“Jurnalistlərə Ədalət” Beynəlxalq Fondu: “2023-cü ildə Azərbaycanda media təmsilçilərinə qarşı 147 insident qeydə alınıb”

“Jurnalistlərə Ədalət” Beynəlxalq Fondu: “2023-cü ildə Azərbaycanda media təmsilçilərinə qarşı 147 insident qeydə alınıb” Foto: Amerikanın Səsi
4 September 2024
Mətni dəyiş

Fondun hesabatında bildirilir ki, ötən il ən kütləvi hücum jurnalistlərin Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin etiraz aksiyasını işıqlandırdığı vaxt baş verib

Azərbaycanda 2023-cü ildə media işçilərinə, blogerlərə, ənənəvi və onlayn nəşrlərin redaksiyalarına, onlayn fəallara qarşı hücumlarla bağlı 147 insident qeydə alınıb.

Bu barədə “Jurnalistlərə Ədalət” Beynəlxalq Fondunun sentyabrın 4-də keçmiş SSRİ ölkələrində ötən il üçün jurnalistlərin hüquqlarının pozulması faktları ilə bağlı dərc etdiyi hesabatdan məlum olub. Hesabatdakı məlumatlar açıq mənbələrdən istifadə edilərək hazırlanıb.

Hesabatda qeyd olunur ki, “2023-cü ilin sonundan müstəqil və tənqidi mediaya, jurnalistlərə qarşı görünməmiş təqiblər başlayıb. Nəticədə Azərbaycanda hazırda 20-dən çox jurnalist və media işçisi həbsdədir, əksər müstəqil onlayn media bağlanıb, plüralizmin istənilən forması ciddi təhlükə altındadır”.

Sənəddə həmçinin bildirilir ki, hökumət xaricdəki tənqidçilərini də susdurmağa çalışıb.

“2024-cü ilin avqustunda Gürcüstanda olan jurnalist Əfqan Sadıqov həbs edilib və hədə-qorxu gəlməklə pul tələb etmək ittihamı ilə onun Azərbaycana ekstradisiyası tələb olunub”.

Hesabatda xatırladılır ki, 2022-ci ildə qəbul edilmiş yeni Media Qanunu qüvvəyə minib və mövcud KİV-lərin 10 faizdən az hissəsi yeni Media Reyestrinə daxil edilib. “Nəticədə onların əksəriyyəti faktiki olaraq qanundan kənar elan olunub”, - hesabatda deyilir.

Həmçinin bildirilir ki, kütləvi tədbirlər zamanı media işçilərinə qarşı hücumlar davam edib və bu hücumların heç biri araşdırılmayıb.

“Azərbaycanda media işçilərinə qarşı əsas təzyiq metodu kimi məhkəmə və yaxud iqtisadi vasitələrdən istifadə davam etdirilir. 2022-ci illə müqayisədə qeyri-fiziki və kiberhücumların tezliyi iki dəfə az olub, həmçinin fiziki hücumların sayı da əvvəlki ilə nisbətən azalıb. 89 faiz hallarda dövlət məmurları media işçilərinə hücumlara görə məsuliyyət daşıyıb, hücumların 11 faizini isə hakimiyyətlə əlaqəsi olmayan şəxslər həyata keçirib.

Dindirmə, axtarış, müsadirə və məhkəmə prosesləri təzyiqin əsas üsullarından olub və bu kateqoriya üzrə 50 hadisə qeydə alınıb.

2023-cü ildə Azərbaycanda media işçilərinə qarşı 19 fiziki hücum qeyd olunub. Bu hadisələrin əksəriyyəti jurnalistlərin kütləvi etirazları və toplantıları işıqlandırdığı vaxt baş verib. Qeydə alınan bütün hücumları hakimiyyət nümayəndələri həyata keçirib.

Ən kütləvi hücum jurnalistlərin Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin etiraz aksiyasını işıqlandırdığı vaxt baş verib”,  - hesabatda bildirilib.

Related News

Subscribe to stay updated