İmran Əliyev saxlanıldığı təcridxanada aclıq aksiyasına başlayıb

İmran Əliyev saxlanıldığı təcridxanada aclıq aksiyasına başlayıb Foto: sosial media
20 November 2024
Mətni dəyiş

Jurnalist məhkəmənin haqsız qərarına və səhhətindəki problemlərlə bağlı müayinə və müalicədən məhrum qalmasına etiraz olaraq bu qərarı alıb

“Meclis.info” platformasının rəhbəri İmran Əliyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb. 

"Abzas Media"ya bu barədə onun yaxınları məlumat verib. Bildirilib ki, İmran Əliyev ailəsilə telefon danışığında noyabrın 18-də həbs qətimkan tədbiri uzadılan gündən aclığa başladığını deyib.

Əliyev aclıq aksiyasına başlayacağını elə ayın 18-də məhkəmə prosesində də bildirmişdi. O, məhkəmədə çox halsız görünürmüş. 

"Səhhətində problem olduğunu dedi. 15 kilo arıqladığını və belindəki kəskin ağrılara görə yeriməkdə çətinlik çəkdiyini bildirdi. Dedi ki, məhkəmənin haqsız qərarına və səhhətindəki problemlərlə bağlı lazımi müayinə və müalicənin edilməməsinə etiraz olaraq aclıq aksiyasına başlayacaq", - yaxınları bildirib.

Noyabrın 18-də keçirilən məhkəmədə İmran Əliyevin həbs müddəti daha 3 ay uzadılıb. 

“Meclis.info” Azərbaycan parlamentinin fəaliyyətini monitorinq edən yeganə platforma isi. Yerli və beynəlxalq hüquq müdafiəçiləri İmran Əliyevin məhz buna görə cəzalandırıldığını bildirirlər.

İmran Əliyev həm “Abzas Media işi”, həm də “Anar Məmmədli işi” üzrə təqsirləndirilir.

O, aprelin 18-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları onu polisə təhvil veriblər.

İmran Əliyevə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində 2 ay bir gün həbs qətimkan tədbiri seçilib.

Media nümayəndəsi saxlanıldığı zaman polislərin onu döydüyünü, bədəninə elektrik cərəyanı verərək ona zorla sənəd imzalatdıqlarını bildirib.

Aprelin 26-da Azərbaycan prezidenti İlham Əliyev və Almaniya kansleri Olaf Şoltsun birgə mətbuat konfransı baş tutub. Konfransda prezidentə İmran Əliyevlə bağlı sual verilib. İlham Əliyev jurnalistlərin həbsini təsdiqləsə də, bunun qanunsuz olmadığını deyib.

Prezidentə verilən bu sualdan bir neçə saat sonra İmran Əliyevə qarşı CM-nin 206.3.1 (qaçaqmalçılıq - təkrar törədildikdə) maddəsilə daha ağır ittiham irəli sürülüb.

Bir çox yerli və beynəlxalq təşkilatlar İmran Əliyevi siyasi məhbus kimi tanıyıb və hakimiyyəti onu dərhal azad etməyə çağırıblar.

Related News

Subscribe to stay updated