18 beynəlxalq təşkilat Avropa Şurasının yeni baş katibinə Azərbaycandakı siyasi həbslərlə bağlı çağırış edib

18 beynəlxalq təşkilat Avropa Şurasının yeni baş katibinə Azərbaycandakı siyasi həbslərlə bağlı çağırış edib Foto: EUpravo
19 Sentyabr 2024
Mətni dəyiş

18 beynəlxalq insan hüquqları təşkilatı Avropa Şurasının yeni baş katibi Alen Berseyə məktub ünvanlayaraq Azərbaycanda insan hüquqlarının vəziyyəti, jurnalist və fəalların kütləvi həbsinə diqqət çəkiblər.

Məktubda qeyd olunub ki, Azərbaycanda insan haqları böhranı baş katiblik ofisinin yüksək prioriteti olmalıdır.

Bu barədə “Turan” məlumat yayıb.

Sentyabrın 18-də dərc olunan məktubda qeyd edilir ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsindən sonra, həmçinin Birləşmiş Millətlər Təşkilatı İqlim Dəyişikliyi Konfransı (COP29) ərəfəsində Azərbaycanda repressiyalar nəzərəçarpacaq dərəcədə intensivləşib.

“Ölkədə demək olar ki, heç bir müstəqil vətəndaş cəmiyyəti subyekti qalmayıb. Müstəqil media qurumlarının rəhbərləri həbs edilib, hakimiyyət orqanları hüquq müdafiəçilərinə, eləcə də alimlərə və tədqiqatçılara təzyiqləri artırıb. Repressiya getdikcə daha çox gənc fərdlərə yönəlir”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri, hüquq müdafiəçisi Anar Məmmədlinin aprel ayında saxta ittihamlarla yenidən həbs edildiyi qeyd olunan məktubda onun həbsinin Azərbaycanda 2024-cü ildə repressiyaların artmasının bir nümunəsi olduğu bildirilib.

“Aprelin 29-da mülki geyimli polislər tərəfindən saxlanılan Anar Məmmədlinin barəsində növbəti gün məhkəmə “qaçaqmalçılıq” ittihamı ilə həbs qətimkan tədbiri seçib. O, ittihamı qondarma adlandırıb.

Seçki hüququ və seçkilərin müşahidəsi üzrə tanınmış ekspert Anar Məmmədli həmçinin bu il fevralın 20-də ölkədə vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin edilməsi və ətraf mühitdə ədalətin bərqərar olması təşəbbüsü ilə təsis edilən COP29 - Ədalət Mühiti Təşəbbüsünün təsisçilərindəndir”, – deyə məktubda vurğulanıb.

Beynəlxalq təşkilatlar Anar Məmmədlinin həbsinin fevral ayında Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı aparılan monitorinqin ilkin nəticələrini dərc etməsindən və Ədalət Mühiti Təşəbbüsünün yaradılmasınının elan olunmasından dərhal sonra baş verməsinə diqqət çəkib.

“Anar Məmmədli Azərbaycanda yeganə siyasi məhbus deyil. Azərbaycan vətəndaş cəmiyyətinin məlumatına görə, ölkədə 300-dən çox siyasi məhbus var. Bu xüsusda fəal Famil Xəlilov, tədqiqatçı Bəhruz Səmədov, iqtisadçı Qubad İbadoğlu, Həmkarlar İttifaqı fəalı Afiəddin Məmmədovun adlarını çəkmək olar.

Azərbaycan hakimiyyəti müstəqil KİV-ləri təqib etməyə başlayıb, reydlər edib və “Abzas Media”, “Toplum TV”, “Kanal 13” ofislərini bağlayıb. Jurnalistlər – “Abzas Media”nın direktoru Ülvi Həsənli, redaktoru Sevinc Abbasova, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Akif Qurbanov, “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli, “Kanal 13”ün  direktoru Əziz Orucov və əməkdaşlar Şamo Eminov, Elnarə Qasımova, Nərgiz Absalamova və Əli Zeynal, həmçinin siyasi fəallar Tofiq Yaqublu və Ruslan İzzətli, araşdırmaçı jurnalist Hafiz Babalı həbs ediliblər”.

Məktubda bildirilib ki, Avropa Şurasının baş katibi bütün vasitələrdən yararlanaraq Azərbaycan hakimiyyətini Anar Məmmədli və siyasi motivlərlə həbs edilmiş digər hüquq müdafiəçiləri, fəallar və jurnalistləri azad etməyə çağırmalıdır.

“Bununla yanaşı, Azərbaycan hakimiyyəti hüquq müdafiəçilərini və vətəndaş cəmiyyətini hədəf alan və onların fəaliyyətini cinayət hesab edən qanunvericiliyi Venesiya Komissiyasının rəylərinə əsaslanaraq yenidən hərtərəfli nəzərdən keçirməyə çağırılmalıdır”.

Baş katib Alen Berse həmçinin COP29-da iştirakı zamanı Azərbaycan hakimiyyətinə siyasi dəstək verməkdən çəkinməyə, Azərbaycanın AŞPA deputatları da daxil olmaqla müstəqil qrupların konfransda iştirakına məhdudiyyət qoymasını pisləməyə çağırılıb.

Müraciəti Azərbaycanda Repressiyaların Dayandırılması Kampaniyası, Vətəndaş Azadlıqları Mərkəzi (Ukrayna), Dayaq Vətəndaş Şəbəkəsi (Ukrayna), Avropa Mübadiləsi, Avropa İnsan Hüquqlarını Müdafiə Mərkəzi, Demokratik Seçkilər Naminə Avropa Platforması, Helsinki İnsan Hüquqları Fondu (Polşa), İnsan Hüquqları Mərkəzi (Gürcüstan), Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), Beynəlxalq İnsan Hüquqları Tərəfdaşlığı (İPHR), Hollandiya Helsinki Komitəsi, Norveç Helsinki Komitəsi, Siyasi Məsuliyyət Fondu (Polşa), Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi (Moldova), işgəncələrə Qarşı Ümumdünya Təşkilatı (OMCT), ZMİNA İnsan Hüquqları Mərkəzi (Ukrayna) və digər təşkilatlar imzalayıblar

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun