“Abzas Media” direktorunun və baş redaktorunun həbs müddətləri uzadılıb

“Abzas Media” direktorunun və baş redaktorunun həbs müddətləri uzadılıb Foto: Medyascope
14 March 2024
Mətni dəyiş

4 aya yaxındır təcridxanada saxlanılan jurnalistlər daha 3 ay həbsdə qalacaqlar

Martın 14-də “Abzas Media”nın direktoru Ülvi Həsənlinin həbs müddəti 3 ay və baş redaktor Sevinc Vaqifqızının (Abbasova) həbs müddəti isə 2 ay 29 gün uzadılıb.

Xətai rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyilə keçirilən prosesdə istintaq orqanının həbs müddətlərinin uzadılması ilə bağlı təqdimatına baxılıb və təmin edilib.

Bundan əvvəl “Abzas Media işi” üzrə fevralın 24-də jurnalist Nərgiz Absalamovanın, martın 7-də isə Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddəti 3 ay uzadılıb.

Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

Jurnalistlər ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər. Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və jurnalistlərin dərhal azad edilməsinə çağırıblar.

 

 

Related News

Subscribe to stay updated