Almaniyada Rusiya əleyhinə yeni sanksiyalar barədə müzakirələr aparılır

Almaniyada Rusiya əleyhinə yeni sanksiyalar barədə müzakirələr aparılır
7 Oktyabr 2016
Mətni dəyiş
Almaniya hökuməti Rusiya ilə bağlı yeni sanksiyaları müzakirəyə çıxarıb.
Hazırda davam edən diskussiyaların gedişindən xəbərdar olan mənbə "The Wall Street Journal"a bu barədə məlumat verib.
Məlumata əsasən, sanksiyalar Moskvanın Suriyadakı siyasəti ilə bağlıdır. Mənbənin sözlərinə görə, hazırda erkən mərhələdə olan dialoq iqtisadi xarakterli tədbirlərin məhdudlaşdırılması ilə bağlıdır. İndiki mərhələdə irəli sürülən təşəbbüsü kansler Angela Merkelin Xristian-Demokrat İttifaqının hakim koalisiyadakı tərəfdaşı sosial-demokratların dəstəkləyəcəyi, yoxsa qarşı çıxacağı məlum deyil.
Almaniya XİN-in sözçüsü dünən keçirdiyi mətbuat konfransında Rusiyaya qarşı sanksiyalara dair verilən sualı belə cavab vermişdi: "Hazırkı məqamda mən bu təklifin Berlindən, yaxud da başqa yerdən, kim tərəfindən verildiyini bilmirəm". Almaniya hökumətinin alman-rus ictimaiyyətlərarası əməkdaşlıq üzrə səlahiyyətli nümayəndəsi Hernot Erler "ZDFheute.de" telekenalının xəbər portalına bildirib ki, bu mövzu ilə bağlı artıq ilkin fikirlər mövcuddur: "Sanksiyalar siyasətinin Ukrayna münaqişəsində olduğu kimi həyata keçirilməsi ürəkaçan olmadığı kimi onun təkrarlanması da məqbul deyil".
Berlin 2014-cü ilin yayında Ukraynada baş verən hadisələrlə əlaqədar olaraq Avropa dövlətlərinin sanksiyalarına qoşulmuşdu. Qərbin bu məhdudiyyətləri aradan qaldırması üçün Donbasda situasiyanın nizamlanmasına dair Minsk razılaşmasının şərtlərinə əməl edilməsi qeyd olunurdu.
Razılaşmaya görə, Kiyev 2015-ci ilin sonuna qədər Konstitusiya islahatlarını həyata keçirməli idi. İslahatların əsas elementləri isə ondan ibarət olmalıydı ki, Donetsk və Luqansk rayonlarının xüsusi statusu ilə bağlı qanunların qəbul olunması yolu ilə mərkəzləşmədən əl çəkilməlidir. Lakin Ukrayna hökuməti indiyə qədər razılaşmanın bu hissəsini yerinə yetirməyib. Kreml Qərbin Minsk anlaşmasının reallaşmaması ilə bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini absurd hesab edir.
Rusiya hesab edir ki, o, münaqişə tərəfi və Ukraynada nizamlanma prosesinin subyekti deyil.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun