Yanvarın 21-də “Abzas Media işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən prosesdə “Abzas Media”nın direktoru Ülvi Həsənli sərbəst ifadə verib.
Həsənli əvvəlcə vəsatət verərək jurnalistlərin zala buraxılmasını tələb edib. Hakim vaxt azlığını əsas gətirərək vəsatəti rədd edib və məhkəməyə gələnlərin bir qismi zala buraxılmayıb.
Ülvi Həsənli ifadəsində bildirib ki, o, 2016-cı ildə bir neçə həmkarı ilə birlikdə “Abzas Media”nı yaradıb. Ondan sonra ölkədə ictimai əhəmiyyət doğuran mövzuları bu media orqanında işıqlandırıblar.
“Biz ölkə başçısı İlham Əliyev, prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Eyyubov, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev də daxil olmaqla, yüksək rütbəli dövlət məmurları ilə bağlı korrupsiya araşdırmaları dərc edirdik. Buna görə də hədəfə gələcəyimizi bilirdik və elə də oldu. Mən saxlanılanda və sonra 2 dəfə döyülmüşəm. Saxlayan kimi deyirdilər ki, niyə korrupsiya araşdırmaları edirsiniz?”,– deyə Ülvi Həsənli qeyd edib.
O bildirib ki, cinayət işi saxta sübutlar və təzyiq-təhdid fonunda alınan ifadələr əsasında qurulub. Ulvi Həsənlinin sözlərinə görə, cinayət işi materiallarında sübut kimi göstərilən rəsmi sənədlər belə saxtadır.
“Yazlblar ki, Sevinclə mən ABŞ-də səfərdə olmuşuq. Sevinc həyatında heç vaxt ABŞ-də olmayıb, mən isə 2012-ci ildə olmuşam. Onda da heç “Abzas Media” yox idi. Ofisdən tapılan 40 min avronu ora polislər qoyub. Məni başqa otağa keçirdilər və qaytaranda əllərini atıb şkafın üstündən pul götürdülər. Biz dəfələrlə vəsatət verdik ki, pulun üzərində əl izlərinə baxılsın. Görək bizim əl izimiz varmı? Əsassız olaraq imtina etdilər. Bu kimi yüzlərlə pozuntu var bu işdə. “Abzas Media işi” diktatorun qurduğu daha bir biabırçı işdir”, – deyə o vurğulayıb.
Daha sonra dövlət ittihamçısı Ülvi Həsənliyə suallar verib. Həsənli sualların qeyri-ciddi olduğunu bildirərək cavablandırmaqdan imtina edib.
“Soruşursunuz ki, bank kartım varmı və bank kartımdan pul xərcləmişəmmi nə vaxtsa? Bu nə qeyri-ciddi sualdır, indiki dövrdə bank kartı olmayan var?”, – o əlavə edib.
Ötən ilin noyabrından etibarən Azərbaycanda dövlət rəhbərliyi ətrafında korrupsiya araşdırmaları edən "Abzas Media"nın 6 əməkdaşı – baş direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib. Onlar qaçaqmalçılıqda ittiham olunublar.
Bu il mayın 31-də isə "Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə saxlanılıb, evində axtarış aparılıb. İyunun 1-də ona qarşı “Abzas Media işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Xətai rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Elə həmin gün “Abzas Media” bəyanat yayaraq Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib.
Daha sonra bu iş üzrə həbs edilənlərlərin hər birinə qarşı maliyyə məsələlərilə bağlı əlavə 7 maddə üzrə ittiham irəli sürülüb.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.