ABŞ senatorları Qubad İbadoğlunun azad olunmasına çağırış ediblər

ABŞ senatorları Qubad İbadoğlunun azad olunmasına çağırış ediblər Foto: musavat.com
25 Mart 2024
Mətni dəyiş

"Qanunsuz həbslərə və azadlıqların boğulmasına görə Azərbaycan hökumətini qınayırıq" - qətnamədə qeyd olunur

Martın 22-də ABŞ Senatına Bakıda həbsdə olan iqtisadçı alim Qubad İbadoğlu ilə bağlı yeni qətnamə təqdim edilib.

"Turan" yazır ki, Q.İbadoğlunu dərhal azad etməyə çağıran "Qətnamə 616" adlanan layihə 26 konqresmen tərəfindən dəstəklənən "İbadoğlu qətnaməsi" layihəsindən sonra hazırlanıb.

Qətnamə layihəsi senata Şimali Karolinadan respublikaçı senator Tom Tillis, İllinoysdan demokrat senator Dik Durbin, Virciniya ştatından demokrat senator Tim Keyn, Los-Ancelesdən respublikaçı senator Bill Kessidi və Pensilvaniya ştatından demokrat senator Con Fetterman adından təqdim edilib.

"Hörmətli alim və iqtisadçı Qubad İbadoğluna qarşı "Azərbaycan hakimiyyəti tərəfindən yalan, heç bir dəlili olmayan çox sayda cinayət əməli ittihamı irəli sürülüb və o, indiyədək Bakı İstintaq Təcridxanasında həddindən artıq pis şəraitdə saxlanılır.

Doktor İbadoğlunun səhhəti həbs edildikdən sonra xeyli pisləşib və o, adekvat tibbi yardım almayıb. Həbs dövründə o, vəkillə əlaqə saxlamaq və ədalətli məhkəmə təhqiqatı imkanından məhrum edilib." - qətnamənin həmmüəllifləri qeyd ediblər.

Qətnamədə qeyd olunub ki, ABŞ-ın rəsmi qurumları və beynəlxalq təşkilatlar Qubad İbadoğlunun səhhətilə bağlı narahatlıqlarını ifadə ediblər.

"Əvəz Zeynallı, Bəxtiyar Hacıyev də daxil olmaqla jurnalistlərin və ictimai-siyasi şəxslərin qanunsuz həbsləri Azərbaycanın demokratik birliklərlə münasibətinə xələl gətirib.

Qanunsuz həbslərə və azadlıqların boğulmasına görə Azərbaycan hökumətini qınayır, siyasi məhbusları, o cümlədən doktor İbadoğlunu dərhal və qeyd-şərtsiz azad etməyə çağırırıq" - qətnamədə qeyd olunub.

Dövlət katibi Entoni Blinkenə Azərbaycanla danışıqlarda İbadoğlunun məsələsini qabartmağı tövsiyə edən layihə Senatın beynəlxalq münasibətlər komitəsinə təqdim edilib, baxılması gözlənilir.

Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham irəli sürülüb.

Ötən il iyulun 24-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə professor barəsində 3 ay 26 gün həbs qətimkan tədbirinin seçilmiş, noyabrın 16-da isə həbs müddəti daha 3 ay uzadılmışdı. Bu il fevralın 24-də bu müddət daha 3 ay uzadılıb. 

Qubad İbadoğlu isə ittihamları qəbul etmir və həbsinin siyasi sifarişlə həyata keçirildiyini bildirir. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus hesab edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun