ABŞ-nin Hörmüz boğazında tətbiq etdiyi dəniz blokadası İran iqtisadiyyatına ciddi təzyiq yaratsa da, Tehran alternativ ticarət marşrutlarını genişləndirir. İran rəsmiləri ölkəyə malların Pakistan, Türkiyə, Ermənistan və Azərbaycan üzərindən daşındığını bildirirlər. Ekspertlər isə hesab edir ki, bu marşrutlar iqtisadi çöküşün qarşısını ala bilər, lakin daşınma xərclərini və inflyasiyanı artıracaq
ABŞ və İsrailin bombardman kampaniyası nəticəsində İranın infrastrukturunun və sənaye müəssisələrinin böyük hissəsi zərər görüb. Bu isə ölkədaxili istehsalın zəifləməsinə və əsas ərzaq məhsullarının bahalaşmasına səbəb olub.
Vaşinqtonun tətbiq etdiyi dəniz blokadası da iqtisadi təzyiqi daha da artırıb. Fevralın 28-dən başlayan müharibədən sonra strateji əhəmiyyət daşıyan Hörmüz boğazı faktiki olaraq bağlanıb və İranın dəniz ticarəti ciddi şəkildə məhdudlaşıb.
Buna cavab olaraq Tehran alternativ logistika marşrutlarına üz tutub. İran qonşu Pakistan və Türkiyədən yük maşınları ilə mal daşıyır, həmçinin Rusiyadan Xəzər dənizi vasitəsilə yüklər qəbul edir. Eyni zamanda İran neftin dəmir yolu ilə Çinə ixracı imkanlarını da nəzərdən keçirir.
“Azadlıq Radiosu” Con Hopkins Universitetinin tətbiqi iqtisadiyyat professoru Stiv Henkə istinadən yazır ki, alternativ marşrutlar İran iqtisadiyyatını ərzaq və sənaye məhsulları ilə təmin edə bilər, lakin onlar dəniz konteyner daşımalarını tam əvəz edə bilməz.
Henkin fikrincə, yük maşınları ilə daşınma daha baha başa gəlir, Xəzər dənizində isə liman və donanma imkanları məhduddur. Bu səbəbdən idxal xərcləri və inflyasiya artacaq, amma gözlənilən “iqtisadi çöküş” baş verməyə bilər.
ABŞ prezidenti Donald Tramp aprelin sonunda bildirmişdi ki, Vaşinqtonun blokadası İranın əsas gəlir mənbəyi olan neft ixracını iflic edəcək. Lakin ekspertlər hesab edir ki, Hörmüz boğazının bağlanması Tehranı ABŞ-nin şərtləri ilə sülhə məcbur etməyə kifayət etməyə bilər.
İran rəsmiləri isə bildirirlər ki, ölkənin əsas ərzaq və istehlak malları ilə təminatında ciddi problem yoxdur. Kənd təsərrüfatı naziri Qulamrza Nuri aprelin 21-də deyib ki, İran müxtəlif quru sərhədləri vasitəsilə idxalı davam etdirə bilir.
Azərbaycan alternativ marşrut kimi göstərilir
İran parlamentinin deputatı İbrahim Nəcəfi ötən ay açıqlamasında bildirib ki, ölkə idxal üçün Pakistan, Türkiyə, Ermənistan və Azərbaycan üzərindən quru marşrutlarından, həmçinin Xəzər dənizi xəttindən istifadə edir.
Bu açıqlama Azərbaycanın İran üçün alternativ tranzit marşrutlarından biri kimi önə çıxdığını göstərir. ABŞ blokadası fonunda region ölkələrinin logistik əhəmiyyəti artarkən, Azərbaycan həm quru nəqliyyatı, həm də Xəzər üzərindən daşımalar baxımından Tehran üçün mühüm keçid nöqtəsinə çevrilə bilər.
Pakistan aprelin 25-də İran üçün üçüncü ölkə yüklərinin limanlardan daşınmasına icazə verib. Qvadar, Kəraçi və Qasim limanlarından İran sərhədinə qədər altı quru marşrutu açılıb. Bu xətlər əsasən düyü, ət və uşaq qidasının daşınması üçün istifadə olunur.
ABŞ blokadasının tətbiqindən sonra İrana göndərilməsi nəzərdə tutulan təxminən 3 min konteyner Pakistan limanlarında ilişib qalıb.
Türkiyə ilə İranı birləşdirən Kapıköy-Razi keçidi də əsas tranzit dəhlizlərindən biri hesab olunur. Bu marşrut Qərbi Asiyanı Avropa ilə birləşdirən mühüm ticarət xəttidir.
Rusiya isə Xəzər dənizi üzərindən İranın Bəndər-Ənzəli limanına daşımaları bərpa edib. İsrail martın 18-də həmin limanı hava zərbələri ilə vurmuşdu.
Məlumatlara görə, Moskva və Tehran Xəzər marşrutundan həm ərzaq məhsulları, həm də sanksiyaya məruz qalan neft və silah daşımaları üçün istifadə edir. Taxıl ticarəti İsrail hücumlarından sonra qısa müddət dayandırılsa da, sonradan yenidən bərpa olunub.
“Defense Priorities” analitik mərkəzinin Yaxın Şərq proqramının rəhbəri Rozmari Kelaniqin fikrincə, İranın geniş quru sərhədləri ABŞ blokadasının təsirini azaldır.
Ekspert qeyd edir ki, İranın yeddi ölkə ilə təxminən 6 min kilometrlik quru sərhədi və Xəzər dənizi boyunca 700 kilometrlik sahil xətti var. Bu isə Tehrana alternativ ticarət yolları tapmaq imkanı verir.
İran nefti Çin istiqamətinə dəmir yolu ilə göndərilə bilər
İran yalnız idxal deyil, ixrac üçün də yeni marşrutlar axtarır. Xüsusilə neftin Çinə dəmir yolu ilə çatdırılması variantı müzakirə olunur.
İranın neft ixracatçıları birliyinin nümayəndəsi Həmid Hüseyninin sözlərinə görə, Çin hazırda İran neftinin təxminən 90 faizini alır.
İranın dəmir yolu infrastrukturu Çinin İvu və Sian şəhərlərinə qədər uzanır. Qazaxıstan–Türkmənistan–İran dəhlizi 2014-cü ildə istifadəyə verilib və 2025-ci ildə Çinin 10 min 400 kilometrlik yük xətti ilə genişləndirilib.
Ekspertlər hesab edirlər ki, dəmir yolu strateji baxımdan mühüm həcmdə neft daşımağa imkan versə də, yaxın perspektivdə tanker daşımalarını tam əvəz edə bilməyəcək. Bununla belə, bu marşrut Qərb donanmalarının nəzarət etdiyi su yollarından kənarda fəaliyyət göstərdiyi üçün Tehran üçün siyasi və logistik üstünlük hesab olunur.