ABŞ kəşfiyyatı Çinin ABŞ və İsrailin İranla apardığı müharibədən istifadə edərək Vaşinqton üzərində hərbi, iqtisadi və diplomatik üstünlüyünü gücləndirdiyinə dair hesabat hazırlayıb. Bu barədə mayın 14-də mənbələrə istinadən “The Washington Post” qəzeti yazıb.
Nəşrin məlumatına görə, hesabat bu həftə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynə təqdim olunub. Kəşfiyyatın qiymətləndirməsi Pentaqonda ABŞ-nin İranla qarşıdurmasının geosiyasi nəticələri ilə bağlı ciddi narahatlıq yaradıb.
Hesabatda bildirilir ki, Yaxın Şərqdə müharibə davam etdiyi müddətdə Çin Fars körfəzi ölkələrindəki ABŞ müttəfiqlərinə silah satıb, həmçinin Hörmüz boğazının bağlanması fonunda müxtəlif ölkələrin enerji təchizatına dəstək verib.
Kəşfiyyatın qənaətinə görə, müharibə nəticəsində ABŞ Tayvan ətrafında Çinlə mümkün qarşıdurma zamanı həlledici rol oynaya biləcək böyük həcmdə sursat ehtiyatlarını itirib. “The Washington Post” yazır ki, İranla münaqişə Pekinə ABŞ-nin müharibə aparma üsullarını müşahidə etmək və gələcək hərbi əməliyyatlarını planlaşdırmaq üçün dərslər çıxarmaq imkanı da verib.
Pentaqonun nümayəndəsi Şon Parnell “qlobal güc balansının ABŞ-dən başqa hər hansı ölkənin xeyrinə dəyişdiyi” barədə iddiaları yalan adlandırıb. O bildirib ki, ABŞ ordusu ölkəni qorumaq, milli maraqları təmin etmək və istənilən rəqibi çəkindirmək üçün kifayət qədər güclü arsenal və sənaye potensialına malikdir.
Ağ Evin nümayəndəsi Olivia Ueyls isə bəyan edib ki, 38 günlük müharibə ərzində ABŞ İran rejiminin hərbi potensialına “dağıdıcı zərbə” endirib və ABŞ ordusu “planetin ən güclü döyüş qüvvəsi” olaraq qalır.
Çinin ABŞ-dəki səfirliyi isə Pekinin “sülhün təşviqinə və gərginliyin azaldılmasına sadiq olduğunu” açıqlayıb. Çin diplomatları Yaxın Şərqdə döyüşlərin yenidən başlamamasına çağırış edib və vəziyyətdən istifadə edərək “başqa ölkələri qaralamağa” qarşı çıxıblar.
ABŞ kəşfiyyatının hesabatı prezident Donald Trampın mayın 14-də Pekində Çin lideri Si Cinpinlə görüşü ərəfəsində hazırlanıb. Görüş zamanı Si Cinpin Tayvan məsələsinə görə ABŞ və Çin arasında “toqquşmaların, hətta münaqişələrin” mümkün olduğunu bildirib.
Çin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir. Ekspertlərin ehtimalına görə, Çin ordusunun Tayvana mümkün hərbi müdaxiləsi artıq 2027-ci ildə başlaya bilər. ABŞ isə tarixən Tayvanın əsas müttəfiqi sayılır.