1 Sentyabr 2016
Mətni dəyiş
ABŞ-da Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donal Trumpın Meksika səfəri ziddiyətli açıqlamalarla nəticələnib.
Trump və Meksikanın dövlət başçısı Enrique Pena Nieto, Trumpın ABŞ-ın Meksika ilə sərhədinə divar çəkilməsi və maliyyəsinin də Meksika dövləti tərəfindən qarşılanması tələbinin müzakirə edilib edilmədiyi ilə bağlı ziddiyətli açıqlamalar veriblər.
Donald Trump məsələnin danışıldığını bildirsə də, Pena Neto bunun doğru olmadığını bildirib. ABŞ-a qayıdan Trump, divarın xərcini Meksika tərəfinin qarşılayacağını bildirib.
Meksika prezidenti Pena Nieto isə "twitter" şəbəkəsində, Trumpla görüşün hələ əvvəlində divarın çəkilməsinin maddi tərəfini qarşılamayacaqlarını dediyini yazıb.
Trumpın ziyarəti Meksikada birmənalı qarşılanmayıb. Belə ki, meksikalılara qarşı dəfələrlə alçaldıcı və irqçi ifadələr işlədən Trumpın Meksikaya gəlməyi ölkədə etirazlara səbəb olub. Ölkə başçısı Pena Nieto Trumpın bu ifadələrdən məyus olduqlarını ancaq, hər iki ölkənin xeyrinə olacaq münasibətləri inkişaf etdirməyi arzuladıqlarını bildirib.
Qeyd edək ki, milyarder iş adamı Trump, prezident seçiləcəyi təqdirdə Meksika ilə sərhəd divarı çəkəcəyini, əks halda ABŞ-da yaşayan meksikalıları deportasiya edəcəyi ilə təhdid etmişdi.