ABŞ və İran arasında müvəqqəti atəşkəsin uzadılması məsələsi gündəmdədir. Tərəflər sülh sazişi üzrə danışıqları davam etdirmək üçün möhləti daha iki həftə artırmağı nəzərdən keçirir, lakin əsas mübahisəli mövzular hələ də həllini tapmayıb
ABŞ və İran aprelin 21-də başa çatan müvəqqəti atəşkəsi daha iki həftə uzatma ehtimalını müzakirə edir. Məqsəd sülh sazişi üzrə danışıqları davam etdirməkdir. Bu barədə “Bloomberg” agentliyi mənbəyə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, tərəflər arasında vasitəçilər ən mübahisəli məsələləri həll etmək üçün texniki danışıqlar təşkil etməyə çalışır. Bu məsələlərə Hörmüz boğazında gəmiçiliyin bərpası və İranın uran zənginləşdirməsi problemi daxildir.
ABŞ rəsmisi “Bloomberg”ə bildirib ki, atəşkəsin uzadılacağına dair heç bir zəmanət yoxdur və Vaşinqton hələ bu qərarı təsdiqləməyib. İran Xarici İşlər Nazirliyi isə vəziyyətlə bağlı şərh sorğusuna cavab verməyib.
Müzakirələrin gedişi ilə tanış olan digər mənbənin sözlərinə görə, nə ABŞ, nə də İran hərbi əməliyyatların yenidən başlamasında maraqlıdır.
Tərəflər aprelin 8-dən etibarən iki həftəlik müvəqqəti atəşkəs barədə razılığa gəlmişdilər. Daha sonra İslamabadda keçirilən danışıqlarda müharibənin başa çatdırılması ilə bağlı razılıq əldə olunmayıb.
“The New York Times”ın yazdığına görə, danışıqlar zamanı ABŞ İrana 20 il müddətinə uran zənginləşdirmədən imtina etməyi təklif edib. Tehran isə bu müddətin 5 il olmasında israr edib. Müzakirələrin digər mühüm mövzusu Hörmüz boğazında gəmiçiliyin bərpasıdır. Qlobal neft tədarükünün təxminən beşdə biri bu marşrutdan keçir. Lakin əsas fikir ayrılığı İranın nüvə proqramından imtinası məsələsi olaraq qalır.
Pakistanın “Geo” telekanalı mənbələrə istinadən bildirib ki, ABŞ və İran arasında danışıqların ikinci raundu gələn həftənin sonunda - 26 aprelə qədər olan müddətdə - İslamabadda keçirilə bilər.
ABŞ prezidenti Donald Tramp aprelin 14-də bildirib ki, fevralın 28-də başlayan müharibə “sona yaxınlaşır”.
Bu arada, ABŞ Konqresinin Senatı prezident Donald Tramp administrasiyasını İranla müharibəni dayandırmağa və qoşunları geri çəkməyə çağıran qətnaməni qəbul etməyib.
“Associated Press”in məlumatına görə, demokratların hazırladığı sənədin lehinə 47 senator səs verib, 52 senator isə əleyhinə çıxıb. Senatda çoxluq Respublikaçılar Partiyasına məxsusdur.
Demokratlar İranla müharibəni qanunsuz və lazımsız hesab edir və münaqişə başa çatana qədər bu məsələ üzrə səsvermələrin davam etdiriləcəyini bildirirlər.
“Associated Press” qeyd edir ki, bu, 2026-cı ildə Senatın hərbi səlahiyyətləri faktiki olaraq prezidentə ötürdüyü artıq dördüncü haldır. 1973-cü il tarixli “Hərbi səlahiyyətlər haqqında” qanuna əsasən, Konqres müharibənin başlanmasından 60 gün ərzində onu rəsmən elan etməli və ya hərbi əməliyyatlara icazə verməlidir. Bu müddət aprelin sonuna qədər başa çatır, lakin əlavə 30 gün uzadıla bilər.
Konqres üzvləri Donald Tramp administrasiyasının yaxın vaxtlarda münaqişənin dayandırılması ilə bağlı plan təqdim edəcəyinə ümid edir.
Foto: Le Monde