ADR sədri Qubad İbadoğlu və xanımı "Bandotdel"də saxlanılır

ADR sədri Qubad İbadoğlu və xanımı "Bandotdel"də saxlanılır Foto: musavat.com
23 July 2023
Mətni dəyiş

Hərəkatın ofisində axtarış aparılacağı bildirilir 

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu həyat yoldaşı İradə Bayramova ilə birlikdə saxlanılıb. 

Onların Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (Bandotdel) gətirildiyi bildirilir. Bu barədə Q. İbadoğlunun qızı Jalə Bayramova Abzas Media-ya məlumat verib. O bildirib ki, valideynləri bu gün saat 3-də ADR-in Sumqayıt şəhərində keçiriləcək gənclərlə görüşü üçün yola düşüblər. 

"16:40-da vəkil Zibeydə Sadıqovaya zəng ediblər ki, atam "Bandotdel"ə gətirilib və müdafiəsi üçün ora getməlidir. Hal-hazırda atam və anam "Bandotdel"dədir. Polislər atamdan ofisin açarını alıb orada axtarış aparmağa gedirlər" - Jalə Bayramova bildirib.

Jalə güman edir ki, atasının saxlanılmasına səbəb ADR Hərəkatının fəal olması, hökumətin onu təhlükə kimi görməsi ilə bağlıdır. 

ADR Hərəkatının İdarə Heyətinin üzvü Ellada Məmmədli Abzas Media-ya bildirib ki, ofisdə axtarış aparılması ilə bağlı məhkəmə qərarının olub-olmadığından xəbərsizdir. 

"Qubad bəyin qardaşı Qalib Toğrul ofisə yollanır. Ona polisdən zəng ediblər ki, ofisin açarın gətirsin, axtarış aparacaqlar" - E. Məmmədli bildirib. 

DİN mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Abzas Media-ya bildirib ki, Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib. Araşdırma aparılır. Nəticələrlə bağlı əlavə məlumat veriləcək.

Azərbaycan Demokratiya və Rifah Partiyası 2015-ci ildə yaradılıb. Ədliyyə Nazirliyi dörd dəfə ADR Partiyasının dövlət qeydiyyatına alınmaq üçün təqdim etdiyi sənədləri çatışmazlıqlar səbəbi ilə geri qaytarıb.

Prezident İlham Əliyev "Siyasi partiyalar haqqında" qanunu imzalayıb. Qanun bu ilin yanvarın 11-də qüvvəyə minib. İki gün sonra Q. İbadoğlu açıqlama yayaraq partiyanı buraxdığını açıqlayıb. Bundan sonra partiya hərəkat kimi işini davam etdirib.

Related News

Subscribe to stay updated