Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15 May 2026
Mətni dəyiş

Azərbaycanda 2026-cı ilin ilk dörd ayında inflyasiya artımı davam edib. Ən ciddi bahalaşma qida məhsullarında qeydə alınıb, ödənişli xidmətlər və qeyri-qida məhsullarında da qiymətlər yüksəlib.

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər 6,7 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,7 faiz yüksəlib.

Məlumata əsasən, 2026-cı ilin aprel ayında istehlak qiymətləri 2025-ci ilin aprel ayı ilə müqayisədə 5,5 faiz artıb. Son bir ayda isə qiymət artımı 0,3 faiz təşkil edib.

Aprel ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz, illik müqayisədə isə 6,2 faiz bahalaşıb.

Ay ərzində əsasən qarabaşaq yarması, mal və qoyun əti, kolbasa məhsulları, pendir, süfrə marqarini, qarğıdalı yağı, limon, banan, alma, kivi, ağ kələm, brokkoli, çuğundur və kartofun qiymətlərində artım qeydə alınıb. Eyni zamanda yumurta, portağal, şabalıd, gül kələmi, göyərti, xiyar, pomidor, şirin bibər, badımcan, sarımsaq və soğanın qiymətləri ucuzlaşıb.

Qeyri-qida məhsulları üzrə istehlak qiymətləri apreldə əvvəlki aya nisbətən 0,2 faiz, ötən ilin eyni ayı ilə müqayisədə isə 4 faiz artıb. Bahalaşma əsasən sement, kəsilmiş taxta, mebel və yuyucu vasitələrdə müşahidə olunub. Zərgərlik məmulatlarında isə ucuzlaşma qeydə alınıb.

Əhaliyə göstərilən ödənişli xidmətlər üzrə qiymətlər də artıb. Apreldə xidmətlərin qiyməti əvvəlki aya nisbətən 0,3 faiz, illik müqayisədə isə 5,8 faiz yüksəlib. Bahalaşma əsasən stomatoloji xidmətlər, restoran və kafelərdə iaşə xidmətlərində qeydə alınıb. Hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri isə ucuzlaşıb.

Son aylarda ərzaq və gündəlik tələbat məhsullarının bahalaşması sosial şəbəkələrdə və ictimai müzakirələrdə narazılıq yaradıb. Vətəndaşlar xüsusilə ət, süd məhsulları, yağ və tərəvəz qiymətlərinin ailə büdcəsinə ciddi təsir etdiyini bildirirlər.

İqtisadçıların fikrincə, bahalaşmaya təsir edən əsas amillər idxaldan asılılıq, logistika və daşınma xərclərinin artması, mövsümi dəyişikliklər, həmçinin dünya bazarlarında ərzaq qiymətlərinin yüksəlməsidir. Ekspertlər hesab edir ki, daxili bazarda rəqabət mühitinin zəif olması və bəzi məhsullar üzrə inhisarlaşma da qiymət artımını sürətləndirən səbəblər sırasındadır.

Rəsmi qurumlar isə qiymət artımını əsasən qlobal iqtisadi proseslərlə izah edirlər. Mərkəzi Bank və hökumət nümayəndələri əvvəllər açıqlamalarında bildiriblər ki, dünya bazarlarında ərzaq və enerji qiymətlərinin dəyişməsi, idxal inflyasiyası və beynəlxalq logistik xərclər Azərbaycanda da qiymətlərə təsir göstərir. Rəsmilər inflyasiyanın nəzarətdə saxlanılması üçün monetar və fiskal tədbirlərin davam etdirildiyini bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun