Həftənin hərbi-siyasi icmalı: Azərbaycanın hərbi sirlərini bilən general Ermənistanda çalışacaq – İsraillə hərbi əməkdaşlıqda problem gözləntisi

Həftənin hərbi-siyasi icmalı: Azərbaycanın hərbi sirlərini bilən general Ermənistanda çalışacaq – İsraillə hərbi əməkdaşlıqda problem gözləntisi
22 Mart 2026
Mətni dəyiş

Ermənistan yarana biləcək mümkün təhdidləri aradan qaldırmağa yönəlmiş yeni milli təhlükəsizlik konsepsiyası hazırlamalıdır. Bu barədə İsrail Hava Hücumundan Müdafiə Qüvvələrinin keçmiş komandanı, ehtiyatda olan briqada generalı Zvika Haimoviç bu həftənin cümə günü Ermənistan mediasına verdiyi müsahibədə bildirib.

O, Ermənistanın hava müdafiəsi imkanlarını “ölüm-dirim məsələsi” adlandıraraq 2020-ci il Qarabağ müharibəsindən çıxarılan dərslərin nəzərdən qaçırılmamalı olduğunu vurğulayıb.

Mediada yayılan məlumatlara görə, rusiyalı oliqarx və baş nazir postuna namizədliyini irəli sürmüş Samvel Karapetyanın qrupu təqaüddə olan İsrail generalı Zvika Haimoviçi “Güclü Ermənistan” partiyasının təhlükəsizlik qrupunun müşaviri kimi təqdim edib. Bildirilir ki, Haimoviç İsraildə Azərbaycanın bu ölkədən hava hücumundan müdafiə sistemləri və döyüş dronları aldığı dövrdə xidmət edib.

Haimoviç müsahibəsində 44 günlük münaqişə zamanı Ermənistanın hava məkanının, xüsusən də pilotsuz uçuş aparatlarının (PUA) zəifliyinə diqqət çəkərək bunun ciddi ziyana səbəb olduğunu bildirib.

“Səmaların təhlükəsiz olmaması və yeni təhdidlərin, xüsusən də dronların ciddi ziyan vurması danılmazdır”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, bu cür risklər nəzərdən qaçırılmamalıdır:

“Əgər müəyyən biliklərə sahibsinizsə, onlardan dövlətin və onun maraqlarının xidmətində istifadə olunmalıdır”.

Haimoviç 2022-ci ildə “The National Interest” dərgisində dərc olunan müəllif məqaləsində 2020-ci il Qarabağ müharibəsində Azərbaycanın PUA-lardan və müasir hava hücumundan müdafiə texnologiyalarından istifadə edərək əldə etdiyi üstünlüyü yüksək qiymətləndirmişdi.

Erməni mətbuatına müsahibəsində o, daha effektiv qurulmuş müdafiə sisteminin müharibənin nəticəsini dəyişə biləcəyini iddia edib və bunu “çox dramatik” adlandırıb. O bildirib ki, “Güclü Ermənistan” partiyasının təhlükəsizlik müşaviri kimi əsas məqsədi ölkə üçün müasir strateji çərçivənin formalaşdırılmasına töhfə verməkdir.

“Biz gələcək çətinliklərə və təhdidlərə tab gətirə biləcək yeni konsepsiya və modellər üzərində işləyirik. Güc və sülh bir-biri ilə bağlıdır. Yalnız güclü ölkə sülhə nail ola bilər”, - deyə o əlavə edib.

Haimoviçin fikrincə, Ermənistan gələcək təhdidlərə qarşı effektiv mübarizə aparmaq üçün hava hücumundan müdafiə sistemini yenidən nəzərdən keçirməlidir.

Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan sosial mediada paylaşdığı videoda məsələyə münasibət bildirərək rusiyalı oliqarxın İsrail generalını öz qrupuna cəlb etməsini tənqid edib. O, bunu Ermənistanın siyasi sahəsinə xarici hərbi fiqurun daxil edilməsi cəhdi kimi qiymətləndirib və hətta Haimoviçin müdafiə naziri postuna namizəd ola biləcəyini istisna etməyib.

“Görünür, onun nə Ermənistan vətəndaşı, nə də erməni olmaması onlar üçün fərq edir”, - deyə Rubinyan bildirib.

O, bu addımı tənqid edərək qrupun Ermənistana suveren dövlət kimi deyil, özəl idarə olunan qurum kimi yanaşdığını iddia edib:

“Bu, rüsvayçılıqdır. Eyni zamanda, təəccüblü deyil, çünki İsrail generalının Ermənistanla Rusiya oliqarxı qədər əlaqəsi var. O, hətta vətəndaşı olmasa da, baş nazir vəzifəsinə namizəd kimi təqdim olunur”.

Zvika Haimoviç kimdir?

Zvika Haimoviç 2015–2018-ci illərdə İsrail Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı vəzifəsində çalışıb. Onun həmin dövrdə Azərbaycana və ya Ermənistana səfər edib-etməməsi ilə bağlı açıq mənbələrdə məlumat yoxdur.

“The Jerusalem Post”da dərc olunan yazıya görə, briqada generalı Zvika Haimoviçin aerokosmik və müdafiə sahəsində 30 ildən artıq təcrübəsi var. O, hava və raket müdafiəsi sahəsində xidmət etməklə yanaşı, birləşdirilmiş və qurumlararası əməliyyatlar üçün strategiya, siyasət və planların hazırlanmasında geniş təcrübəyə malikdir.

General Haimoviç İsrail Hava Qüvvələrində xidmət etdiyi müddətdə Hava Hücumundan Müdafiə Məktəbində, Döyüş Sahəsi Komandanlığında, IAF Hava Hücumundan Müdafiə Diviziyasında TRADOC (Təlim və Doktrina) şöbəsinin rəhbəri və Aktiv Müdafiə Qanadı və Səma Müdafiə Qanadının komandiri kimi müxtəlif vəzifələrdə çalışıb.

O, yüksək intensivlikli münaqişələrdə əməliyyat təcrübəsi ilə yanaşı, “Iron Dome”, “Arrow 3”, “David’s Sling”, “Anti Drones Concept” kimi sistemlərin idarə olunmasında iştirak edib. Bu sistemlər İsrailin çoxpilləli raketdən müdafiə sisteminin əsas komponentləridir.

Haimoviç həmçinin İsrailin Qəzza zolağında həyata keçirdiyi “Bulud sütunu” (2012) və “Sarsılmaz qaya” (2014) əməliyyatları zamanı Aktiv Müdafiə Qanadının komandanı olub.

Son illərdə o, təhlükəsizlik, kiber və özəl sektor üzrə bir sıra aparıcı şirkətlər üçün strateji məsləhətçi kimi fəaliyyət göstərir, həmçinin milli təhlükəsizlik və geosiyasi təhlil, dinamik mühitdə təcrübəsinə əsaslanan liderlik təqdimatları və dəyişikliklərə rəhbərlik sahəsində ekspert çıxışları ilə tanınır.

 

Azərbaycan–İsrail hərbi əməkdaşlığında ziddiyyət?

Haimoviçin İsrail Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı olduğu dövrdə Azərbaycan İsraildən “Barak-8” zenit-raket kompleksləri və müxtəlif radar sistemləri əldə edərək hava məkanını gücləndirib. Bu kompleksləri Azərbaycan Müdafiə Nazirliyi ilk dəfə 2016-cı ilin dekabrında nümayiş etdirib.

“Barak-8” sistemləri həm dəniz, həm də quru versiyalarında təyyarələr, helikopterlər, gəmiəleyhinə raketlər, PUA-lar, ballistik və qanadlı raketlər, döyüş təyyarələri daxil olmaqla müxtəlif hava təhdidlərinə qarşı istifadə olunur.

Bununla yanaşı, Azərbaycan müxtəlif hava hədəflərinin aşkarlanmasını təmin etmək üçün İsrailin EL/M-2080 “Green Pine” radarlarından və ümumi hava hücumundan müdafiə sisteminə inteqrasiya olunmuş digər radar modellərindən istifadə edir. Müxtəlif mənbələrdə “Green Pine”ın inkişafında Haimoviçin rolunun olduğu qeyd edilir.

Bir sıra ehtimallara görə, Zvika Haimoviçin Ermənistanın siyasi arenasında aktivləşməsi Azərbaycan və İsrail arasında son 15 ildə güclənən hərbi-texniki əməkdaşlığın müəyyən aspektlərinin deşifrə olunması risklərini artıra bilər.

Hərçənd Haimoviç dövlətlərarası müqavilələrin imzalanmasında birbaşa iştirak edən rəsmi şəxs olmasa da, onun rəhbərlik etdiyi sistemlər və sonrakı hərbi analizləri bu əməkdaşlığın mərkəzi komponentlərindən hesab olunur. Eyni zamanda, onun rəhbərliyi altında inkişaf etdirilən bir çox hərbi texnologiyalar Azərbaycanın hərbi arsenalında mühüm yer tutur.

Hazırda isə Haimoviç Ermənistana 2020-ci il müharibəsindəki məğlubiyyətdən dərs çıxararaq yeni hava hücumundan müdafiə strategiyası qurmaqda kömək edir.

İnformasiya sızıntısı riski varmı?

Mövcud vəziyyət ziddiyyətli görünür: bir tərəfdən İsrailin yüksək rütbəli hava hücumundan müdafiə generalı Azərbaycanın istifadə etdiyi sistemlərin yaradılmasında iştirak edib, digər tərəfdən isə o, indi Ermənistana bu sistemlərdən necə qorunmaq və ya analoji müdafiə qurmaq barədə məsləhətlər verməyə hazırlaşır.

Haimoviç eyni zamanda Azərbaycanın arsenalındakı İsrail silahlarının potensial “zəif nöqtələrini” bilən şəxslərdən biri hesab olunur. Bu isə onun Ermənistan tərəfinə tövsiyələrinin Azərbaycanın hərbi taktikasının yenilənməsini zəruri edə biləcəyi ehtimalını gündəmə gətirir.

Belə bir vəziyyət Azərbaycan–İsrail hərbi əməkdaşlığında problemlər yarada bilərmi? Bu proses iki ölkə arasında keçmiş və mövcud hərbi sirlərin Ermənistan tərəfinə sızmasına səbəb ola bilərmi?

Müşahidələr göstərir ki, diplomatik səviyyədə müəyyən narazılıq yaranması mümkün görünsə də, bu faktorun iki ölkə arasındakı strateji hərbi-texniki əməkdaşlığı ciddi şəkildə sarsıdacaq qədər güclü olması ehtimalı aşağı qiymətləndirilir.

Eyni zamanda aydındır ki, əgər Azərbaycan İsraildən ən müasir hava hücumundan müdafiə sistemlərini əldə edirsə, bu sistemlərin “zəif nöqtələrini” və ya işləmə alqoritmlərini bilən mütəxəssislərin rəqib tərəfə (Ermənistana) məsləhət verməsi həmin silahların effektivliyinə təsir göstərə bilər.

Beynəlxalq silah ticarətində geniş yayılmış “Non-Compete” (rəqabət etməmə) qaydası belə halların qarşısını almağa yönəlib. Bu qayda yüksək rütbəli hərbçilərin və mühəndislərin təqaüdə çıxdıqdan sonra müəyyən müddət ərzində (bəzən 2-5 il) rəqib ölkələrə məsləhət verməsini məhdudlaşdıra bilər.

Bununla belə, ola bilər ki, mümkün sızıntı risklərinin qarşısını almaq üçün Azərbaycanın İsraillə bağladığı hərbi-texniki müqavilələrdə məxfilik və eksklüzivlik bəndləri də yer alır.

Zvika Haimoviç “Abzas Media”nın məsələ ilə bağlı sorğusuna cavabında bildirib ki, o, təhlükəsizlik üzrə müşavir deyil, seçki kampaniyası çərçivəsində Ermənistanın milli təhlükəsizlik strategiyasının formalaşdırılmasına dəstək vermək məqsədilə prosesə qoşulub:

Onun sözlərinə görə, silah sistemlərinin satışı ilə məşğul olmur, bu sahədə satışları təşviq etmir və müvafiq şirkətləri təmsil etmir:

“Heç bir taktiki və ya texniki məsələ ilə məşğul deyiləm. Bu, yalnız siyasi seçki dəstəyi xarakteri daşıyır və bundan artıq bir şey deyil”.

Haimoviç vurğulayıb ki, regional sülh sabitlik, iqtisadi inkişaf və təhlükəsiz sərhədlərin qorunması üçün doğru yoldur.

“Bu, ölkələr arasında yaxşı qonşuluq şəraitində yaşamağın yoludur”, - deyə o əlavə edib.

Haimoviç vurğulayıb ki, seçki kampaniyasına qoşulması yalnız qeyd etdiyi müddət və məqsədlə məhdudlaşır və bundan kənar hər hansı fəaliyyətə qoşulmaq niyyəti yoxdur.

Müəllif: Cəsur Məmmədov 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun