Qadının seksual obyektə çevrilməsi - Bəhruz Səmədov

Qadının seksual obyektə çevrilməsi - Bəhruz Səmədov
25 Avqust 2016
Mətni dəyiş
 Bəhruz Səmədov
Müasir feminizm teoriyasının açar sözlərindən biri “obyektivləşdirilmə” anlayışıdır. Günümüzün istehlakçı cəmiyyətinin reallıqlarını tənqidi analiz edən üçüncü dalğa feminizminə bu anlayışı amerikan feminist filosofları Andrea Dvorkin, Marta Nussbaum və Naomi Vulf gətiriblər.
Qadınların seksual obyektivləşdirilməsinin məğzi budur ki, qadın abstrakt bir obraz halına salınır, süni keyfiyyətlərlə bəzədilir, və təbii ki, bu keyfiyyətlər ishehlakçı, konformist kişi obrazını cəlb etmək üçün edilir. Bu keyfiyyətlər nələrdir? “Bütün qadınlar seks istəyir”, “qadınlar düşünməyi sevmir”, “qadının “yox” deməsi əslində “hə” deməsidir”, “qadın özü istəyir ki, kişilər ona sataşsın”, “qadının döşləri iri olanda, daha yaxşıdır”, “ideal qadın bədəni belə olmalıdır və bütün qadınlar belə olmaq istəyir” və s. stereotipik, sırılmış keyfiyyətlərdir.
Qadınların seksual obyektivləşdirilməsi ona gətirib çıxarır ki, insana xas olan keyfiyyətlər ondan yadlaşdırılır, önə müəyyən formalarda olan bədən əzaları verilir. Beləcə, konformist düşüncə belə qənaətə gəlir ki, qadın seksual olduqda uğur qazanır.
Seksual obyektivləşdirilməni ən çox təbliğ edən reklam indursriyasıdır. Sırf qadın bədəninin nümayişindən, qadın seksuallığından istifadə etməklə, istehlakçı cəmiyyətin konformist üzvləri bu və digər brendin reklamına cəlb edilir. Bu reklamlarda çox zaman qadın nəyinki seksual obyekt olaraq göstərilir, hətta onun ləyaqətinin alçaltması passiv izləyiciyə təqdim olunur.
Bu tip reklamlarda qadın kişilərdən asılı olan axmaq məxluqdan tutmuş oral seks obyektinə qədər müxtəlif formalarda təqdim oluna bilər. Qərb feministləri bu hallarla bacardıqları kimi mübarizə aparırlar, günümüzdə bu tip reklamlar verən şirkətlər aktiv, analiz qabiliyyəti olan insanlar və təşkilatların ciddi təpkisi ilə üzləşirlər, bu cür reklamlara artıq inkişaf etmiş ölkələrdə nadir hallarda rast gəlmək olar.
Azərbaycanda, təbii ki, ən yaxşı halda bu tip reklamlar gülüş və ya zarafat hədəfinə çevirilə bilər, qadın bədəninin obyektə çevirilməsi kimi məsələyə daha ciddi yanaşmaq hələ ki ölkəmizə xas deyil. Bu günlərdə çıxan Face Studio salonunun epilyasiya reklamı seksual obyektivləşdirmə ilə “tez ərə getmək” mentallığının birləşməsidir. Reklamda qolunda tük olan qadının əvəzinə cavan oğlan bədəni daha lüt olan, seksuallığı daha gözə soxulan qızı seçir. Və sən demə, bu qız həmin salonda tüklərini lazerlə yox edibmiş...
Bu tip reklamlar internet sferasında yayılmaqdadır. Başqa bir reklamda gənc oğlan qızın sinəsində müəyyən saytın ünvanını yazır. Reklamda qız açıq-aşkar ağılsız, ancaq özünü çəkib, öz xarici görünüşü ilə maraqlanan tipajında verilib. Reklam açıq-aşkar seksual obyektivləşdirilmə nümunəsidir.
Bəziləri düşünə bilər ki, seksual obyektivləşdirilmə əslində seksual inqilabın, emansipasiyanın nəticəsidir. Keçmişdə qadağan olan lüt bədənlər artıq gizlədilmir. Ancaq düşünmək lazımdır ki, bu reallığın arxasında hansı sosial proseslər dayanıb? Əslində, hər şey çox sadədir. Kapitalist industriya insanı əşyalaşdırır.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun