Həftənin hərbi-siyasi icmalı: Çexiya ilə hərbi əməkdaşlığın perspektivləri, Avropaya inteqrasiya problemləri, Yerevan sammiti…

Həftənin hərbi-siyasi icmalı: Çexiya ilə hərbi əməkdaşlığın perspektivləri, Avropaya inteqrasiya problemləri, Yerevan sammiti…
4 May 2026
Mətni dəyiş

Həftə ərzində Azərbaycan və Ermənistanın Avropa qurumları ilə münasibətlərində diqqətçəkən proseslər baş verib. Ermənistanın paytaxtı hazırda iki mühüm Avropa sammitinə ev sahibliyi edir və bu tədbirlər ölkənin müstəqillik tarixinin ən böyük beynəlxalq siyasi hadisələri hesab olunur. Azərbaycan isə Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əlaqələri dayandırdığını bəyan edib. Bununla yanaşı, rəsmi Bakı Praqa ilə hərbi, iqtisadi və enerji sahələrində əməkdaşlığı gücləndirir və ötən həftə konkret layihələrə imza atılıb.

Çexiya-Azərbaycan münasibətləri: Ənənəvi xarici siyasət prinsiplərindən imtina

Aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri çərçivəsində iqtisadiyyat, enerji və turizm sahələri ilə yanaşı, müdafiə sənayesi sahəsində əməkdaşlıq da əsas müzakirə mövzularından biri olub. Ölkəsinin Azərbaycanda mövcud hərbi fəaliyyət imkanları barədə danışan Babiş bildirib ki, “Czechoslovak Group (CSG)” artıq Azərbaycanda fəaliyyət göstərir, birgə müəssisə yaradılıb və məhsul istehsal olunur.

Onun sözlərinə görə, Çexiya həmçinin “Kolt” silah istehsalçısı, “Aero Vodochody” və dövlətə məxsus “Explosia” şirkətləri ilə Azərbaycanda təmsil olunur: “Bu şirkətlərin hamısı birgə layihələr və əməkdaşlıq təklif edir. Artıq konkret layihələr var, lakin daha çox iş görə bilərik”.

Babiş qeyd edib ki, “Aero Vodochody” şirkəti köhnəlmiş “L-39” təyyarələrinə de-fakto xidmət göstərir və onları təmir edir: “Biz yeni “L-39NG” təyyarəsini təqdim edirik və onu dəyərləndirsəniz, şad olarıq”, - deyə Babiş birgə mətbuat bəyantında İlham Əliyevə müraciət edib. O əlavə edib ki, “Kolt” şirkəti beynəlxalq bazarda güclü mövqeyə malikdir və bütün dünyanı “əla məhsullar”la təchiz edir. “Şadıq ki, sizin polis və digər qüvvələr həmin məhsulları artıq tanıyır”, - deyə o qeyd edib.

“Kolt” şirkəti Azərbaycan polisi və digər təhlükəsizlik qüvvələri üçün əsasən atıcı silahlar və taktiki aksesuarlar istehsal edir.

“Czechoslovak Group” Azərbaycanda nə edəcək?

Çexiyanın “Czechoslovak Group (CSG)” müdafiə holdinqi elə bu günlərdə bildirib ki, Azərbaycanda zirehli maşınlara və digər quru hərbi texnikalarına xidmət göstərmək üçün yerli tərəfdaşla birgə müəssisə yaradacaq. “Reuters”in məlumatına görə, proqramın dəyəri “yüz milyonlarla avro” təşkil edir və ən azı 10 il davam edəcək uzunmüddətli investisiya kimi nəzərdə tutulub.

Birgə müəssisə CSG-nin “Excalibur Army Azerbaijani” şirkəti ilə adı açıqlanmayan yerli tərəfdaş arasında qurulacaq və “VEXA DS” adı altında fəaliyyət göstərəcək. Layihəyə təmir müəssisəsinin tikintisi də daxildir. Layihəyə şirkəti “regionun əhəmiyyətli oyunçusu” kimi formalaşdırmaq məqsədi ilə təmir müəssisəsinin tikintisi də daxildir.

“Tərəfdaşlıq sənaye əməkdaşlığına, nou-hau (texnoloji təcrübə) transferinə və yerli potensialın inkişafına əsaslanır”, - deyə bəyanatda bildirilir. Eyni zamanda, holding sözügedən layihəni Azərbaycanın Avropa tərəfdaşları ilə sənaye əməkdaşlığını inkişaf etdirmək və öz istehsal və xidmət imkanlarını gücləndirmək siyasətinə uyğun hesab edir.

Praqada yerləşən CSG Avropanın aparıcı müdafiə sənayesi qruplarından biridir. Şirkət ABŞ, Böyük Britaniya, İspaniya, İtaliya, Almaniya, Çexiya, Slovakiya, Serbiya və Hindistanda istehsal müəssisələri idarə edir və məhsullarını dünya miqyasında ixrac edir. Qrupa Excalibur Army, Tatra Trucks, MSM Group və The Kinetic Group daxildir. Şirkətdə 14 mindən çox əməkdaş çalışır və 2025-ci ildə gəlirləri 6,7 milyard avro olub.

Prezident İlham Əliyev Çexiya ilə müdafiə sənayesində əməkdaşlığı yüksək qiymətləndirərək bildirib ki, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlər var. Onun sözlərinə görə, Azərbaycan Çexiyadan hərbi təyinatlı məhsullar alır və hazırda birgə istehsal layihələri üzrə danışıqlar aparılır: “Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına gücləndirir və bu sahədə təcrübəsi olan Çexiya kimi ölkələrlə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır”.

Babiş bildirib ki, onun birinci müavininin bu il yenidən Azərbaycana səfər etməsi barədə razılıq əldə olunub. Eyni zamanda İlham Əliyev Çex Respublikasına səfər təklifini də qəbul edib.

“Çexiya NATO-da Azərbaycan üçün qapıları aça bilər”

Praqada yerləşən Beynəlxalq Münasibətlər Assosiasiyasının tədqiqatçısı Pavel Havliçek “Abzas Media”ya müsahibəsində bildirib ki, bu səfər Baş nazir Andrey Babişin rəhbərliyi altında Çexiyanın yeni xarici siyasət yanaşmasını nümayiş etdirir:

“Bu siyasət tamamilə milli maraqların izlənməsi üzərində qurulub və Çexiya xarici siyasətinin ənənəvi prinsiplərindən, o cümlədən dəyərlər ölçüsündən, demokratiya və insan hüquqlarına hörmətdən imtina edilməsini nəzərdə tutur”.

Onun sözlərinə görə, səfərin əsas məqsədlərindən biri enerji əməkdaşlığı olub:

“Çexiya hökumətinin nümayəndələri Bakıya enerji tədarükü, xüsusilə də təbii qaz üçün gəlmişdilər və burada yeni razılaşmalar əldə edildi. Bu, əsasən xam neft mübadiləsinə əsaslanan onsuz da mövcud olan güclü enerji dialoqunu və əməkdaşlığını tamamlayır”.

Havlíçek bildirir ki, Azərbaycan və Çex Respublikası arasında müdafiə sahəsində də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur:

“Çexiya artilleriya, hərbi təyyarələr və ya passiv radiolokatorlar daxil olmaqla, hərbi sahədə istifadə olunan bir neçə sektorda və digər mürəkkəb texnologiyalarda güclü texnoloji təcrübəyə malikdir ki, bu da maraq doğura bilər”.

Bəs, Azərbaycanın Çex Respublikası ilə silah və müdafiə istehsalı sahəsində əməkdaşlığının genişləndirilməsi ölkənin NATO ilə münasibətlərinə təsir göstərə bilər? Pavel Havliçek düşünür ki, bu məsələ ilk növbədə qonşu Ermənistanla münasibətlərin normallaşmasından asılıdır.

“Azərbaycan, xüsusən də Cənubi Qafqaz bölgəsində sabitliyi təşviq edərsə və Rusiyanın bölgədəki iddialı davranışına qarşı durmağa davam edərsə, NATO üçün daha yaxşı müttəfiq ola bilər. Eyni zamanda, Çexiya, müsbət yanaşıldığı təqdirdə, Alyansda qapıları açan və gündəmə gətirən bir ölkə ola bilər”, - deyə o qeyd edir.

Ekspert eyni zamanda bildirir ki, Çex Respublikasının Ermənistanla münasibətləri uzunmüddətli, sabit və müsbətdir.

“Çexiyanın regiona yönəlik xarici siyasəti hər iki tərəfdaş arasında balans yaratmaq məntiqinə, yəni “bərabər məsafəli yanaşma” prinsipinə əsaslanır. Bu mənada Çexiya hər iki tərəflə əməkdaşlığı təşviq edib və onların münasibətlərinin normallaşması prosesini dəstəkləyib”, - deyə o qeyd edib. 

Çexiyanın Ermənistanla hərbi əlaqələri

Çexiya ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıq 2019-cu ildə imzalanmış saziş əsasında inkişaf edir. Ermənistan parlamenti sazişi 2023-cü ildə ratifikasiya edib.

Ermənistan Müdafiə Nazirliyi bildirib ki, bu saziş iki ölkə arasında hərbi məhsulların istehsalı, idxal-ixracı, lisenziyalaşdırılması, keyfiyyətə nəzarət, kadr hazırlığı və informasiya mübadiləsini əhatə edir. Eyni zamanda, hərbi-texniki məsələləri koordinasiya etmək üçün xüsusi işçi qrupunun yaradılması nəzərdə tutulur.

Çexiya ilə Ermənistan arasında hərbi sahədə hüquqi bazanın tamamlandığı bildirilsə də, hazırda əməkdaşlıq əsasən təhsil, texniki xidmət və qeyri-öldürücü avadanlıqlarla məhdudlaşır. Bu, Azərbaycanla planlaşdırılan genişmiqyaslı layihələrlə müqayisədə daha məhdud xarakter daşıyır.

Yerevanda Avropa günləri: iki sammit keçirilir

Yerevanda bu gün Avropa Siyasi Birliyinin (ASB) 8-ci sammiti keçirilir. 2022-ci ildə - Ukraynadakı müharibədən sonra yaradılan bu platforma Avropada təhlükəsizlik və sabitliyi gücləndirməyi hədəfləyir. Növbəti sammitin 2028-ci ildə Bakıda keçirilməsi planlaşdırılır.

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Yerevan Zirvə Toplantısı əməkdaşlığı gücləndirmək, etimadı artırmaq, təhlükəsiz, dinc və vahid Avropa üçün ortaq bir vizyon irəli sürmək üçün liderləri və tərəfdaşları bir araya gətirmək məqsədi daşıyır.

Onun sözlərinə görə, hibrid təhdidlərdən və demokratik dayanıqlılıqdan tutmuş əlaqə və enerjiyə qədər həyati əhəmiyyətli mövzuları müzakirə etmək imkanı yaranıb. Paşinyan bildirib ki, toplantının Yerevanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

“Dünyanın ən qədim davamlı məskunlaşmış şəhərlərindən biri olan Yerevan dözümlülük və yenilənmə simvolu kimi çıxış edir və Ermənistanın regionlar və mədəniyyətlər arasında körpü rolunu əks etdirir. Ermənistan üçün bu Zirvə Toplantısı həm Avropa tərəfdaşlarımızla əlaqələrimizdə bir mərhələ, həm də demokratik dəyərlərə və qanunun aliliyinə olan güclü və sarsılmaz sadiqliyimizi bir daha təsdiqləmək üçün bir fürsətdir”, - deyə o bildirib.

ASB-nin 8-ci Zirvə Görüşü "Gələcəyin Qurulması: Avropada Birlik və Sabitlik" devizi altında keçirilir. Bu tədbirə 48 dövlət və hökumət başçısı dəvət olunub. Kanadanın baş naziri Mark Karni xüsusi qonaq qismində dəvət olunub. Bu, ASB tarixində ilk qeyri-Avropa ölkəsinin iştirakıdır.

Tədbirdə Azərbaycanın iştirakı nəzərdə tutulmur. Bu barədə bir neçə gün öncə xarici işlər naziri Ceyhun Bayramov bildirmişdi. Onun sözlərinə görə, prezident İlham Əliyevin sıx qrafikində və təqvimində may ayında belə səfər nəzərdə tutulmayıb.

Sammitin ardınca, mayın 5-də Ermənistan və Avropa Birliyi arasında tarixdə ilk dəfə ikitərəfli zirvə toplantısının keçirilməsi planlaşdırılır. Burada məqsəd AB-Ermənistan münasibətlərini strateji səviyyəyə qaldırmaq, enerji və rəqəmsal sahədə əməkdaşlığı gücləndirməkdir. Görüşdə həmçinin viza liberallaşdırılması üzrə dialoqun inkişafı və Ermənistanın AB-yə üzvlük perspektivləri müzakirə edilməsi gözlənilir. Liderlər həmçinin Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, əlaqənin və rifahın təmin edilməsi ilə bağlı irəliləyişləri, eləcə də Yaxın Şərq və Ukraynadakı son inkişaflar da daxil olmaqla, mövcud qlobal problemləri müzakirə edəcəklər.

Ermənistan CEPA sazişi çərçivəsində demokratiya, şəffaflıq və qanunun aliliyinə əsaslanan hərtərəfli islahat gündəliyini - xüsusən də korrupsiyaya qarşı mübarizə, məhkəmə sisteminin islahatı və vətəndaşlar qarşısında hesabatlılığının artırılması, hamı üçün bərabər iqtisadi, məşğulluq və sosial imkanların təmin edilməsini öhdəsinə götürüb.

Bəzi siyasi qüvvələr isə sammitlərin seçkilər ərəfəsində hakimiyyətə birbaşa siyasi dəstək məqsədi daşıdığını iddia edir.

Bu arada, Azərbaycan Milli Məclisi mayın 1-də Avropa Parlamenti ilə əməkdaşlığı dayandırdığını açıqlayıb. Rəsmi Bakı bu addımı qurumun “qərəzli siyasəti”, "böhtan kampaniyaları" və aprelin 30-da qəbul edilmiş Ermənistanla bağlı yeni qətnaməyə cavabla əlaqələndirir. Bu, 2024-cü ildə AŞPA ilə yaranmış oxşar böhrandan sonra Avropa qurumları ilə münasibətlərdə ən kəskin gərginliklərdən biri hesab olunur

  

Müəllif: Cəsur Məmmədov

 

 

 

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun