5 Sentyabr 2016
Mətni dəyiş
Cənubi Sudan daha əvvəl suverenliyinin pozulması kimi xarakterizə edib rədd etdiyi Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının ölkəyə 4 min yeni sülhməramlı qüvvələri yerləşdirmək istəyini qəbul edib.
Cənubi Sudanın 4 min əsgəri qəbul etmə qərarı, BMT TŞ-nın Cənubi Sudan Dövlət Başçısı Salva Kir ilə görüşünün ardından verilib. Görüşdə BMT rəsmiləri bildirib ki, əgər yerli hökümət təklif edilən qərarı qəbul etməzsə, ölkəyə silah embarqosu tətbiq olunacaq.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samantha Power keçirdiyi mətbuat konfransında, BMT sülhməramlılarının Cənubi Sudanda yerləşdirilməsi mövzusunda hökumətlə razılaşdıqlarını elan edib: "Cuba rəhbərliyi avqust ayında BMT TŞ-nın verdiyi qərarı təsdiqlədi".
Power, hökumətin BMT missiyası üzvlərinə gətirilən məhdudlaşdırmaların aradan qaldırılmasını da qəbul etdiyini bildirib.
Mətbuat konfransında iştirak edən Cənubi Sudan rəsmisi Martin Elia Lomoro isə milli birlik hökumətinin, ölkədəki BMT missiyası üzvlərinin sərbəst şəkildə hərəkəti üçün çalışacağını və missiyanın işini zəmanət altına almaq üçün dekabr ayında əhatəli plan hazırlayacaqlarını deyib. Hökumətin ölkədə köməyə möhtac insanların vəziyyətinin yaxşılaşdırılmasına çalışdığını vurğulayan Lomoro, "4 min əsgərdən ibarət olan sülhməramlılara qatılan dövlətlərə etirazımız yoxdur, lakin onların icra edəcəyi vəzifələr mövzusunda müzakirələr hələ davam edir", - deyə qeyd edib.
Xatırladaq ki, yeni gələn qüvvələrdən əlavə hazırda Cənubi Sudanda BMT-nin 12 min sülhməramlısı fəaliyyət göstərir.