Qadın məhkum əvvəlcə burnunu tutub sonra dəmir qazanın qapağını qaldırır. Bu dəfə axşam yeməyinə məhkumların “seçka” (qarabaşaq qırıntısı) adı verdiyi yemək göndərilib. Qadın qazanın qapağını qoyub üz tutur mətbəxə. Axşam yeməyinə nə bişirəcəyini götür-qoy edir. Çünki müəssisənin verdiyi yeməyin heç qoxusuna dözə bilmir, qalmışdı dadına...
Gəldiyi kimi geri göndərilən yeməklər
Lənkəran Penitensiar Kompleksində (Lənkəran PK) səhər yeməyinə ya manna sıyığı, ya perlova, ya da seçka verilir. Bazar günlərinin menyusu isə dəyişməzdir: qaynadılmış yumurta. Günorta yeməyi üçün adətən bu yeməklərdən biri göndərilir: toyuq şorbası, makaron şorbası, bəzən ətli borş, bəzən də yaşıl noxud (qorox) şorbası.
Axşam yeməyi üçün qazandan perlova, qreçka, seçka da çıxdığı olur, balıq, kiçik toyuq hissələri ilə vermişel, makaron da.
Qadın məhkumlar, adətən, müəssisənin verdiyi, içərisində toyuq əti olan yeməklərdən əti götürüb yuyub, yenidən qaynadıb istifadə edirlər. Qaynadılmış kartofları da əzib peroşki bişirilər. Yeyə bilmədikləri yeməkləri isə olduğu kimi qazanda geri qaytarırlar.
Məhkumlara müəssisənin verdiyi yeməkdən qalan həm də ağır “balanda” (müəssisədə məhkumlara verilən yemək) qazanının yüküdür. Qapıya qoyulan yeməyi götürmək üçün zəng gələndə qadınlar bu işi bir-birinin üzərinə atmağa çalışır. İş kimin üstünə qalsa, o, bir əlində ağır qazan, digər əlində çörək torbası ilə Nəzarət Buraxılış Məntəqəsindən (NBM) korpusun yeməkxanasına gəlir. Heç bir saat keçməmiş içi dolu balanda qazanını yenə özünə yük edib gətirdiyi kimi geri qaytarır.
“Balanda çox vaxt yeyilmədiyi üçün yeməyi olduğu kimi olduğu kimi qaytarırıq. Deyirik ki, yeyilmir, göndərməyin. Nəzarətçi deyir, yeyilsə də, yeyilməsə də yeməyin korpusa keçirildiyi görünməlidir” – məhkumlar deyir. Görüntü üçün qapıdan keçirdikləri yemək məhkumların boğazından keçmir. Həm israf olmasın, həm də özləri istədiyi yeməyi bişirə bilsinlər deyə məhkumlar kompleksin yetkililərindən ərzaqların çiy halda verilməsini dəfərlərlə istəyib. Lakin bunun mümkünsüz olduğu cavabını alıblar: “Mümkün deyil. Həm harda yazılıb ki, belə olmalıdır?!” – deyə rəisin təsərrüfat üzrə keçmiş müavini Şahmar Bağırov cavab vermişdi.
Kağızdan gerçəyə keçməyən qərarlar
Məhkumların yemək və maddi məişət normaları Nazirlər Kabinetinin (NK) 154 nömrəli qərarı ilə təsdiqlənib. Həmin qərarda cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar üçün ərzaq normaları müəyyənləşdirilib.
Lakin Lənkəran PK-da saxlanılan məhkumlar bu haqlarından xəbərsizdir. Onlar NK-nın qərarında qeyd olunan ərzaqların çoxu ilə təmin edilmir. Siyahıda un, makaron, bitki yağı, şəkər tozu, quru çay, duz, dəfnə yarpağı, tomat pastası, kartof və tərəvəzlər yer alsa da, məhkumlara verilmir. Onlar bu ərzaqları yaxınları sovqat gətirirsə, əldə edə bilirlər. Bu isə ailələrinin xərcini bir az da artırır.
Görüş günləri yaxınlaşdıqca qadın məhkumlar sovqat siyahılarına son əlavələrini edirlər. Siyahıda dövlətin verməli olduğu ərzaqlar yer alır. Məsələn, kartof, soğan, bitki yağı, quru çay, toyuq əti... Onlar bu ümumi ehtiyaclarını sıxıla-sıxıla evdən istəyirlər. Qiymətlər bahalaşdıqca cəza müddətlərinin keçdiyi hər il məhkumlara gələn sovqat sayı da yavaş-yavaş azalır. Deyirlər, əgər müəssisədə müəyyən ərzaqlar verilsəydi, evə tapşırdıqları siyahını kiçildib ailələrinə daha çox yük olmazdılar.
NK-nın qərarında qeyd olunanlardan məhkumlara çatan gündəlik çörək və hər adama 10 qram kərə yağıdır. Qadınlar müəssisədə verilən yağı yığıb evlərindən göndərilən yağla birlikdə əridirlər. Yemək bişirəndə bu qarışımdan istifadə edirlər. Duru yağlarının azaldığını görəndə sovqat günlərinə qədər qənaət etməyin yolunu da tapıblar: işlədilmiş yağı süzüb yenidən istifadə etmək kimi.
