sistemi var, nə də sərinkeş. Üstəlik günün ən isti vaxtlarında nəfəslik bağlı qalır, yalnız gecələr açılır. İstidən məhbusların ürəyi sıxılır. Nəfəs almaqda ciddi çətinlik çəkirlər, hətta huşunu itirənlər olur. Nəfəsliyin açılmasını istəyəndə də, rejim rəisləri dustaqlara deyirlər ki, ancaq rəisdən – Cəlil müəllimdən (red.: Cəlil Əliyev 3 saylı İstintaq Təcridxanasının rəisidir) icazə almaq lazımdır. Bunun da aylıq xərci 500 manatdır.

“Şüvəlan türməsi”ndəki üçüncü ən ciddi problem saxlanma şəraitidir. Təcridxanaya gələn dustağın ilk qarşılaşdığı yer “şmon” deyilən bölmədir. Orada məhbusları yoxlayırlar ki, üstlərində qeyri-qanuni əşya olmasın. Amma məqsəd həm də pul qoparmaqdır. Kimin üstündə pul varsa, onun böyük hissəsini əlindən alırlar. Sonra məhbus karantin deyilən yerə aparılır. Burada dustaqları qeyri-insani şəraitdə saxlayırlar. Dustaqlardan biri deyir ki, onu 7-8 kvadrat metr ərazisi olan, əslində 2 nəfərlik kameraya salıblar, amma orada 9 nəfər adam olub:

“Belə yerdə saxlamağın məqsədi də puldur. Məhbus imkanına uyğun pul verib oradan çıxsın. Mən gecəni ayaq üstə keçirdim”.

Başqa bir məhbus deyir ki, aşağı korpuslardakı kameralarda şərait acınacaqlıdır. Çarpayılar 70-80-ci illərdən qalıb:

“Arada bir kanallarda Şuşa həbsxanasındakı kameraları göstərirlər. Təsəvvür edin, Şüvəlandakı kameralar oradan pis gündədir. Biz o kameralara həsrətlə baxırıq. Döşəklər on illərdir təmizlənmir, dəyişdirilmir. Qan, çirk, ləkə, ifrazat, infeksiya. Mən qaldığım kamerada 14 çarpayı var idi. Hamısı bir-birinə birləşdirilmişdi. Kim harada gəldi yatırdı, gigiyena yoxdur. Üstəlik kamerada 24 nəfər qalırdıq. Hamı növbə ilə yatır. 14 nəfər yatır, digərləri oyaq qalır. Onlar da gündüz yatır. Beləliklə, bir gün gecə, bir gün gündüz yatırıq. Buna görə də hamının yuxu rejimi pozulub. Bu da dustaqların sağlamlığına, psixikasına təsir edir, ciddi fəsadlar yaradır”.

Dustaqlardan biri deyir ki, kameralarda hər cür həşərat tapmaq olar:

“Tarakan, böcəklər, siçan, siçovul, hətta ilanlar olur. Kameralarda tualetlərin üstü açıqdır. Bu da antisanitariya şəraiti deməkdir. Bağırsaq çöpünün kameraya yayılması deməkdir”.

Məhbuslar havasız şəraitdə saxlanılırlar. Kameralarda yalnız balaca bir pəncərə var, ona görə təmiz hava olmur. “Şüvəlan türməsi”ndə gəzinti də problemdir.

Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanunun 15-ci maddəsinə əsasən, Tutulmuş və ya həbs edilmiş şəxslər  hər gün iki saatdan az olmayaraq gündəlik gəzintiyə çıxarılmalıdır.

Amma “Şüvəlan türməsi”ndə bu müddət maksimum yarım saatdır. Hətta bəzən 5 dəqiqə açıq havada qalmağa imkan verirlər. Kim çox gəzmək istəyirsə, gərək rejim rəisinə pul versin.

Dustaqlara verilən yeməklər də çox pisdir. Məhbuslar deyir ki, verilən yeməkləri yemək mümkün deyil. Ona görə də yeməyin içindən noxudları, yaxud olanda toyuq ətini götürüb, suyunu atıb, onları yenidən bişirirlər. Ən imkansız məhbuslar belə bu yeməkləri yeyə bilmir.

Məhbuslardan biri deyir ki, “Şüvəlan türməsi”ndə dustaqlar insan kimi yaşamır:

“Fikirləşirəm ki, dünyanın heç bir ölkəsində bu dövrdə belə bir həbsxana olmaz. Heç heyvana belə münasibət göstərmək olmaz. Bu, əslində çox əvvəllər at tövləsi olub. Amma indi burada heç heyvan da qalmaz”.

Təcridxananın həyətində rəisin ferması da var. Onun şəxsi heyvanları orada saxlanılır: müxtəlif növ quşlar, toyuq-cücə, qoyun-quzu, donuz saxlanılır. Bu fermaya da məhbuslar qulluq edir.

Məhbuslar deyir ki, yoxlama, Ombudsman təcridxanaya gələndə ancaq “yuxarı hissə”yə - “Titanik” deyilən hissəyə aparılır:

“Bizim vəziyyətimizlə heç kim maraqlanmır. Ona görə həbsxana rəisi, müavinləri, rejim rəisləri dustaqların başına nə oyun istəyirsə, açır, hansı işgəncəni istəyirsə, verirlər. Burada vəziyyət belə ağır, dözülməz və özbaşınadır”.

Göründüyü kimi, “Şüvəlan türməsi”ndə belə bir ayrıseçkilik, qanunsuzluq, faşist-gestapo rejimi hökm sürür. Bu müəssisədən də işgəncə kralları siyahısına düşən əməkdaşlar var. Ümumilikdə isə Penitensiar Xidmətin işgəncə kralları siyahısı hər dəfə genişlənir:

Cavid Güləliyev – Bakı İstintaq Təcridxanası

Ceyhun Hacıyev - Bakı İstintaq Təcridxanası

İlkin Şirinov -  3 saylı İstintaq Təcridxanası

Rasim adlı polkovnik-leytenant - 3 saylı İstintaq Təcridxanası

Orxan adlı mayor - 3 saylı İstintaq Təcridxanası

Pərviz Quliyev (gizir) - Bakı İstintaq Təcridxanası

Kənan Orucov (rəis müavini) – 7 saylı Cəzaçəkmə Müəssisəsində rəis müavini
 

“Abzas Media” Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanası ilə bağlı iddilar haqqında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə sorğu göndərsə də, məqalə dərc olunanadək heç bir cavab ala bilməyib.

Yazının müəllifi: Ülvi Həsənli, "Abzas Media"nın direktoru

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun