
Hafiz Babalı
“Abzas Media işi” çərçivəsində həbs edilən araşdırmaçı jurnalist
Müəllif səhifəsinə keçHafiz Babalı 1971-ci il sentyabrın 9-da İsmayıllı rayonunun Mücü qəsəbəsində anadan olub. Orta təhsilini Sumqayıt şəhərində başa vurub. 1992–1996-cı illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Evlidir, 3 övladı var.
Hafiz Babalı hələ tələbəlik illərində müxtəlif qəzetlərlə çalışmağa başlayıb. Jurnalist fəaliyyətinə 1992-1994-cü illərdə “Metallurq” qəzetində tərcüməçi, 1994–1997-ci illərdə isə “Günay” qəzetində müxbir olaraq başlayan Hafiz Babalı 1997-ci ilin avqustundan Turan İnformasiya Agentliyində çalışıb.
Hafiz Babalı 2016-cı ildə Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədr müavini təyin edilib.
32 ildən çox müstəqil media orqanlarında çalışan Hafiz Babalı xüsusilə korrupsiya araşdırmaları ilə tanınıb. O, apardığı araşdırmalarda ölkə elitasının korrupsioner əməllərini və çirkli pulların yuyulmasını ifşa edib. Hafiz Babalının korrupsiya araşdırmaları müxtəlif beynəlxalq hesabatlarda yer alıb. Bu fəaliyyətinə görə dəfələrlə hədələnib, təzyiqlərə məruz qalıb.
2019-cu ilin avqustunda Norveçin “Fritt Ord” təşkilatının təsis etdiyi “Azad media” mükafatına layiq görülüb. Mükafat Hafiz Babalıya gəlir və korrupsiya məqsədilə törədilən cinayətlər barədə yazıları, Azərbaycan və beynəlxalq ictimaiyyətə siyasi elitada korrupsiyanın mövcud olduğunu göstərən araşdırmalarına görə verilib.
Fəaliyyəti ərzində onun araşdırmaları müxtəlif media orqanlarında, o cümlədən “Azadlıq Radiosu”, “Meydan TV” və “Abzas Media”da dərc edilib.
Hafiz Babalı 2023-cü il noyabrın 27-də “Abzas Media” əməkdaşlarına açılan cinayət işi çərçivəsində Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib.
““Abzas Media”nın rəhbərlərinin barəsində açılan cinayət işi çərçivəsində şahid qismində dəvət etmişdilər. Mən özüm “Abzas Media”dan araşdırma yazılarımın yayılması üçün platforma kimi istifadə etmişəm. Bu araşdırmalar ətrafında mənə suallar verilmədi. Suallar “Abzas Media”nın fəaliyyəti, mənim onlarla əməkdaşlığımın çərçivələri, əsasən maliyyə ətrafında olan məsələlər barəsində idi. Eyni zamanda mənim jurnalist kimi fəaliyyətim, dolayısı ilə gəlir mənbələrim haqda suallar verildi”, - jurnalist mətbuata müsahibəsində bildirib.
Hafiz Babalı dekabrın 12-də eyni iş üzrə təqsirləndirilən şəxs kimi saxlanılıb. Onun evində axtarış aparılıb.
“Abzas Media”nın digər əməkdaşları kimi, onun barəsində də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olma) maddəsi ilə cinayət işi açılıb.
2023-cü il dekabrın 14-də Xətai Rayon Məhkəməsi jurnalist barəsində 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib. İbtidai istintaq zamanı onun həbs müddəti dəfələrlə uzadılıb.
Hafiz Babalı ittihamları qəbul etməyib, həbsinin “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı siyasi sifariş əsasında olduğunu bildirib.
Beynəlxalq insan haqları təşkilatları, o cümlədən “Amnesty International”, Avropa Jurnalistlər Federasiyası, Jurnalistləri Müdafiə Komitəsi və ABŞ Dövlət Departamenti Babalının həbsini qınayaraq onun azad edilməsini tələb ediblər.
Hafiz Babalı həbsi dövründə bir sıra hökumətyönlü media orqanlarını məhkəməyə verib. Jurnalist bu addımını həbs edilərkən həmin media orqanlarında barəsində şər və böhtan xarakterli materialların yayımlanması ilə izah edib. Bu məqsədlə o, “Baku TV”, “Qafqazinfo”, “Report.az”, “İki sahil”, “ATV” və digər media orqanlarını məhkəməyə verib. Lakin bir ildən çox çəkən prosesdən sonra məhkəmə onun şikayətini təmin etməyib.
“Diqqətinizi hüquq-mühafizə orqanlarının tənqidi jurnalistikaya qarşı sifarişli, “səlib yürüşü” miqyası almış kütləvi həbs dalğası fonunda bir çox media nümayəndəsinə, o cümlədən mənə münasibətdə yerli mətbuatda yayımlanan qərəzli, birtərəfli və böhtan xarakterli, işgüzar nüfuza xələl gətirmək, ən əsası, ictimaiyyətin gözündən salmaq, ləkələmək niyyəti güdən genişmiqyaslı “qara PR” kampaniyasına cəlb etmək istərdim.
Bu əxlaqdan kənar kampaniya ilə mən məhdud imkanlarım daxilində məhkəmə formatında mübarizə aparıram. Düzdür, məhkəmələr böhtançıların vəkili rolunda çıxış edir, amma bu, başqa söhbətin mövzusudur”, - Hafiz Babalının Azərbaycan Respublikasının Audiovizual Şurasına və 
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə (MEDİA) ünvanladığı müraciətində qeyd edilib.
O, müraciətində bir sıra xəbər saytlarının onun barəsində birtərəfli və böhtan xarakterli yazılar yazmasından bəhs edib və dövlət qurumlarını bu məsələni araşdırmağa çağırıb.
20 iyun 2025-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda Hafiz Babalı 9 il müddətinə azadlıqdan məhrum edilib.
Apellyasiya Məhkəməsi və Ali Məhkəmə bu hökmü qüvvədə saxlayıb.
Hafiz Babalı məhkəmədəki çıxışlarından birində belə deyib:
“Əminəm ki, 1937-ci ilin repressiyalarını törədən canilər - kommunistlər və NKVD-çilər kimi - biz jurnalistlərə qarşı siyasi terrorda əməyi keçən müstəntiq və prokurorlar, ən əsası sifarişçilər də tarix və ədalət məhkəməsi qarşısında cavab verəcəklər. Azərbaycan xalqı isə onları adbaad tanıyacaq və lənətləyəcəkdir”.