NK-nın qərarına əsasən, məhkumlara müxtəlif tərəvəzlər də verilməlidir. Lakin məhkumların tərəvəz adına gördükləri sadəcə kökdür. O da ki, ancaq bayramdan bayrama rəisin hədiyyəsi kimi təqdim olunur. Elə aş-qara da “balanda” qazanından ancaq bayram günlərində çıxır. Belə günlərdə aşın yanında hər adama 200 ml təbii yox, kimyəvi tərkibli meyvə şirəsi də göndərilir. “Bonjous” və “Vitamix” adlı bu şirələr Azərbaycan Respublikasının III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Qasımovun atası Lütvəli Qasımova aiddir.
Elçin Qasımov uzun illər Ədliyyə Nazirliyinin aparatında müxtəlif məsul vəzifələrdə işləyib. Sonradan nazirlikdə baş idarə rəisi vəzifəsində çalışıb. Son olaraq 2023-cü ilin avqustunda nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi vəzifəsinə təyin edilib. Qasımov 2024-cü ildə bu vəzifədən azad edilib. Ancaq III dərəcəli Dövlət Ədliyyə Müşaviri rütbəsini daşımaqdadır.
Məhkumlara verilən kompotlar da geri qaytarılanlar siyahısındadır. 7 ay ərzində təxminən 10 dəfə 5 litrlik qablarda kompot göndərilib. Rəngi bulanıq olan bu kompotlar da içilmir. Bəzən dolu halda, bəzən də boşaldıb qabını geri göndərirlər.
Kompleksdə meyvə də məhkumlara hədiyyə kimi təqdim olunur. 2025-ci ilin sentyabrından bir neçə dəfə alma, 2 dəfə isə armud göndərilib.
Rəisin təsdiq etdiyi menyudakı kəm-kəsirlər
Məhkumların qidalanması üçün tərtib edilən menyunu müəssisə rəisi təsdiq edir. NK-nın qərarında qeyd olunur ki, menyu tərtib edilərkən xörəklərin müxtəlifliyi təmin edilməli, iqlim və mövsüm nəzərə alınmalıdır. Lakin Lənkəran PK-da artıq 3-cü fəsildir ki, menyu dəyişməzdir.
NK-nın sözügedən qərarının 9 və 10 nömrəli əlavələrində bir sıra ərzaq məhsulları qeyd olunub. O ərzaqlardan həm də məhkumlar üçün bişirilən yeməklərdə istifadə edilməlidir. Amma “balanda”da həmin ərzaqların çoxu gözə dəymir. Bəzilərindən isə nadir hallardan istifadə olunur. Məsələn, qərarda ət-bitki və balıq-bitki konservləri yazılsa da, müəssisədə 8 ayda cəmi 4 dəfə məhkumlara balıq konservi göndərilib.
9 nömrəli əlavədə qeyd olunub ki, menyu tərtib edilərkən müxtəlif xörəklərin alınması üçün ərzaqları bir-biri ilə dəyişdirmək olar. Amma müəssisədə məhkumlara bişirilən yeməklərin müxtəlifliyi təmin edilmədiyindən istifadə edilən ərzaqlar bir-biri ilə dəyişdirilmir. Bəs əslində necə olmalıdır?
Əlavəyə əsasən, əti içalat məmulatları, qaxac ət, bişmiş kolbasa və sosiska, hisə verilmiş ət, ya da ət konservləri ilə dəyişdirmək olar. Amma “balanda”da bu məhsulların istifadəsi çox gözə dəymir. Hərdən verilən ət yeməyi sadəcə bir neçə dəfə toyuq içalatı ilə əvəz edilib. Doğranmış, bişmiş sosiska da əvvəllər bir neçə dəfə vermişelin üzərində verilib. Karamel, mürəbbə, cem, pavedla, marmelad və peçenye həmin əlavədə şəkərin dəyişdirilə bilinəcəyi ərzaqlar siyahısında qeyd olunub. Lakin nə şəkərin özü verilir, nə də onun alternativləri.
Qəhvə və alternativləri kimi qeyd olunan kakao tozu, qəhvə içkisi və həll olan qəhvə də sadəcə kağız üzərində qalan ərzaqlar sırasındadır.
Səhər yeməyi üçün göndərilən manna sıyığı südlə hazırlanır. Südü dəyişdirə biləcəkləri ərzaqlardan qatıq, qaymaq, xama, kəsmik, pendir, əridilmiş pendir isə məhkumların süfrəsinə gəlib çıxmır.
Əməl olunmayan öhdəliklər…
Azərbaycanın əməl etməyə öhdəlik götürdüyü Avropa Penitensiar Qaydalarının 22.1-ci bəndində yazılıb:
“Məhbuslar onların yaşı, səhhəti, dini, mədəniyyəti və işin xarakteri nəzərə alınmaqla kompleks yeməklə təmin edilməlidirlər”.
Qadın məhkumların arasında yüksək təzyiq və diabetdən əziyyət çəkənlər var. Amma bu məhkumların xəstəlikləri ümumiyyətlə qeydə alınmayıb.
Müəssisənin yeməklərindən imtina edən təkcə məhkumlar deyil, həm də öz əməkdaşlarıdır. Hər gün korpusa “balanda” qazanından əvvəl kiçik qazanda başqa yemək də göndərilir. Bu, əməkdaşlar üçün bişirilən yeməkdir. Lakin əməkdaşlar da bu yeməkləri çox vaxt yemirlər. Özləri ilə ya evdən yemək gətirirlər, ya da məhkumların bişirdiyini yeyirlər.
Müəssisə rəhbərliyini təlaşa salan xəbər – “Yoxlama gəlir”
Yoxlama gələndə isə mətbəxtə çaxnaşma düşür. Müavinlər, əməkdaşlar təlaşla mətbəxin təmizliyi, səliqə-səhmana salınması ilə bağlı tapşırıqlar verirlər. Amma məhkumlar üçün tərtib edilən menyunun qaydalara uyğun olmaması heç kimi narahat etmir.
Verilməyən dərmanlara görə yaşanan vitamin çatışmazlığı
Qidalanmadakı vitamin çatışmazlığı dərmanlarla kompensasiya edilməlidir.
NK-nın qərarına əsasən, məhkumlarda vitamin çatışmazlığının qarşısını almaq məqsədilə 15 apreldən 15 iyuna və 15 oktyabrdan 15 dekabra qədər hər adama gündəlik bir draje yarı-vitaminli “Heksavit” preparatı verilməlidir. Həmin preparat 2025-ci ilin sentyabrından müəssisəyə köçürülən qadın məhkumlara heç təklif də edilməyib.
“İxtisara düşən” geyimlər
Lənkəran PK-da saxlanılan məhkumlara çatmalı olan, amma verilməyən əşyalar sırasında geyimlər də var. NK-nın qərarının 12 nömrəli əlavəsində qadınlara yarıyun beret (1 ədəd), baş yaylığı (2 ədəd), yarıyun isti gödəkcə (1 ədəd), pambıq isti gödəkcə (1 ədəd), pambıq bluz (1 ədəd), pambıq ətək (1 ədəd), yarıyun pantolon (2 ədəd), pambıq pantolon (2 ədəd), mövsümə görə ayaqqabı (2 cüt), pambıq əlcək (2 cüt) verilməsi nəzərdə tutulub. Amma bunlar verilmədiyindən məhkumlar isti geyimlərini paylaşaraq qışı başa vurublar.
Təmiz otaqlar, “çirkli əllər”
Bir müddət hər həftənin bazar ertəsi müəssisənin rəisi Babək İsgəndərov təmizlik yoxlanışı aparmaq üçün qadın korpusuna gəlirdi. Rəis kameralara keçib şkafların üstündə tozun olub-olmadığına, yataqların səliqəli yığımına, döşəmənin təmizliyinə diqqət kəsilirdi. Məhkumlar ondan danlaq eşitməmək üçün həmin günlər daha çox təmizlik vasitəsi işlədirdilər. Hər yer par-par parıldamalı idi. Amma bu parıltıda qaranlıq bir məsələ var idi. O da rəisin diqqətini çəkmirdi. Təmizlik tələb edərkən məhkumlara çatmalı olan vasitələrlə onları təmin etmək kimi.
Avropa Penitensiar Qaydalarının 19.6-cı bəndinə əsasən, penitensiar müəssisənin müdiriyyəti məhkumların sərəncamlarına tualet ləvazimatı daxil olmaqla müvafiq vasitələr və materiallar təqdim etməlidir.
Həmin qaydalara həmçinin o da əlavə edilib ki, qadınların gigiyenik tələbatının ödənilməsi üçün zəruri tədbirlər görülməlidir. Qanunla qadınlara hər ay verilməli olan gigiyenik ped Lənkəran PK-da aylarla verilmir. Sonuncu dəfə dörd aydan sonra bir aylıq ped norması verilib.
Ayrılan vəsait, azalmayan şikayətlər
Penitensiar Xidmətdən şikayətlər Ombudsmanın 2025-ci il üzrə hesabatında da yer alıb. Hesabatda bildirilir ki, Ədliyyə Nazirliyi və tabe qurumlarından şikayətlər artaraq 4 minə çatıb. Amma bu şikayətlərdən neçəsinin həbs yerlərindəki təminatsızlığın payına düşdüyü bilinmir.
Bu problemlərin yaşanmaması üçün 2025-ci ildə Dövlət Büdcəsindən Penitensiar Xidmətə 211 milyon 203 min 79 manat ayrılıb.
Amma bu vəsaiti məhkumların qida, geyim, təmizlik vasitələri ilə bağlı ehtiyaclarında görmək olmur.
Elnarə Qasımova
Foto: sosial media