Dunya Miyatoviç: “Azərbaycan jurnalistləri və fəalları təhdid və təqiblərə son qoymalıdır”

Dunya Miyatoviç: “Azərbaycan jurnalistləri və fəalları təhdid və təqiblərə son qoymalıdır”
25 Mart 2024
Mətni dəyiş

Avropa Jurnalistlər Federasiyası da (EFJ) Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının çağırışına qoşulub

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç martın 25-də Azərbaycanda ifadə azadlığını boğan həbslər və məhkəmə təzyiqləri ilə bağlı bəyanat yayıb.

“Azərbaycanda jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının üzləşdiyi repressiyaların artması dərin narahatlıq doğurur” – Miyatoviç bildirib.

Avropa Komissarı qeyd edib ki, son aylarda Azərbaycan hökuməti öz işlərini qanuni şəkildə icra edən, hökumətə qarşı tənqidi və ya fərqli fikirlər səsləndirən müstəqil mediaya və vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyaları gücləndirib.

“2023-cü ilin noyabrında “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktor Sevinc Vaqifqızı, Kanal 13 onlayn televiziya kanalının təsisçisi Əziz Orucov və aparıcı Rüfət Muradlı, müstəqil jurnalist Teymur Kərimov da daxil olmaqla azı altı jurnalist şübhəli ittihamlarla həbs edilib. Daha bir neçə jurnalist dindirilib və onların jurnalist fəaliyyətləri və tənqidi reportajları ilə əlaqədar təqib və təhdidlərə məruz qalması barədə məlumat verilib. 2024-cü ilin mart ayının əvvəlində polis müstəqil internet televiziyası olan Toplum TV-nin ofisinə basqın edərək onun təsisçisi Ələsgər Məmmədli və jurnalist Müşfiq Cabbarı saxlayıb. Mən həbsdə olarkən səhhətilə bağlı bir sıra ciddi problemlər yaşayan akademik və tanınmış vətəndaş cəmiyyəti xadimi Qubad İbadoğlu da daxil olmaqla, Azərbaycanda qanuni fəaliyyətlərinə görə saxlanılan və ya təzyiqlərə məruz qalan digər şəxslərin də vəziyyətini narahatlıqla izləyirəm” – Miyatoviç bəyanatında bildirib.

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı 2019-cu ildən bəri dəfələrlə Azərbaycan hakimiyyətinin diqqətini ifadə və media azadlığının həyata keçirilməsi ilə bağlı vəziyyətin pisləşməsinə, habelə hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti fəallarına qarşı davam edən düşmənçilik mühitinə cəlb etdiyini qeyd edib.

“Təəssüflər olsun ki, hakimiyyət bu sahələrdə insan haqları ilə bağlı öhdəliklərinə qətiyyətlə məhəl qoymamaqda davam edir və bununla da ölkə daxilində vəziyyəti daha da gərginləşdirir” – Miyatoviç əlavə edib.

“Ötən ay Bakıda məhkəmə əvvəllər hakimiyyətdən həbsdən çıxarılmasına çağırdığım müstəqil jurnalist Əvəz Zeynallını 9 il müddətinə azadlıqdan məhrum etdi. Mən həmçinin illərlə repressiya və hədə-qorxu, o cümlədən cinayət təqibi, təhdid və fiziki zorakılığa məruz qalmış və bu günə qədər dəmir barmaqlıqlar arxasında qalan tanınmış vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyevin azad edilməsinə çağırmışdım”, - Miyatoviç davam edib.

“2023-cü ilin iyulunda Azərbaycanın Daxili İşlər Nazirliyinə yazdığım məktubda və bu yaxınlarda dərc olunmuş müşahidələrimdə Azərbaycanı ifadə, sərbəst toplaşmaq azadlığı və hüquq müdafiəçiləri, vəkillər və vətəndaş cəmiyyəti fəallarının öz qanuni fəaliyyətlərini repressiya, təqib və digər maneələrə məruz qalma riski olmadan təhlükəsiz və əlverişli şəraitdə həyata keçirə bilmələri üçün standartlara riayət olunmasını təkmilləşdirməyə çağırmışam” – Avropa Komissarının bəyanatında qeyd edilib.  

Miyatoviç Azərbaycan hökumətini insan hüquqları ilə bağlı öhdəliklərinə tam riayət olunmasını təmin etmək üçün qətiyyətli addımlar atmağa çağırıb.

“Bu, jurnalistlərin və vətəndaş cəmiyyəti fəalları da daxil olmaqla, qanuni fəaliyyətinə və ya fərqli, tənqidi fikirlərinə görə həbs edilmiş bütün şəxslərin azad edilməsini, həmçinin jurnalistlərin, vətəndaş cəmiyyəti və hüquq müdafiəçilərinin fəaliyyəti üçün əlverişli mühitin yaradılmasını zəruri edir” – Dunya Miyatoviçin bəyanatında bildirilib.

Avropa Jurnalistlər Federasiyası da (EFJ) Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının bugünkü çağırışına qoşulub.

EFJ Dunya Miyatoviçə qoşularaq Azərbaycanda qanuni fəaliyyətinə və fərqli, tənqidi fikirlərinə görə həbs edilən bütün şəxslərin, o cümlədən jurnalistləri, vətəndaş cəmiyyəti fəallarını azad etməyə çağırıb.

Avropa Şurasının Jurnalistikanın Müdafiəsi Platformasının məlumatına görə, Azərbaycanda 22 jurnalist və media işçisi həbsdədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun