“Artsax” alması - İlqar Aydın (hekayə)

“Artsax” alması - İlqar Aydın (hekayə)
7 October 2021
Mətni dəyiş

On yeddi yaşıma qədər azərbaycan dilini yaxşı bilmirdim. Rusdilli ailədə böyümüş, orta məktəbin rus bölməsini bitirmişdim, üstəgəl, uşaqlıq dostlarım, hətta, qonşularımız rusdilli idi. Hamı ilə rusca danışırdım. Azərbaycanca səliqəli danışanlara paxıllıq edirdim. Amma yenə də, diqqətlə dinləyir, hər sözü incələyir, anlayandan sonra o cümlələrə aşiq olurdum. Məsələn, ilk dəfə “Hər kəsin öz haqqı var“ cümləsini eşidəndə o cümlə mənə romantik gəlmişdi. O vaxtdan bəri, bu cümləni yerli-yersiz işlədirəm...

“Metis” olduğum üçün heç vaxt “vətən, millət, xalq” kimi məsələlərə qarışmırdım. Çünki fərqli din və irqlərdən olan qohumlarımız toyda-yasda bir araya yığışanda millətə və dinə aid mövzular açılırdı, belə söhbətlərin sonu da adətən dava-dalaşla bitirdi. Mən də özümə söz vermişdim ki, belə şeylərə qarışmayacam. Çünki “hər kəsin öz haqqı var” idi.

Məktəbdə “vətənpərvərlik” təbliğatı edildiyi vaxtlarda özümü qəribə hiss edirdim. Vətənpərvər olmadığımı düşünürdüm, amma bunu açıq deməyə qorxurdum.

Xırdalanda böyümüşdüm. Bu şəhərə qarşı ziddiyyətli hisslər yaşayırdım. Xırdalan başqa şəhərlərdən heç nə ilə fərqlənmirdi. Sıradan bir post-sovet qəsəbəsi idi. Boz beşmərtəbə binaları və parkı var idi. O qəsəbəyə rəng və əyləncə qatan ancaq sakinləriydi. Daima baş verən oğurluqları, davaları, qız qaçırmaları, qətlləri və təbii ki, toyları ilə. Orada yaşayanda bir məsələni çıxmaq şərti ilə heç nədən qorxmurdum. Bir qorxum var idi, o qorxunu da  nənəm canıma salmışdı...

Bir gün nənəm mənə başına gələn hadisəni danışmışdı. Elə bu hekayə mənə vətənpərvər olmadığımı açıq söyləməyə mane olurdu. 90-lardakı milliyətçi təxribatlar vaxtı bəzi qruplar əllərinə silah alıb, küçələrə tökülürdü. Türk olmayanların evinə girib, ev sahibini döyüb, evindən asanlıqla qova bilirdilər. Elə həmin ərəfədə bu dərd bizim qapımızdan da yan keçməmişdi. 

Babam ölkələrarası “tır” sürücüsü olduğu üçün il ərzində bir, ən çoxu iki həftə evdə olur, qalan ayları yolda keçirirdi. Həmin gün də evdə yoxmuş. Evimizə silahlı adamlar  girəndə onların qarşısına nənəm çıxır. Altı uşağı qoruma yanğısı və qorxu ona cəsarət veribmiş. Evinə girən silahlı adamlar otaqları gəzib, evdə kişi axtarırmışlar.

Nənəm onlardan nə istədiklərini soruşur.

- Azərbaycanı düşmanlardan təmizləyirik! - Bəs, bizdən nə istəyirsiniz? - Sizin azərbaycanlı olmağınıza şübhə var!

O anda nənəm əlində “Kalaşnikov” avtomatı olan adama yaxınlaşır. Silahın lüləsindən tutub, qucağında ağlayan uşağın alnına dirəyir. Uşağın ad, soyadını və ata adını söyləyərək, atəş açmağını tələb edir. Silahlı adam bir addım arxaya çəkilir, silahını uşaqdan aralayaraq, hamıya evdən çıxmaq əmri verir. Bu hadisədən sonra heç kim heç vaxt bizim evə yaxın gəlmir.

Bunu ilk dəfə nənəmdən eşidəndə tüklərim biz-biz olmuşdu. Özümə gələndən sonra nənəmə sual vermişdim.

- Uşaqların adı Azərbaycan adları olmasa idi, o anda eyni hərəkət edəcəkdin?

- Bilmirəm. Elə bil, həmişə hiss edirdim ki, nə vaxtsa belə bir şey olacaq.

O hadisədən sonra bütün uşaqlarına, mən daxil olmaqla daimi azərbaycanlı olduğumuzu söyləyirdi. Məhz buna görə, vətənpərvər olmadığımı kiməsə söyləməyə qorxurdum, qorxurdum ki, yenə də qapımıza kimsə gələ bilər...

Hərbi xidmətə həmişə marağım olub. Ümumiyyətlə, Xırdalanda heç nə baş vermədiyi üçün şəhərə sakinlər özləri öz hekayələri ilə  rəng qatırdılar. Çayxanalarda saatlarla “əfsanəvi əsgərlik” hekayalərini danışan adamları dinləyirdik. Bu söhbətlərin səmimiliyinə inanırdım deyə ordu, əsgərlik həyatı məni cəlb edirdi. Məktəbi bitirdikdən sonra ali təhsil imtahanlarına yetərincə bal yığmamışdım. Yığdığım balın üstünə iki- üç min atmalı idim ki, harasa qəbul olum. Pulumuz olmadığından, mən də bütün kasıb uşaqlar kimi oturub, əsgər getməyimi gözləyirdim...

Fikirləşirdim ki, əsgərlikdən sonra mən də o biri uşaqlar kimi Rusiyaya gedib, işləyə bilərəm. Sonra pul yığıb, Xırdalana qayıdaraq, burda biznes quraram. Üstəlik, mənim Rusiyada iyirmi ildən çox yaşayan əmim var idi, mənə kömək edərdi...

On səkkiz yaşım tamam olan kimi hərbi xidmətə cağırış vərəqəsi gəldi. Bir ay müddətində hərbi komirsarlığa yaxınlaşmağımı tələb etdilər. İki gündən sonra hamı ilə sağollaşıb, yola düşdüm. Qatara minənə qədər hara düşdüyümü bilmirdim. Qatarda “Beyləqan” deyiləndə, başımdan tüstü çıxmışdı. Elə son on səkkiz ay boyunca da o tüstü başımdan əksik olmadı. 

“Haramı düzü” adlanan ərazi dünyadakı cəhənnəmi təmsil edirdi. Yay aylarında hava od tutub yanırdı, qışda isə, ümumiyyətlə, dünyadan xəbərimiz olmurdu. Beyləqanın hava şəraiti azmış kimi, bəzi “taborları” cəbhə bölgəsinə düşürdü. Elə oraları görmək də mənə qismət imiş. Aylar boyu düşmən kölgəsini arxamda hiss edəndə, tanrıya “bu dəfə də ölməyim” duasını edirdim...

Güc-bəla ilə hərbi xidmətimi bitirib, evə qayıtmışdım. Növbəti addım Rusiyaya gedib, əmim kimi yeni həyat qurmaq idi. İyirmi yaşımı qeyd edirdik. Birdən telefon zəngi gəldi.. Əmim idi. Arzu və ürək sözlərini diləyəndən sonra, məndən nə istədiyimi soruşdu. Mən isə onun yanına gəlmək istədiyimi söylədim. Növbəti gün mənə pul göndərib, xarici pasportumu düzəltməyimi tapşırdı...

Günlər sonra bir daha zəng vurub pasportumun hazır olduğunu dəqiqləşdirdi. Sonra isə  biletimi alıb, yola düşəcəyim tarixi söylədi. Beləliklə, qohum-əqraba ilə bir daha sağollaşıb, yeni həyat qurmaq üçün ilk addımımı atdım.

...Rusiyanın Orenburq vilayətinin Orsk şəhəri çox qəribə yer idi. Buranın təməli “Stalinin represiyaları zamanı” qoyulmuşdu. Bura Xırdalandan heç çür fərqlənmirdi, üç günlük qatar yolundan sonra, elə bil, yenidən Xırdalanda düşmüşdüm. Sadəcə sakinlər fərqliydi və daha sərt hava vardı. Oktyabrdan qar yağmağa başlayır, apreldə əriyirdi. Hə, bir də, yayda beş gün “dəli” külək əsirdi, qazaxlar o küləyə “beş qardaş” deyirdi. Elə ruslar da. İlk gün külək sadəcə əsirdi, ikinci gün isə qarşına çıxan hər şeyi havaya qaldırırdı, digər üç günü ya leysan, ya da ki, dolu yağdırırdı.

Şəhərin milli koloriti çox gəşəng idi. Fərqli millətlər var idi, qeyd etdiyim repressiya qurbanların qohumları burada yaşamağa davam edirdi. Orskda macar, polyak, alman və yəhudi əsilli adamlar yaşayırdı. Bizlər, qafqaz və orta asiya xalqları da ki, “qara” işlərlə məşğul idik. Alver, fəhləlik, təmizlik...

Mən hərbidə olduğum müddətdə Xırdalanda əmimin toyu olmuşdu. Yadımdadır, rüşvət verib, məni məzuniyyətə çıxartmaq istəyirdi ki, toyuna gəlim. Cəbhə bölgəsində əskərlik çəkdiyimə və və kəşfiyyatçı-radiotelegraf olduğuma görə, mümkün olmamışdı. 

Əsgərlikdən qayıdanda əmimin boşandığını eşitdim. Niyə evləndi, niyə boşanmışdı? Nə isə, cavan adam idim, əmimin könül, arvad işləri ilə beynimi çox yormamışdım. Mənə nə var idi, kim niyə evlənir, niyə boşanır? 

Orskda əmimi görəndə çox təcübləndim. Uşaqlıqda gördüyümü nəzərə almasaq, demək olar ki, birinci dəfə idi onu görürdüm. Şəkildəkindən fərqlənirdi. Uzun boyu, bir az artıq çəkisi vardı, yekə ətli qulaqları və iri burnu adama qəribə təsir bağışlayırdı. Bir az qıyıq gözlərinə baxanda isə atamın gözlərini görürdüm. Qəribə yerişi vardı. Ayaqları sağlam olsa da, axsayırmış kimi gəzirdi. Ucadan gülən, söyüşkən bir adam olmuşdu. 

İlk gün əynində gördüyüm qara “futbolka” fəsil tanımırdı, hətta mənə elə gəlirdi ki, əmi futbolkanı heç vaxt çıxarmır. Amma evinə gedəndən sonra gördüm ki, əmimin eyni rəngdə və modeldə şkaf dolusu “futbolkası” var. Əmimdən qalacağım yeri soruşdum. Dedi ki, bir müddət onunla qalım, işə başlayım, pul qazanıb bir az özümü tutum, sonra kirayəyə çıxım.

Maşında idik, mənimlə deyib-güləndən sonra özünü gəribə aparmağa başladı, sanki, nəsə deməyə utanırdı, mənə elə hiss etdirirdi. Mən də gözümü ona zilləyib “buyur eşidirəm” danış mimikası almışdım. Siqaret çəkib-çəkmədiyimi soruşdu.

- Çəkirəm, - dedim. Amma səni narahat edirsə, yanında çəkməyə bilərəm.

Çibindən siqaret çıxartdı, mənə uzadaraq, birini də onun üçün çıxatmağımı istədi, çıxarıb, yandırdım. 

Birdən o dedi:

- İqoş, sən uşaq deyilsən də, maşallah, əsgərlik də çəkmisən. - Hə, niyə ki? - Biz indi gedəcəyimiz evdə mənim həyat yoldaşım var, hamilədir. Aramızda qalsın, olar?

Təəccüblənsəm də, üstünü vurmadım.

- Narahat olma, nə dedinsə, odur.

Sağ əlini roldan buraxıb, başımı qaşıdı. Bərk gülüb, yoluna davam etdi.

On beş gün sonra əmimə dedim ki, daha onunla qalmaq istəmirəm. Onun hamilə yoldaşı məndən qorxurmuş kimi davranırdı. Bu on beş gün içində o qadının əvvəlki ərindən olan qızını, yəni əmimin ögey qızının üzünü də görmədim, mən orda olduğum müddətdə qız otaqdan çıxmırdı.

Rusiyaya gələndə, elə bilirdim ki, əmimlə bir yerdə işləyəcəyəm. Amma o mənə meyvə-tərəvəz topdansatışında fəhləlik işi tapmışdı. İyirmi yaşım vardı, çox arıq idim, bəzən mənə elə gəlirdi ki, daşıdığım kisələr məndən qat-qat ağırdı. Alma, banan yeşikləri, kartof-soğan kisələri daşıyırdım. On-on beş kisədən sonra ayaqlarım, daha sonra isə bütün bədənim əsməyə başlayırdı.

Amma cavanlıq öz sözünü deyirdi. Enerjim tez yerinə gəlirdi, ovqatım həmişə şən olurdu. İşimin çətin olmasına baxmayaraq, müştərilərlə həm siqaret çəkməyə, həm də zarafat etməyə vaxt tapırdım. Müştərilərilərimiz məndən çox məmnun idi. Müdiriyyətlə danışanda, məni göstərib, “yaman zirək, dilli uşaqdı, buna yaxşı bir iş ver” deyirdilər.

Üç ay sonra  müdir məni otağına çağırdı. Müdirlə o günə qədər mənim yerimə ancaq əmim danışmışdı. Birinci dəfə idi ki, yanımda əmim olmadan kiminləsə danışacaqdım, çox həyacanlı idim. Yadıma düşdü ki, əmim müdirimlə danışanda onun qabağında babat əzilib-büzülmüşdü. Mən elə edə bilməyəcəkdim və qorxurdum ki, bu, müdirin xoşuna gəlməz. 

Otağa girdim, üst-başım toz-torpaq olduğuna görə, dəri kürsüyə oturmadım. Müdir özü ayağa qalxıb, yanıma gəldi: - Utanma bala, halal zəhmətin toz-torpağı olar – deyib, çiynimdən basaraq, məni kresloya otuzdurdu. Özü isə masanın küncünə gedərək, telefonu qaldırdı, əli ilə dəstəyi örtüb, məndən nə içmək istədiyimi soruşdu.

- Varsa, bir dənə kofe içərəm, - dedim. - Bir kofe, mənə də armudu stəkanda çay, - deyib, müdir dəstəyi yerə qoydu.

- İlqar bala, sənə baxanda, elə bil, özümü görürəm. Sənin yaşında mən də belə arıq idim. İndi müdir olmağıma baxma, bu vəzifəyə gəlib çıxmaq üçün nə qədər əziyyət çəkmişəm, bir Allah bilir.

Gülümsədim, düzünü desəm, onu özüm kimi arıq təsəvvür emək çətin idi. Arıq, uzun ayaqların üstündəki yumru qarnı çox məzəli görünürdü. İri, ətli yanaqları, sanki lazımından uzun qolları vardı. Üzü çox nurlu idi. Bilmirəm, bəlkə, “həci” olduğuna görə, gözümə belə görünürdü, amma üzü həqiqətən çox xoş idi, nazik, səliqəli qaşları, qaşın altında uzun kirpikli, iri, qara gözləri adama xoş təsir bağışlayırdı. Qıvrım saçlarını səliqə ilə yana daramış, saqqalını qəşəng vurdurmuşdu. Üz dərisi ağ  olduğu üçün, dodaqların çəhrayi rəngi özünü o dəqiqə biruzə verirdi. - Maşallah, müştərilərimizə neyləmisənsə, hamı səndən danışır. Cəld uşaqsan, işinə məsuliyyətli davranırsan. Alıcılar hər axşam səndən danışır, nədir sənin sirrin? Gülümsəyərək, sakitçə dinləyirdim. Məndən nə istədiyini anlamırdım. Suallar beynimi gəmirirdi. Birdən qapı açıldı, əlində məcməi tutmuş xəzinədarımız Olya xanım içəri girdi. Olya xanımın incə ayaqları, narıncıya boyanmış saçları, adamın gözlərini qıcıqlandıran qırmızı rəngə boyanmış dodaqları vardı. Müdir tez ciddi sifət alıb, Olya xanımdan məcməini masanın üzərinə buraxmağını xahiş etdi. Xəzinədar xanım üzümə nəsə qəribə bir tərzdə gülümsəyib, otağı tərk etdi. Müdir pıçıltı ilə, - Əsas da bu. Bu Olya kimdən şikayət edirsə, həmin dəqiqə bilirəm ki, həmin adam öz işini görür. Mənə zəng edib, deyir ki, sən onun işinə qarışırsan. Deyir, ondan qabaq hesablama aparıb, müştəriyə yekun məbləği söyləyirsən. Bir halda ki, belə tez hesablama apara bilirsən, müştəri ilə dil tapma bacarığın var, bəlkə elə satıcı işləyəsən? Nə isə, get evə. Bir gün dincəl, səhəri günü yaxşı, təmiz bir paltar geyin, üz-gözünə əl gəzdir, gəl, otur dükanda, malı sat... Tez yerimdən atılaraq, müdürün əlini sıxdım, sağollaşıb, otaqdan çıxdım. Düzünü desəm, vəzifədən çox evə getməyim məni daha çox sevindirmişdi. İki gün sonra işə satıcı kimi gəldim. Bütün personal daxil, müştərilərimizin hamısı mənim təzə işimi təbrik elədilər. Bəziləri hətta bir-iki şüşə gətirib, şərəfimə qədəh qaldırdılar. Gənc idim, hər təklifə açıq olduğum üçün içki içənlə içir, siqaret çəkənlə çəkirdim. Söhbət etmək istəyən müştəri ilə söhbət edirdim. Bu xüsusiyyətim mənə daha çox alıcı gətirirdi və növbəti üç aydan sonra, yenidən müdiriyyətin otağına dəvət olundum.

Bu dəfə müdir mənimlə çox ciddi danışırdı. - Necəsən, İlqar bala? - Yaxşıyam, sağ olasız, İlkin müəllim.. - Əvvəla, sənə təşəkkür edirəm. Məni peşman etmədin. İkincisi, İlqar bala, bilirsən ki, mənim başqa şəhərlərdə də obyektlərim var, oralara da nəzarət etməliyəm, bu aralar işlərim yaman çox olur. İndi səni çağırmağıma məqsədim odur ki, səni bura müdür təyin edim. Başqa işlərinə görə, uzun müddət şəhərdə olmayacam. Buranı da sənə tapşırmaq istəyirəm. Sənə güvənirəm, oğul, məni bu işdə də peşman eləmə. Nəyi bilməsən, mənə zəng vur, soruş, oldu?

Sonra ayağa qalxıb, mənə əlini uzatdı, mən də əlimi uzadanda, mənə bərk-bərk sarılıb, yola saldı.

Təzə vəzifəmi alanda, bərk sevindim.  Xoş xəbəri vermək üçün əmimə zəng elədim. Dedim ki, axşam gəlib, məni işdən götürsün, şad xəbərim var. Axşam anbarı bağlayanda, əmim qapıda idi. Mənə evə yox, bağa gedəcəyimizi söylədi. Həftə sonuydu, dedi ki, bağda kabab çəkib, yeyib-içmək havası var. Dedim ki, elə xəbəri də bağda, süfrə başında verərəm. 

Bağa gəldik. Əmimin yoldaşı masa qurmuşdu, üzərində təzə doğranmış xıyar, pomidor, göyərti, isti çörək və fərqli turşular var idi. Əmim öz qara futbolkasını çıxarıb, manqalı yandırmağımı istədi və bir az sonra içəridən əlində şişə çəkilmiş ətlərlə gəldi. 

Şişləri manqala düzüb, masadan buz kimi araq şüşəsini götürdü, qabağına iki balaca qədəh qoyub, arağı süzdü. Qədəhləri başımıza çəkdik, üzümüzü turşudub, hərəmiz bir duzlu xiyar dişlədik. Əmim qədəhləri bir də doldurub, birini mənə uzatdı... - Hə, İqoş, indi de görüm, nə xəbərdi belə? Əlimin dalı ilə dodağmdan süzülən duzlu xiyarın suyunu silərək, gözlərimi qıydım:

- Hə, heç nə, - dedim. - Müdir oldum. - Nə oldun? - Müdir oldum. Bu gün İlkin müəllim məni yanına çağırdı. Şəhərdə uzun müddət olmayacaq. Ona görə məni öz yerinə qoyub, getdi... Əmim bu dəfə qədəhini mənimlə toqquşdurmadan, başına çəkdi... - Sən də razılaşdın? - Hə, nə olub ki ki? - Başın xarabdı sənin? Camaat on beş il işləyir, işi öyrənir, təcrübə qazanır. Sonra yuxarı vəzifəyə keçir. Sən üç gündür gəlmisən, müdir olmusan? Bu işin min dənə bicliyi var, bilirsən bunları? - Neyləyim ki? İlkin müəllim dedi, mən də razı oldum. Qədəhimi qaldırıb, mən də içdim. Arağın açılığını udmaq üçün əlimi yenə duzlu xiyara atdım... - Məni biyabır edəssən, kişini isə peşman... - Əşşi, nəysə...Onsuz da, hələ dəqiq deyil... Əmi kefimə soğan doğramağı bacarmışdı. Telefonu götürüb, taksi sifariş verdim. Əmim hara getdiyimi soruşdu. Dedim ki, mühasiblə görüşə getməliyəm. Tələsik bağdan çıxdım. Özü on beş il fəhlə işləyəndən sonra başqa, yuxarı işə keçən əmimin mənə paxıllıq etdiyini düşündüm və qərara gəldim ki, bundan sonra daha onunla heç bir xəbəri bölüşməyim. Fəhlə işlədiyim vaxt, Anuş adlı erməni əsilli müştərimiz var idi. Yaxınlıqdakı bazarlardan birində pərakəndə meyvə-tərəvəz satırdı. O, mənə unutduğum qorxularımı qaytarmışdı. ,Əsgərlikdə “düşmən” kölgəsi görüb qorxduğum kimi, Anuşu da görəndə, narahat olurdum. Anuş məndən iyirmi yaş böyük idi, bəstə boyu, arıq canı, şabalıdı rəngdə qısa saçları var idi. Arıq olduğuna görə idi yəqin, cəld qadın idi. Anbara pişik kimi, elə sivişib girirdi ki, necə gəldiyini görmürdüm. Anbara girir, hər yeri eşələyib, daha sonra arxadan əlini belimə qoyur, yarısı qızıldan olan dişlərini göstərib, gülürdü. 

Hər dəfəsində qorxudan yerimdən atlanırdım, o isə gülməkdən yoxa çıxan gözlərinin yaşlarını silib, uzun burnunu göbəyimə dirəyirdi. Qırx yaşında olmağına baxmayaraq, mənimlə öz yaşıdım kimi davranırdı. Arada mənə konyak, şokolad və bahalı ətirlər hədiyyə gətirirdi. Mən isə, öz növbəmdə ona endirim edir, ya da tərəzidə olan məhsulun çəkisini az deyirdim. Dostluğumuz hər ikimizə sərf edirdi.

Anuş  həyat yoldaşı Levonla gələndə mən onlara yaxınlaşmağa cürət etmirdim. Anuş mənə əri haqqında  çox danışmışdı. Levon soyuqqanlı, heç kimnən ünsiyyət qurmayan bir tip idi. Arvadı kimi balacaboy adamdı, qaşları həmişə çatıq, üzündə daima bir tutqunluq olurdu. Alnını qırış basmışdı. Dükana gələndə, əlləri adətən paltosunun cibində, heç kimlə danışmadan, Anuşun satıcılarla söhbətinə tamaşa edirdi.  

Anuşla tez-tez işdən kənar söhbətlər edirdik. O mənə Levonun hekayəsini danışandan sonra, ərinin niyə ünsiyətcil olmadığını anlamışdım. Anuş özü Orenburqdan idi, elə buralarda böyüyüb, özünə həyat qurmuşdu. Həyata qarşı heç bir kini və incikliyi yox idi. Levon isə, Sumqayıtdan köçüb gəlmişdi, o vaxtın qanlı hadisələrindən sonra, özünə qapanmışdı. Anuş deyirdi ki, Levon azərbaycanca yaxşı bilir, amma and içib ki, ömründə heç vaxt nə bir azərbaycanlı ilə ünsiyyət quracaq, nə də o dildə bir kəlmə kəsəcək.

Artıq müdir idim, işçilərim var idi, ona görə istədiyim hər şeyi edə bilərdim. Öz otağımda saatlarla oturub hesablamalar aparır, pəncərədən boylanaraq alıcılar ilə salamlaşır, siqaret çəkmək üçün isə, digər müdirlərin toplandığı əraziyə gedirdim. Sadəcə, o biri müdirlərdən fərqim onda idi ki, mən hər cümə günü fəhlələrə öz maaşımdan 300 rubl verirdim, əvəzinə onlar həftəsonu nə halda olsalar da, işə gəlməli idilər. Çünki, Rusiyada bu sistem çox çətin işləyirdi, bütün müdürlərin işçiləri cümə günləri işdən gedib, bazar ertəsi qayıdırdı. Mənim işçilərim isə, yaratdığım sistemə görə hər gün işdə olurdu. Bu sistemi də, mənə Anuş öyrətmişdi.

Bir gün otağımda oturub sənədlərə baxdığım zaman, telefon zəng çaldı. Dəstəyi götürəndə, “podratçı”mdan cəlbedici təklif aldım. Bazara təzə, ucuz və keyfiyyətli alma gəldiyini dedi. Adətən, aldığımız italyan almasından fərqlənmədiyini söyləyib, qiymətcə qat-qat ucuz olduğunu vurğuladı. Düşünmədən bu təklifi qəbul edib, bir konteyner sifariş verdim. Pulunu köçürüb, almaların gəlməyini səbirsizliklə gözləməyə başladım. Nəhayət, beş gün sonra almalar gəlib çıxdı. Dadına baxmadan, vitrinin önünə yığdırdım. Yeşikləri çox gözəl olduğu üçün, içindəkilərinə şübhə etməmişdim. Təzə kəsilmiş və lakla boyanmış yeşiyin içindən pis alma çıxmaz, düşündüm. Üstəlik, hər yeşiyin üstü səliqəli kağızla örtülmüşdü. Həmin gün dükanı böyük bir həvəslə açdım. 

Cümə günü idi, pərakəndə mal satan alverçilərin həftəlik alış-veriş günü olduğundan, səbirsizliklə oturub, siftəni gözləyirdim. Bazar açıldı və müştərilər maşınlarla əraziyə daxil olmağa başladılar. Bizim ticarət mərkəzi, Orsk şəhərin çıxışında yerləşirdi. Burada yüzdən çox anbar var idi. Təxminən bir futbol meydançası qədər əraziydi. Özbəkistandan meyvə-tərəvəz, Vyetnamnan kələm və bibər, Əfqanıstandan kartof-soğan, Tacikistandan quru mevə, cərəzlər gətirirdilər. Mənim anbarımda isə müxtəlif mallar var idi, bananlar, almalar, limon, armud, portağal, Misir kaftofu... Ərazidə dolaşan maşınları salamlayıb, əlimlə anbara dəvət edirdim. Gələn hər kəs almaya yaxınlaşır, sərfəli qiymətini və görünüşünü bəyənirdi. Amma növbə dadına baxmağa gələndə, işin “zibili” çıxdı. Mən almaları dadına baxmamış almışdım. Sən demə, üzdən gözəl-göyçək bu almaların dadı gübrəli “parnik” xıyarından fərqlənmirmiş. 

Qiyməti ucuz olduğu üçün, hər alverçi cəmi bir yeşik alıb, çıxdı. Təssüfləndim, ümidimi gələn həftəyə saxladım, çünki şənbə-bazar günləri bizim ticarət mərkəzi işləmirdi, daha çox məhsullarımızı  satdığımız bazarlar işləyirdi. Bir həftə keçdi, anbarımdakı alma yeşikləri yerdindən tərpənmədi. Qonşu anbarlara yarı qiymətə payladım, heç kim satmağı bacarmadı. Məni qorxu basdı. Bütün konteynerin ödənişini öz cibimdən etməli olacaq, beş- altı ay maaşsız qalacaqdım... Dərd içində oturub, siqaret çəkə-çəkə fikirləşirdim. Artıq iki həftə idi ki, almalarıma heç kəs yaxın durmurdu. Birdən qapıya kölgə düşdü, başımı qaldırıb baxanda, Anuşun qızıl dişlərini gördüm, Anuş hər güləndə  gözləri yoxa çıxıb, dişləri isə bütün üzünə yayılırdı. Əlində növbəti hədiyyəsi var idi. Qanqaraçılığı bir az unutmağa çalışaraq, gülümsəyə-gülümsəyə otaqdan çıxdım, qucaqlaşdıq, bir-birimizdən hal-əhval tutduq. 

Anbarda gəzişərək danışırdıq, Anuş adəti üzrə bütün malları eşələyib, söhbət arası qiymətlərini soruşurdu. Sıra gəlib almalara çatdı, udqundum, Anuş əlini yeşiyə ataraq: - Bu nədir, nə qəşəngdir, sizinkidi, Quba almasıdı? - Yox, əşi. Sizinkidi, - ironiya ilə dedim. 

  • Bizimki, Ermənistandan?
  • Yox, Qarabağdan, - yenə ironiya ilə dedim.
  • Artsaxdan?! Aa, orda alma nə gəzir? 

Anuşun söhbəti ciddiyə aldığını düşünüb, onunla bir az da məzələnmək istədim.

  • Bilmirsən, başlayıblar da. İtaliyadan erməni əsilli bir iş adamı var, gedib Qarabağdan xeyli torpaq alıb, alma ağacları əkib. Bir-iki ildir ki, bar verir. Mən də bilmədim ordandı, bir konteyner aldım. İndi azərbaycanı müştərilərimiz acığa düşüb, “erməni alması satırsan” deyib, yaxın durmurlar. Bir konteyner mal qalıb boynumda...

Anuşun gözləri parlayırdı. Bir az da doluxsunmuşdu. Həm çox xoşbəxt, həm də qayğılı görünürdü. Mənsə qəfil fərqinə varmışdım ki, zarafatımda çox dərinə getmişəm, burdan dönüş çətin olacaq... 

- Sənə oldu, İlqarcan, niyə kefin pozuldu?

Kefim doğrudan da pozulmuşdu. Zarafat kimi başladığım söhbəti yalana çevirmişdim, belə də davam etməli idim.

- Anuşcan, burada onsuz da bizim dostluq etdiyimizə görə məni çox qınayırlar. İndi də bu Qarabağ alması...

  - Qələt edir səni qınayan. Həll edərik. Ver mənə o almadan beş- altı yeşik. Göndərərəm bizimkilərə, bazara, baxarlar. Bəyənsələr, xeylisini elə özümüz götürüb, satarıq. 

Fəhlələri çağırdım. Altı yeşik alma çəkdirdim, qəbzini yazıb, Anuşu bərk qucaqlayaraq, yola saldım. Özüm isə, onun hədiyyə verdiyi konyakı açaraq, şüşənin boğazından içməyə başladım. Yalanım bilinəndə nə olacaq? O qaraqabaq, sosiopat Levon gəlib, başımı əzəcək. Ay allah, nə zibilə saldım özümü. Əşşi, eybi yoxdur, deyərəm zarafat elədim, gülüb keçərik...

Axşam düşdü, anbarı bağlayıb evə getdim. Bir az konyakım qalmışdı, onu içərək, yerimə uzandım, telefonuma zəng gəldi. Anuş idi. - Buyur, Anuşcan...? - İlqarcan, alma bazara gedib çatmadı, burdakı qohum-qonşuya payladıq, getdi. Artsax alması olduğunu biləndə, hamısı istədi. Sabah Levon gəlib səndən yenə alacaq. Saxla bizim üçün, yaxşı? - Baş üstə Anuşcan, mütləq saxlayacam, gecən xeyrə... Səhər oyanıb, bir qəhvə içərək işə qaçdım, həyəcanlı idim. Qapıya çatanda Levonu gördüm, “Qazel”dən düşüb, mənə sarı gəlirdi. Gözünü üzərimdən çəkməyərək düz üstümə yeridi. Qorxumdan udqunmuşdum ki, o, birdən gülümsədi. Birinci dəfə idi ki, onun güldüyünü görürdüm. Yaşadığım çaşqınlıqdan ayılmamış, Levon qəfildən təmiz azərbaycan dilində:

  • İlqarcan, qardaşcan, aç anbarı, aç alma alaq!- dedi. 

Anbarı açdım, fəhlələr Levonun gətirdiyi “Qazel”lərə alma yeşiklərini daşıdığı vaxt, biz siqaret yandıraraq, bir qıraqda dayanıb, çəkirdik. 

- Anuş mənə sənin haqqında çox danışıb. Deyir, sən çox yaxşı adamsan. Onun güçlü hissiyatı var, yaxşını pisdən seçə bilir.

- Təşəkkür edirəm Levon, siz də yaxşı insana oxşayırsız. Anuş mənə də sizin haqqınızda yaxşı şeylər danışıb. - Həə...danışar, danışar. Nə qədər qalıb bu almadan? - Levoncan, Anuşa da dedim, sizə də deyim, bir konteyner almışam, heç kim yaxın durmur... - Qorxma, biz hamısını alacağıq. Lap yaxşı getsə, bir konteyner də sifariş edərik... - Təşəkkür edirəm Levoncan, siz məni həqiqətən xilas etdiniz...

Həmin gün Levon iki “Qazel” dolusu alma aldı. Ödənişini edib, əlimi sıxaraq, yola düşdü. Axşama yaxın bir də zəng elədi, dedi ki, nə qədər qalıbsa, hamısını saxlayım, sabah gəlib, alacaq.

Levon sabah da gəlib, almanın qalanını aparandan sonra qəribə hisslər keçirirdim. Bir tərəfdən sevincimdən özümə yer tapmırdım. O qədər dadsız almanı ziyana düşmədən satmağı bacarmışdım. Amma, yenə də həyacanlı idim. Bu məsələnin bir “əmma”sı çıxacağına şübhəm yox idi...

Levon gedəndən sonra düz on gün ondan xəbər çıxmadı. Daha beş gün keçdi. Yavaş-yavaş bütün həyacanım, qorxularım yoxa çıxmışdı. Düşünürdüm ki, bəlkə də almanı alanlar düşünüblər ki, Qarabağda hava sərindi, orda alma tam yetişmir. Amma bununla barışıblar ki, dadsız olsa da, özümüzünküdü, “Artsax alması”dı... 

Hər şeyi unudub, yenidən gündəlik həyatıma qayıtmışdım. İşə gəldim, anbarı açıb, işçiləri salamladım. Yaxındaki çayxanaya getdim, qəhvə sifarişi verdim, siqaretimi yandırıb pəncərədən ticarət mərkəzinin ərazisinə baxırdım. Başımı çevirib, ofisianta ödənişi indi edəcəyimi söyləyən zaman yerimdə donub qaldım, az qalmışdı ki, siqaretimi də udum. Tez özümü yığaraq, ayağa qalxdım. Levon əlində iki qəhvə fincanı mənə tərəf gəlirdi. 

O, fincanın birini mənim, birini də öz qarşısına qoyub, oturdu. Qalxıb, əlini sıxdım. Levon cibindən siqaret qutusu çıxarıb, birini damağına qoyaraq, cibindən alışqan axtarmağa başladı. Qorxudan məni əsməcə tutmuşdu. Levon əvvəlki kimi qaşqabaqlı və soyuq görünürdü. Vəziyyəti yumşaltmaq üçün tez özüm söhbətə başladım... -Necəsiz, Levoncan? Nə vaxtdır görünmürsünüz, hər şey yaxşıdır? Levon damağındakı siqareti sağa-sola yellədərək, axır ki, alışqan çıxarıb, yandırdı. Sonra düz gözümün içinə baxdı. Boğazını arıtladı, birdən mənim danışdığımdan daha təmiz azərbaycan dilində danışmağa başladı: - İlqarcan, iyirmi ildən çoxdur ki, bu dildə danışmırdım. And içmişdim ki, bir daha heç vaxt azərbaycan dilində kəlmə kəsmərəm. Başıma gələn hadisələri yəqin ki, Anuş sənə danışıb. O vaxdan özümə söz verişdim ki, bir daha heç vaxt azərbaycanlılara inanmaram, güvənmərəm. Bilirsən, səninlə niyə danışmağa başladım?  

  • Niyə, - qorxa-qorxa soruşdum.
  • Düşündüm ki, sən təmiz azərbaycanlı deyilsən. Boğazında “David ulduzu boyunbağı” gördüm. Anuş da dedi ki, “metis”sən. Dedim ki, təmiz azərbaycanlı olmayan biri ilə söhbət eləmək mənim andımı pozmaz. Amma işə bax, yenə də aldandım. Amma ən gülməlisi odur ki, səni də özününkülər aldadıb...
  • Bu, nə deməkdir ki?
  • Qardaşım Novotroitskdə, bazarda alver edir. Bu almaları sənə verən podratçıya da, başqa azərbaycanlı topdanmalçılara da bu Moldova almalarını bir qubalı satıb. Özü də “Quba alması” adı ilə...

İlqar Aydın

Hekayə Salaam Cinemanın təşkilatçılığı və yazar Günel Mövludun mentorluğu ilə keçirilən “Yazı sənəti labaratoriyası” layihəsi çərçivəsində yazılıb.

AbzasMedia

Related News

Subscribe to stay updated