Bakı Metropoliteni 3 illik məcburi maliyyə hesabatını açıqlamır

Bakı Metropoliteni 3 illik məcburi maliyyə hesabatını açıqlamır
29 Mart 2024
Mətni dəyiş

Metropolitenin rəisi Zaur Hüseynov maliyyə hesabatlarının niyə dərc edilməməsilə bağlı sualları cavablandırmır

“Bakı Metropoliteni” QSC son 3 ilin illik maliyyə hesabatlarını dərc etmir. Qurumun rəsmi saytının hesabatlar hissəsinə baxdıqda məlum olur ki, sonuncu dərc olunan hesabat 2020-ci ilin 31 dekabrına qədər olan müddəti əhatə edir.

Bu 3 illik müddətdə metroda gediş haqqı artırılıb. Hesabatların olmaması isə artımların nə qədər real səbəblərdən olduğunu aydınlaşdırmağa imkan vermir.

“Hesabatların gec dərc edilməsi həm jurnalistlərə, həm də tədqiqatçılara problem yaradır. Bu qurumların fəaliyyətinin effektivliyini müəyyənləşdirməyi çətinləşdirir”, - iqtisadçı Fərid Mehralızadə ötən ilin noyabrında bu mövzu ilə bağlı sualı belə şərh edib.

Mülki Məcəllənin 99 və 100-cü maddələri illik maliyyə hesabatlarını hamının tanış olması üçün dərc etməyi dövlət şirkətləri üzərinə vəzifə olaraq qoyur.

“Abzas Media” “Bakı Metropoliteni” QSC-nin rəisi Zaur Hüseynovdan maliyyə hesabatının dərc edilməməsinin səbəblərini soruşub, ancaq Hüseynov sorğunu cavablandırmayıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə ötən ilin noyabrında hesabatların auditdə olmasını əsas gətirirdi:

“Biz onlara göstəriş verə bilmirik axı sənəd nə vaxt hazır olsun. Qanunda qeyd oluna bilər ki, hər il hesabat dərc olunmalıdır, amma qanunda əsas nüanslardan biri də müstəqil audit rəyinin olmasıdır”, – deyə o, bildirib.

Azərbaycan Respublikası “Dövlət Qurumlarında İnformasiya Şəffaflığının Ölçülməsi” Təşəbbüsü 1 yanvar 2023-cü ildən 31 mart 2023-cü ilə qədər apardığı 3 aylıq monitorinqin nəticələrində göstərib ki, dövlət orqanları məlumatların açıq olmasında maraqlı deyillər:

“Büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar, tenderlər, müsabiqələr, dövlət proqramları, illik hesabatlar, dövlət satınalmaları haqqında məlumatlar cüzi formada açıqlanır”, – deyə monitorinqdə qeyd olunub.

Transparency International – Beynəlxalq Şəffaflıq təşkilatı yanvarda Korrupsiyanı Qavrama İndeksini (Corruption Perception Index – CPI) açıqlayıb. Azərbaycan Korrupsiya Qavrama İndeksində 180 ölkə arasında 154-cü olub. Azərbaycan 23 balla Tacikistan (20) və Türkmənistanla (18) eyni sırada yer alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun