Gürcüstanda parlament seçkilərinin nəticəsi açıqlanıb

Gürcüstanda parlament seçkilərinin nəticəsi açıqlanıb
31 Oktyabr 2016
Mətni dəyiş
Gürcüstan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin məlumatlara görə, hakim Gürcü Arzusu Partiyası 50 majoritar dairənin 49-da qalib gəlib.
Azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin mərkəzindəki məntəqələrdə keçirilmiş seçkinin də qalibi müəyyən olunub.
MSK-nın açıqladığı ilkin rəqəmlərə görə, Gürcü Arzusu Partiyasının namizədi Tamaz Naveriani seçicilərin 75.12 faizinin səsini toplayıb, onun müxalif Vahid Milli Hərəkatdan olan rəqibi Əhməd İmamquliyevin səs faizi isə 27. 85 faiz təşkil edib.
Əhməd İmamquliyev Gürcüstan mediasına verdiyi açıqlamasında Tamaz Naverianinin qələbəsinin legitim olmadığını deyib. Onun sözlərinə görə, hakimiyyət birinci turda olduğu kimi, bu dəfə də insanları qorxudub və nəticələri saxtalaşdırıb.
Seçkilərin gedişatında müxalifətdən olan namizədlər hakimiyyətin seçicilərə təzyiq etdiyini, dövlət orqanlarında çalışan insanlara öncədən işarələnmiş bülletenlərin verilməsi barədə məlumatlar verirdilər.
Gürcü Arzusu Partiyası yaydığı bəyanatda bunlarn həqiqəti əks etdirmədiyini və müxalif partiyanın ictimaiyyəti yanıltmaq cəhdi kimi qiymətləndirdiyini deyib.
Oktyabrın 8-də seçkilərin ilk turunda və oktyabrın 22-də keçirilmiş təkrar səsvermədə Əhməd İmamquliyev qalib olsa da, 50 faizlik həddi keçmədiyi üçün qələbəsi rəsmiləşməmişdi.
Oktyabrın 30-da Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirilib. Azərbaycanlıların kompakt yaşadıqları Kvemo-Kartli regionunun Marneuli bələdiyyəsində hakim Gürcü Arzusu və müxalif Vahid Milli Hərəkatın namizədləri mübarizə aparıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun