Azərbaycan prezidenti İlham Əliyevin Birləşmiş Ştatlara səfəri müddətində Prezidentin Təhlükəsizlik Xidməti (PTX) əməkdaşlarının bir qrup etirazçıya qarşı zorakılıq etməsi ictimaiyyətin diqqət mərkəzində qalmaqdadır.
“Abzas Media”ya mövzu ilə bağlı müsahibə verən siyasi ekspert, Azərbaycan Xalq Parlamentinin sədri Ərəstun Oruclunun fikrincə, etirazçılara hücum edilməsi əmrini prezident İlham Əliyev verib.
“Düşünürəm ki, PTX Vaşinqtonda dinc etirazçılara, bəli, bunu xüsusi vurğulamağa ehtiyac var – dinc etirazçılara hücumu məhz İlham Əliyevin əmri ilə edib. Burada ikinci variant mümkün deyil. Bunun çox sadə izahı var. Hər kəs bilir ki, Təhlükəsizlik Xidmətinin hansı səlahiyyət çərçivələri var. Hətta həmin etirazçılar maneə yaratsaydılar və ya hansısa bir həddi keçən hərəkətə yol vermiş olsaydılar, onları dayandırmaq ABŞ polisinin işi idi.
Məsələ burasındadır ki, xarici ölkələrin dövlət nümayəndə heyətlərini müşayiət edənlər arasında onların təhlükəsizliyinə cavabdeh təkcə onların öz təhlükəsizlik xidməti olmur. Məsələn, Amerikada bu işə baxan digər bir qurum Secret Service deyilən, yəni, prezidentin, digər dövlət rəsmilərinin, eks prezidentlərin mühafizəsinə cavabdeh bir qurumdur. Yəni, hər bir halda Əliyev mühafizəçilərinin bu hərəkətinə baxsaq və nəzərə alsaq ki, bu hərəkəti koordinasiya edən və komanda verən də həmin o xidmətin rəhbəri Fərid Əsgərov idi, Fərid Əsgərov özbaşına elə qərar verə bilməzdi. Onun yeganə tabe olduğu şəxs İlham Əliyevdir və deməli, zorakılığı törətmək tapşırığını da İlham Əliyev vermişdi və burda da məqsəd mənə elə gəlir ki, bir güc nümayişi idi. Bu güc nümayişi ilə bağlı Azərbaycanda da təbliğat başladıldığını müşahidə etdik. Düzdür, bu təbliğat bir-iki gün çəkdi və belə təbliğatın heç bir bazası yoxdur. Təəssüf ki, Azərbaycanda elə bir hakimiyyət mövcuddur ki, onun özünəməxsus meyarları var və onun atdığı addımların heç birində rasionallıq yoxdur. O cümlədən də bu məsələdə heç bir rasionallıq yox idi. Əksinə, bu, biabırçılıq idi və bunun istənilən anda hər hansı fəsadları olacaq,” – Ərəstun Oruclu bildirib.
Zorakılıq edənlərin hər hansısa məsuliyyətə cəlb edilmələrinə gəlincə, Ərəstun Oruclu deyir ki, əgər insidentlə bağlı müvafiq qurumlara şikayət edilərsə, məsələ araşdırıla və hüquqi qiymət verilə, hətta aktı törədənlərə sanksiyalar da tətbiq edilə bilər.
“Əgər döyülənlər, zorakılığa məruz qalanlar, yəni, həmin o etirazçılar şikayət edəcəklərsə, şübhəsiz, bu, araşdırılacaq. Bu, nə Ağ Evdən asılıdır, nə başqa qurumlardan. Çünki, bu ölkədə - yəni Amerika Birləşmiş Ştatlarında polis Administrasiyaya tabe deyil. Məsələn, Vaşinqton ayrıca bir statusa malik olduğundan burada polis qüvvələri Merə tabedir. Hakimlər isə ümumiyyətlə, heç kimə tabe deyil. Əgər həqiqətən faktlar toplanılıb müraciət olunacaqsa və ya olunubsa, şübhəsiz ki, mütləq tədbir görüləcək. Amma nəzərə alsaq ki, müxtəlif məlumatlara görə, həmin hücumda iştirak edən Əliyev mühafizəçiləri məhz həmin gecə ABŞ-ni tərk ediblər, yəqin ki, burada ABŞ qanunverici orqanlarının, daha doğrusu, qanunun tətbiqi orqanlarının maksimum gücü onların ölkəyə girişinə qadağa tətbiq etməyə çatar. Əgər zərərçəkmişlər ABŞ Konqresinə müraciət edərlərsə və buna istər beynəlxalq təşkilatlar, ilk növbədə hüquq-mühafizə təşkilatları, istərsə Azərbaycan təşkilatları ictimai dəstək verərsə, məsələ hətta Konqres vasitəsilə sanksiyalara qədər gedib çıxa bilər. Bu, mümkündür.
Azərbaycan hüquq-mühafizə orqanları isə istəsələr də, belə bir şey edə bilməzlər. Çünki onlar özbaşına deyil ki, onlar hansısa hadisə ilə bağlı iş açsınlar, nəsə araşdırma aparsınlar. Amma formal baxımdan belə ola bilər: tutalım ki, ABŞ-də cinayət işi açırlar, Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət olunur ki, adamlar sorğulansın, sorğulanmalar göndərilsin. Bu halda da siyasi hakimiyyət, konkret olaraq İlham Əliyev səviyyəsində hüquq-mühafizə orqanlarına tapşırıq verilməsə, bunlar heç bir addım atmayacaqlar. Hətta adi bir sorğulama, hər hansı ifadə almaq və bunu təqdim etmək kimi işləri eləməyəcəklər. Mənim buna zərrə qədər də şübhəm yoxdur və inanmıram ki, onlar bunu eləyərlər. Hüquqi baxımdan isə hadisə Azərbaycan Respublikasından kənarda baş verib, Azərbaycan hüquq-mühafizə orqanlarının bu məsələ ilə bağlı özlərinin sərbəst şəkildə təhqiqat aparmağa, iş açmağa və yaxud hansısa hüquqi addımlar atmağa səlahiyyətləri yoxdur, qanun buna imkan vermir, bildiyim qədər,” – Ərəstun Oruclu əlavə edib.
Siyasi ekspert PTX əməkdaşlarının davranışının bu qurumda boşluqları ortaya çıxardığını isə düşünmür. Onun fikrincə, baş verən hadisədən sonra sözügedən əməkdaşlar cəzalandırılmayacaq, əksinə mükafatlandırıla da bilərlər:
“PTX əməkdaşlarının davranışı qurumda boşluqların olduğunu göstərir desək, yanlış dəyərləndirmiş olarıq. Bu, onu göstərir ki, bu qurumun özünün fəaliyyət meyarları yanlışdır. Çünki onlar özünü qoçu kimi aparıb, onların funksiyası bu deyil. Onların funksiyası yalnız və yalnız prezidentin həyatına, sağlamlığına potensial təhlükə yarandıqda onu qorumaqdır. Onların vəzifəsi etirazçılara hücum eləmək deyil. Amma biz bilirik axı, bu qurum, onun yaradılması faktik olaraq kriminal yollarla həyata keçirilib və ona görə də bu qurumun davranışında kriminal elementlər yetərincədir. Zaman-zaman bu qurumun müxtəlif əməkdaşları haqqında, onların cinayət əməlləri haqqında hələ təkcə mətbuata çıxan materiallar bunu deməyə əsas verir ki, bu qurum kriminallaşmış qurumdur.
Həmin qurumda kiminsə cəzalandırılacağını düşünmürəm. İlham Əliyev insanlara divan tutan polisi, Tərtərdə 14 adamı öldürən prokurorları, generalları nəinki cəzalandırmır, hətta vəzifədə yüksəldirsə, açığını deyim, bu hadisədən sonra hansısa təhlükəsizlik xidməti əməkdaşları mükafatlandırılsa, onlara yeni rütbələr, hansısa medallar verilsə, şəxsən mən təəccüblənmərəm. Çox güman ki, belə də olacaq”.
"The Washington Post" qəzetinin yazdığına görə, Vaşinqton Baş Prokurorluğu insidentin araşdırılması barədə qərar verib.
Vaşinqton polisinin sözçüsü Tom Linçin sözlərinə görə, departamentin xüsusi əməliyyatlar bölməsinin, ABŞ Gizli Xidmətinin üzvləri Azərbaycan təhlükəsizlik əməkdaşlarının cəlb olunduğu insident vaxtı hadisə yerində olublar. O, polisin insidentə müdaxilə edib-etmədiyi, sözügedən cangüdənlərin fevralın 19-da gecə ABŞ-də qalıb-qalmadığı barədə bir söz deməyib. Sözlərinə görə, məsələ ilə Dövlət Departamenti məşğul olur.
Ərəstun Oruclunun fikrincə, məsələnin sonadək araşdırılması ictimai reaksiyadan asılıdır.
“Prokurorluq iş açıbsa, o, mütləq davam edəcək. Dediyim kimi, burada həm də ictimai reaksiyadan çox şey asılıdır. Çünki Amerika Birləşmiş Ştatları ərazisində bu cür hərəkət etmək ilk növbədə ABŞ Konstitusiyasına, ABŞ qanunlarına, ABŞ dövlətinə hörmətsizlikdir. Prosesə təkan məsələsinə gəldikdə isə mənim sədri olduğum Azərbaycan Xalq Parlamenti artıq bu məsələni müzakirə etməyə başlayıb və biz ABŞ Konqresinə müraciət edəcəyik ki, Konqres bu məsələ ilə bağlı araşdırma aparsın və konkret günahkarları taparaq onlara müəyyən sanksiyalar tətbiq eləsin. Bunu hamılıqla eləsək, təbii ki, cavabı da olacaq,” – Ərəstun Oruclu bildirib.
Müsahibəni apardı: Cəsur Məmmədov