Bakı İstintaq Təcridxanasında vəziyyətin acınacaqlı olduğu bildirilir

Bakı İstintaq Təcridxanasında vəziyyətin acınacaqlı olduğu bildirilir
19 Mart 2024
Mətni dəyiş

Sevinc Vaqifqızı: "İstilik sistemi partlayıb, kamera suyun içindədir"

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalistlər saxlanma şəraitilə bağlı narazılıq edirlər.

Martın 19-da Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) bu barədə danışıb.

Məhkəmə jurnalistin 4 aylıq həbs müddətinin daha 3 ay uzadılmasından verilən apellyasiya şikayətini təmin etməyib.

Vəkil Elçin Sadıqov özünün "Facebook" hesabında yazıb ki, Sevinc Vaqifqızının məhkəmədə çıxış edərək Bakı İstintaq Təcridxanasında saxlanma şəraitinin acınacaqlı olduğunu bildirib:

"Saxlanıldığım kamerada vəziyyət acınacaqlıdır. İstilik demək olar ki, yoxdur. Kameradakı istilik sistemi partlayıb, kamera suyun içindədir" - S.Vaqifqızı məhkəmədə belə deyib.

"Abzas Media işi" üzrə həbs olunan və eyni təcridxanada saxlanılan Nərgiz Absalamovanın isə gözünə infeksiya düşüb:

"Nərgizin gözünə infeksiya düşüb, özü də soyuqlayıb. Görünür, immuniteti zəifləyib. Həkim dərman yazıb, sistem qoyurlar" - vəkil Şəhla Hümbətova özünün "Facebook" hesabında yazıb.

Uzun müddətdir ki, bu istintaq təcridxanasında saxlanılan bir çox ictimai-siyasi fəal və jurnalist saxlanma şəraitinin acınacaqlı olması ilə bağlı narazılıq edirlər. Onlar isti suyun belə fasilələrlə verildiyini bildirirlər.

Ombudsman Səbinə Əliyevanın illik məruzəsində qeyd olunur ki, istintaq təcridxanası 2500 nəfər üçün nəzərdə tutulsa da, təcridxanada limitdən artıq şəxs saxlanılır.

Qeyri-iş saatı olduğu üçün Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Qurum bundan əvvəlki narazılıqlar zamanı isə heç bir açıqlama yaymayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun