Məhəmməd Kekalov

Məhəmməd Kekalov

“Abzas Media işi” üzrə həbs edilən sosial sahibkar, ictimai fəal

Məhəmməd Kekalov 2001-ci il fevralın 6-da Zaqatalada anadan olub. 2006-2017-ci illərdə Zaqatala rayonu Humanitar Fənlər Gimnaziyasında təhsil alıb. 2018-ci ildə ABŞ-də 9 aylıq FLEX proqramını bitirib və HBS CELP təqaüdçüsüdür.

2019-2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili alıb. 2022-ci ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr təhsili alıb.

Məhəmməd Kekalov hələ tələbəlik illərindən sosial biznes və ictimai fəaliyyətlə məşğul olub. O, təsisçisi və direktoru olduğu “Kekamaps” layihəsi çərçivəsində Bakının inklüziv olmayan yerlərini işarələyən xəritə proqramının üzərində işləyib. Layihənin məqsədi Azərbaycanda əlilliyi olan şəxslər uyğun şərait yaratmaq olub. 

Həmçinin fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan “Kekalove Adaptive Fashion” geyim brendini yaradıb.

Məhəmməd Kekalov 2020-ci ildə hələ cəmi 19 yaşında ikən “Big IDEA Challenge” müsabiqəsi üzrə “Kekalove” startapı ilə Dünya Çempionu olub.

Kekalov eyni zamanda fiziki məhdudiyyətli insanların hüquqları ilə bağlı maarifləndirici işlərlə də məşğul olub.

Məhəmməd Kekalov 2023-cü il noyabrın 20-də “Abzas Media işi” çərçivəsində saxlanılıb. Mülki geyimli şəxslər onu evindən zorakılıqla aparıb, 2 gün müddətində ondan ümumiyyətlə xəbər almaq mümkün olmayıb. Yalnız saxlanılmasının üçüncü günündə hüquq-mühafizə orqanları Məhəmmədin yerini açıqlayıb və ailəsinin tutduğu vəkilə onunla görüşmək imkanı verilib.

Həmin görüşdə gənc fəal ailəsinin tutduğu vəkildən imtina edib və dövlətin onu vəkillə təmin etdiyini deyib. O, bu sözləri deyərkən polis müstəntiqi yanında olub və vəkilin təkidinə baxmayaraq, onların şəxsi görüşünə icazə verilməyib. Sonradan Məhəmməd ifadəsində təzyiq altında vəkilindən imtina etməyə məcbur qaldığını açıqlayıb.

Vəkillə bu görüşdən sonra Məhəmməd Kekalovdan xəbər almaq mümkün olmayıb. İbtidai istintaq dövründə onun heç bir hüququ təmin edilməyib, dövlətin ona ayırdığı vəkili həbsilə bağlı apellyasiya şikayəti belə verməyib.

Məhkəmə istintaqı zamanı Kekalov ibtidai istintaqda verdiyi bütün ifadələrdən imtina edib, onları psixoloji zorakılıq və təhdidlər altında verdiyini bildirib. Bununla belə, məhkəmə onun ilkin ifadələrini nəzərə alıb.

20 iyun 2025-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda Məhəmməd Kekalov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi  və Ali Məhkəmə bu hökmü qüvvədə saxlayıb.

O, məhkəmədəki son sözündə deyib:

“Bu gün sərt etiraz etdiyim yeganə məqam qanunun aliliyinin əsas

qoruyucusu olan məhkəmə hakimiyyətinin bu zaldakı nümayəndələrinin xalqın etimadına əsaslanaraq, öz vicdanları ilə, qanun çərçivəsində müstəqil və qərəzsiz hökm verə bilməməsidir”.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun