Qırğızıstanda bir medianın 11 jurnalisti saxlanılıb

Qırğızıstanda bir medianın 11 jurnalisti saxlanılıb Foto: Sosial Media
18 Mart 2024
Mətni dəyiş

Qırğızıstan bir zamanlar şəffaf seçkilər, aktiv vətəndaş cəmiyyəti və parlaq media səhnəsi ilə Mərkəzi Asiyada keçmiş Sovet respublikaları arasında ən demokratik ölkə sayılırdı.

İndi isə hər şey dəyişib. Populist ritorika ilə Rusiya üslubunda nəzarət üsullarını birləşdirən prezidentin hakimiyyəti dövründə bir çox müstəqil media orqanları, o cümlədən “24.kg”, “Kloop” və “Temirov Live” sərt təzyiqlərə məruz qalıb və ya bağlanmağa məcbur olub.

“Kloop”un veb-saytı hökumət tərəfindən bloklanıb, bu medianın himayəsində olduğu təşkilat isə fevral ayında məhkəmə qərarı ilə ləğv edilib. Prokurorlar psixiatrların ifadələrinə istinadən nəşrin cəmiyyəti mənfi mesajlarla "qıcıqlandıraraq, insanların psixi sağlamlığına təsir etdiyini" iddia ediblər.

“Kloop” iddiaları rədd edib, əsassız adlandırıb və bütün bunları hakimiyyətin jurnalistlərə, mediaya, hüquq müdafiəçilərinə qarşı repressiyasının yeni böyük dalğası adlandırıb.

“Kloop” 2007-ci ildə təsis edilən araşdırma platformasıdır. Media orqanı Qırğızıstanda baş verən ən mühüm hadisələri operativ və balanslı şəkildə işıqlandırmağa çalışır. Sayt hesabatlar, araşdırmalar, qrafika və videolar vasitəsilə insan hekayələrindən bəhs edir.

Bişkek şəhər Prokurorluğunun “Kloop”un ləğvi ilə bağlı vəsatət qaldırdığı gün medianın saytında həm Qırğızıstan prezidenti Sadır Japarovun, həm də Dövlət Duması rəhbərinin qohumlarının Qırğızıstanda İspaniyanın “Barselona” futbol klubuna bağlı futbol akademiyası üçün binanın tikintisi haqda araşdırma dərc edilib.

Bu araşdırmadan 4 gün sonra prezident Sadır Japarov “Kloop”u kəskin tənqid edib və medianın “qırğız xalqına fayda yox, yalnız zərər gətirdiyini” bildirib.

2024-cü il yanvarın 15-də Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları “24.kg”ın ofisində axtarış aparıb, avadanlıqları müsadirə edib, saytın direktoru Asel Otorbayevanı, redaktorlar Maxinur Niyazova və Anton Lyarı saxlayıb.

Sayta qarşı “müharibə təbliğatı” maddəsi ilə cinayət işi açıldığı bildirilsə də, təfərrüatlar açıqlanmayıb. “24.kg”ın ofisi möhürlənib. Otorbayeva, Niyazova və Lymar sonradan azad edilsələr də, iş üzrə şahid qismində təxminən 45 dəqiqə dindiriliblər.

Saytın ofisindəki axtarış zamanı kompüterlər və sənədlər götürülüb.

“Temirov Live”da hadisələr daha pis şəkildə cərəyan edib. Media orqanının hazırkı və keçmiş jurnalistlərindən 11-i yanvarın 16-da həbs edilib. “Temirov Live”ın redaksiyasında və jurnalistlərin evlərində axtarışlar aparılıb, avadanlıqlar müsadirə edilib.

Jurnalistlər Qırğızıstan Cinayət Məcəlləsinin 278.3-cü, kütləvi iğtişaşlara çağırış maddəsi ilə ittiham olunurlar. Bu maddə ilə jurnalistləri 5 ildən 8 ilədək həbs gözləyir.

Hakimiyyət bu iddiaya dair tutarlı sübut təqdim edə bilməsə də, onlar hələ də dəmir barmaqlıqlar arxasında saxlanılırlar.

“Temirov Live”ın təsisçisi Bolot Temirov milli pasportundan məhrum edilərək sürgünə göndərilib.

Bolot Temirov xaricdə olduğuna görə, hökumətin əli ona çatmır. O, hazırda Avropa ölkələrindən birindədir. Lakin onun həyat yoldaşı və eyni zamanda saytın direktoru Məhəbbət Tajibek Qırğızıstanda qalıb. Hazırda o da həbsdə olan jurnalistlərdən biridir.

Hazırda onların ailəsini daha ağır cəza gözləyir. Əgər Məhəbbət bir az daha müqavimət göstərsə, onların 11 yaşlı övladı uşaq evinə göndəriləcək.

“Temirov Live” Qırğızıstanın ən tanınmış araşdırma layihələrindən biridir. Onların “YouTube” kanalının 111 mindən çox izləyicisi var. Araşdırmaları isə yüz minlərlə adam izləyir.

Həbs zamanı saxlanılan jurnalistlərdən bir neçəsi OCCRP üçün materiallar üzərində işləyirdi.

OCCRP-nin Qırğızıstanda və xaricdə olan jurnalistləri, eləcə də ondan çox digər beynəlxalq media orqanları qırğız həmkarlarının araşdırma işini davam etdirmək və onların azadlığa buraxılmasını təmin etmək üçün bir araya gəldiklərini elan ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun