Paşinyan: “Ermənistan Qarabağda kilsənin dağıdılması məsələsini beynəlxalq müstəviyə çıxarmayacaq”

Paşinyan: “Ermənistan Qarabağda kilsənin dağıdılması məsələsini beynəlxalq müstəviyə çıxarmayacaq”
23 Aprel 2026
Mətni dəyiş

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda kilsənin dağıdılması ilə bağlı yayılan məlumatlara münasibət bildirərək, məsələni beynəlxalq müstəviyə çıxarmağın məqsədəuyğun olmadığını deyib və əvvəlcə faktların dəqiqləşdirilməsinin vacibliyini vurğulayıb

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağda yerləşən Müqəddəs Məryəm Ana kilsəsini sökməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

“Armenpress”in məlumatına görə, hökumətin iclasından sonra jurnalistlərlə söhbətində Paşinyan qeyd edib ki, hazırda hökumət bu məlumatla bağlı tam və dolğun mənzərə əldə etməyə çalışır. O, belə məsələlərdə xüsusilə hazırkı mərhələdə ehtiyatlı davranmağın vacibliyini vurğulayıb.

“Bu məsələlərdə diqqətli olmalıyıq, xüsusilə indi. Çünki bu cür mövzular ikiuclu qılınc kimidir. “Əhdi-Cədid”də deyildiyi kimi, “hansı hökm ilə mühakimə edirsinizsə, o hökm ilə də mühakimə olunacaqsınız; hansı ölçü ilə ölçürsünüzsə, sizin üçün də o ölçü ilə ölçüləcək”. Buna görə biz müşahidə edəcəyik, təhlil aparacağıq. Əvvəlki təcrübəmizi nəzərə alaraq, düşünmürəm ki, bu məsələni dövlət səviyyəsində beynəlxalq müzakirələrə çıxaraq. Bu, tam və hərtərəfli aydınlaşdırmalı olduğumuz bir vəziyyətdir”, - deyə baş nazir bildirib.

Jurnalistin mədəni irsin dağıdılmasının sülhə doğru addım deyil, daha çox düşmənçilik əlaməti olduğu barədə fikrinə cavab olaraq Paşinyan bildirib:

“Mən artıq sülh üçün meyarımın nə olduğunu demişəm. Artıq iki ildir ki, Ermənistan-Azərbaycan qarşıdurmalarında ölən və ya yaralanan yoxdur. Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyıb. Biz - Ermənistan və Azərbaycan - istənilən məsələyə məhz bu baxış bucağından yanaşmalıyıq”.

Bir müddət əvvəl media və sosial şəbəkələrdə Qarabağda yerləşən Müqəddəs Məryəm Ana kilsəsinin dağıdılması barədə məlumatlar yayılıb və bu iddiaların peyk görüntüləri ilə təsdiqləndiyi bildirilib.

Azərbaycan tərəfi iddialara rəsmi münasibət bildirməsə də, hökumətyönlü mediada Ermənistanın 30 il ərzində Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəni irsi dağıtması, dini abidələrin təhqiri ilə bağlı silsilə materiallar dərc olunub, həmçinin millət vəkilləri bu mövzuda açıqlamalar veriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun