Şimali Koreyada daşqınlar nəticəsində on minlərlə insan didərgin düşüb

Şimali Koreyada daşqınlar nəticəsində on minlərlə insan didərgin düşüb
13 Sentyabr 2016
Mətni dəyiş

Humanitar yardım təşkilatları xəbərdarlıq edirlər ki, Şimali Koreya on minlərlə insanın didərgin düşməsinə səbəb olan daşqına görə fəlakətlə üz-üzədir.  BMT və Beynəlxalq Qırmızı Xaç bildirir ki, rəsmilər 133 ölüm halının qeydə alındığını və 400 nəfərin itkin düşdüyünü deyib.

Daşqınlar Lionrock qasırğasının nəticəsində yaranıb. Xilasedici qruplar ən çox zərər çəkmiş ərazilərə hələ gedə bilməyib.

Beynəlxalq Qırmızı Xaç təşkilatının Şimali Koreya nümayəndəliyinin rəhbəri Chris Staines bildirib ki, ölkə "çox böyük və mürəkkəb fəlakətlə" üzləşib.  "Daşqınlara görə didərgin düşmüş adamların vəziyyəti ağırdır və xüsusilə insanların sağlamlığı ilə bağlı ikinci fəlakət baş verə bilər" o AFP agentliyinə bildirib.

BMT-nin Humanitar Əlaqələr üzrə Koordinasiya ofisi bildirib ki, 140 min insana "təcili yardım" lazımdır. Dövlət mediası bildirib ki, rayonlarda insanlar "böyük zərər" çəkib. BMT-nin Şimali Koreyadakı nümayəndəsi Murat Şahin isə qeyd edib ki, fəlakət "rəsmilərin təsvir etdiyindən də böyükdür". Qeyd edək ki, Şimali Koreya adətən ərzaq çatışmazlığından əziyyət çəkən ölkədir və bu səbəbdən əhalini yedirmək üçün xarici yardımdan asılıdır. BMT bu il Şimali Koreyaya 8 milyon dollar humanitar yardım ayırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun