Seçki mütəxəssisi: “Namizədlər əmlak və gəlir bəyannaməsi versələr də, MSK bu məlumatları açıqlamır”

Seçki mütəxəssisi: “Namizədlər əmlak və gəlir bəyannaməsi versələr də, MSK bu məlumatları açıqlamır” Foto: Ayna az
17 January 2024
Mətni dəyiş

Növbədənkənar prezident seçkisinə 21 gün qalır

Azərbaycanda prezidentliyə namizədlərin gəlir və xərcləri açıqlansa da, bir qayda olaraq gəlirlərin mənbələri və mal varlıqları açıqlanmır.

Seçkilər üzrə mütəxəssis Məmməd Məmmədzadə deyir ki, seçki qanunvericiliyinə görə, namizədlərin gəlirləri və gəlirlərinin mənbələri barədə məlumat Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməlidir.

Onun sözlərinə görə, hər seçkilərdə namizədlər bir qayda olaraq bu malumatları MSK-nın müəyyən etdiyi bəyannamə formasında təqdim edir, ancaq MSK-a məlumatları ictimailəşdirməkdə maraqlı olmur: 

“Qanunda bir məsələ də var ki, gəlir və əmlakla bağlı dərc edilməli məlumatların siyahısını MSK özü müəyyən edir. Təəssüflər olsun ki, qurum bu məlumatları heç vaxt ictimailəşdirmir. Bundan əvvəlki seçkilərdə MSK-ya çoxlu sorğular göndərmişik ki, namizədlərin əmlak və gəlirlərilə bağlı məlumatlar bölüşdürülsün, ancaq cavab verilmədi.

Əvvəlki seçkilərdə əmlak və gəlirlərilə bağlı məlumatları bölüşən fərdi namizədlər olub. Digər hallarda isə deyirlər ki, "gedin MSK-ya müraciət edin". Konkret olaraq hazırkı prezident İlham Əliyevlə bağlı da bu cür məlumatlar heç vaxt ictimailəşdirilməyib” – M.Məmmədzadə bildirib.

Ekspert deyir ki, beynəlxalq praktikada bu məlumatlar həm də ictimaiyyət nümayəndələrilə paylaşılır: 

“Beynəlxalq təcrübədə belədir ki, namizədlərin əmlak və gəlirlərilə bağlı məlumatlar mütləq ictimailəşdirilir. Avropa Şurası Venesiya Komissiyasının şəffaflıqla bağlı bəzi tövsiyələri var ki, buna da əmək olunmur. Qanun bununla bağlı MSK-ya səlahiyyət verib, MSK da öz səlahiyyətlərindən sui-istifadə edib bu məlumatları açıqlamır” – o, bildirib.

Seçki Məcəlləsinin 58.3-cü maddəsində qeyd olunur ki, namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi bəyannamə formasında, seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən əvvəlki bir illik dövr üçün təqdim olunur.

Eyni zamanda, gəlirlərin alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış təqdim edilir. Namizədin əmlakı barədə məlumat bu Məcəlləyə 5 saylı Əlavəyə uyğun formada təqdim edilir. Əmlak və gəlirlər haqqında dərc edilməli məlumatların siyahısını Mərkəzi Seçki Komissiyası müəyyənləşdirir.

ATƏT-in son preizdent seçkisilə bağlı ilkin hesabatında qeyd olunurdu ki, namizədlər maliyyə hesabatları təqdim edirlər və hesabatlar MSK tərəfindən yoxlanır. 

Yoxlamanın nəticələrini nəşr etmək üçün heç bir qanuni tələbin olmaması kampaniya maliyyəsinin şəffaflığını məhdudlaşdırır.

Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasından açıqlama almaq istəsək də, qurumun mətbuat xidmətilə əlaqə saxlamaq mümkün olmayıb.

Related News

Subscribe to stay updated