20 Sentyabr 2016
Mətni dəyiş
Qırğızıstan prezidenti Almazbek Atambayevürəyində yaranmış problemə görə BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirak edə bilməyəcək.
Bu barədə Qırğızıstan prezidentinin rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, ilkin tibbi müayinə zamanı 60 yaşlı A. Atambayevin ürəyində problem aşkarlanıb. Bununla əlaqədar, dövlət başçısı bir müddət həkimlərin nəzarəti altında olacaq. O, qısamüddətli məzuniyyətə çıxıb.
BMT baş Assambleyasında isə Qırğızıstan nümayəndə heyətinə xarici işlər naziri Erlan Abdıldayev rəhbərlik edəcək.
Qeyd edək ki, Almazbek Atambayev 2011-ci ildən Qırğızıstanın prezidentidir. Bundan əvvəl isə o, bir neçə il baş nazir postunu tutub.
Türkiyəli həkimlər ürəyində ağrılar olan Qırğız prezidenti Almazbek Atambayevin sentyabrın sonuna qədər Türkiyədə həkim nəzarətində qalmasını tövsiyə ediblər.
"Hürriyet" qəzetinin verdiyi məlumata görə, bu barədə Türkiyə Prezident Administrasiyasının saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd edilib ki, dünən axşam A. Atambayev İstanbul Atatürk havalimanında Nyu-Yorka uçan təyyarəyə minmədən öncə özünü pis hiss edib. Sinəsindəki ağrılardan şikayətlənən Qırğız prezidentinə ilk tibbi yardım göstərən həkimlər onun hərtərəfli müayinədən keçməsini tövsiyə ediblər.
Buna görə də Nyu-Yorkda BMT Baş Assambleyasının toplantısında A. Atambayevin əvəzinə ölkənin xarici işlər naziri Erlan Abdıldayevin iştirak edilməsi barədə qərar verilib. Dünən gecə A. Atambayev İzmirə gəlib və həkim müayinəsindən keçib. Qırğız prezidenti hazırda Çeşmədə istirahət edir.
Qeyd edək k, A. Atambayev ötən gün Bişkekdə MDB-yə üzv dövlətlərin liderlərinin iştirakı ilə 60 yaşını qeyd edib.