İran ABŞ-yə yeni təklif göndərib: Hörmüz boğazı açıla və müharibə dayandırıla bilər

İran ABŞ-yə yeni təklif göndərib: Hörmüz boğazı açıla və müharibə dayandırıla bilər Foto: Le Monde
27 Aprel 2026
Mətni dəyiş

Tehran Vaşinqtonla gərginliyi azaltmaq üçün diplomatik kanalları aktivləşdirib və danışıqların mərhələli şəkildə aparılmasını təklif edir

İran ABŞ-yə Hörmüz boğazının açılması və müharibənin dayandırılması ilə bağlı yeni təklif göndərib. Bu barədə “Axios” nəşri amerikalı rəsmi və vəziyyətlə tanış olan daha iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Tehran təklifini Pakistan vasitəçiləri üzərindən Vaşinqtona çatdırıb. Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, planın əsas məqsədi Hörmüz boğazı ətrafındakı böhranı və ABŞ-nin tətbiq etdiyi blokadanı aradan qaldırmaqdır. Təklif çərçivəsində atəşkəsin uzun müddətə uzadılması və ya müharibənin tam dayandırılması nəzərdə tutulur. İran nüvə danışıqlarına isə yalnız daha sonrakı mərhələdə - boğaz açıldıqdan və blokada götürüldükdən sonra başlamağı təklif edir.

Ağ Ev nəşrə açıqlamasında İranın təklifini aldıqlarını təsdiqləyib, lakin ABŞ-nin bunu nəzərdən keçirməyə hazır olub-olmadığı hələlik bəlli deyil. Ağ Evin sözçüsü Olivia Ueyls bildirib ki, bu, həssas diplomatik danışıqlardır və ABŞ mətbuat vasitəsilə müzakirə aparmayacaq. Onun sözlərinə görə, Vaşinqton yalnız Amerika xalqının maraqlarına uyğun olan və İranın nüvə silahı əldə etməsinə imkan verməyən razılaşmaya gedəcək.

Livanın “Al Mayadeen” telekanalı isə öz mənbələrinə istinadən xəbər verir ki, Tehran vasitəçilərə danışıqlar üçün üçmərhələli formula təqdim edib. Bu plana əsasən, ilk mərhələdə müharibənin dayandırılması və İrana, eləcə də Livana qarşı hərbi əməliyyatların bərpa olunmayacağına dair təminatların alınması nəzərdə tutulur. Razılıq əldə olunarsa, ikinci mərhələdə Hörmüz boğazının idarə olunması məsələsi müzakirə ediləcək. Üçüncü mərhələ isə nüvə proqramı ilə bağlıdır və Tehran bu mövzunu yalnız əvvəlki iki mərhələ üzrə razılaşma əldə edildikdən sonra müzakirəyə çıxarmağa hazırdır.

“Axios” yazır ki, İranın xarici işlər naziri Abbas Əraqçi həftəsonu Pakistan, Misir, Türkiyə və Qətər vasitəçilərinə ölkə rəhbərliyi daxilində ABŞ-nin tələblərinə - uranın ən azı on il müddətinə zənginləşdirilməsinin dayandırılması və zənginləşdirilmiş uranın ölkədən çıxarılması - necə cavab veriləcəyi ilə bağlı yekdil mövqenin olmadığını bildirib.

Aprelin 27-də Əraqçi Sankt-Peterburqa səfər edib. Medianın məlumatına görə, onun Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.

Hazırda tərəflər arasında atəşkəs qüvvədə qalır. ABŞ prezidenti Donald Tramp bu atəşkəsi konkret müddət göstərmədən uzadıb. O, aprelin 26-da “Fox News”a müsahibəsində bildirib ki, İrana qarşı blokadanın davam etdirilməsini istəyir və bunun yaxın həftələrdə Tehranın güzəştə getməsinə səbəb olacağına ümid edir.

Bundan əvvəl Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin İslamabadda İranla keçiriləcək danışıqlarda iştirak etməyəcəyi açıqlanıb. Tramp bildirib ki, İran istənilən vaxt ABŞ ilə əlaqə saxlaya bilər, lakin Vaşinqton artıq nəticəsiz görüşlər üçün uzun səfərlərə getmək niyyətində deyil. Media ikinci raund danışıqların aprelin 27-də keçiriləcəyini yazmışdı.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun