Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırır

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırır Foto: Wikipedia
18 April 2024
Mətni dəyiş

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır.

Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin başa vurulması istiqamətində görülən işlər tərəflərin qarşılıqlı koordinasiyası şəraitində davam edir”, - məlumatda bildirilib.

Bundan əvvəl aprelin 17-də Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Qarabağda yerləşdirilən Rusiya sülhməramlı kontingentinin ərazini vaxtından əvvəl tərk edəcəyini açıqlayıb.

“İki ölkənin ali rəhbərliyi belə qərara gəlib”, - Hacıyev deyib.

Rusiya sülhməramlı kontingenti İkinci Qarabağ Müharibəsi başa çatandan sonra Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat əsasında Qarabağda yerləşdirilib. İlkin missiya müddəti 5 il nəzərdə tutulub. 2025-ci ilin aprelinə qədər tərəflər sülhməramlıların qalma müddətini uzatmamaq istəyini ifadə etməyəcəyi halda bu müddət avtomatik olaraq daha beş il uzadılmalı idi.

Üçtərəfli razılaşmaya əsasən, kontingentə atıcı silahlarla təchiz edilmiş 1960 hərbi qulluqçu, 90 zirehli nəqliyyat vasitəsi, 380 ədəd avtomobil və xüsusi texnika daxil idi.

Bundan bir müddət sonra Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memorandumla Qarabağ regionunda atəşkəsə nəzarət və pozuntuların qarşısının alınması məqsədilə 30 yanvar 2021-ci il tarixində Azərbaycanın Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılmışdı.

Related News

Subscribe to stay updated