Həftənin hərbi-siyasi icmalı: Azərbaycan Ukraynanın “arxa təminat cəbhəsi” rolunda, 90 milyardlıq Avropa paketində Bakının “payı”

Həftənin hərbi-siyasi icmalı: Azərbaycan Ukraynanın “arxa təminat cəbhəsi” rolunda, 90 milyardlıq Avropa paketində Bakının “payı” Foto: Prezident az
27 Aprel 2026
Mətni dəyiş

Yaxın zamanlarda Azərbaycan və Ukrayna arasında hərbi-texniki əməkdaşlıqda yeni səhifənin açılacağı gözlənilir. İki ölkə birgə hərbi istehsal, satınalmalar, hərbi sahədə mütəxəssis mübadiləsi və birgə hərbi təlimlər dövrünə qədəm qoyur.

Ukrayna Prezidenti Volodimir Zelenskinin ötən həftənin sonunda Azərbaycana baş tutan səfərinin yekunları bu qənaətə gəlməyə imkan verir. Bəzi müşahidəçilər isə bir qədər də irəli gedərək Azərbaycanın Rusiya-Ukrayna müharibəsində yeni rola - “arxa təminat cəbhəsi” roluna hazırlandığını iddia edirlər. Maraqlıdır ki, bu prosesdə Avropa Birliyinin birbaşa və ya dolayı stimullaşdırıcı rolu mövcuddur.

Zelenskinin aprelin 25-də Azərbaycana səfəri çərçivəsində iki ölkənin prezidentləri birgə bəyanatlarla çıxış edərək yaxın gələcək üçün qarşılıqlı hərbi-texniki əməkdaşlığın prioritetlərini açıqlayıblar. Danışıqların əsas mövzuları sırasında eyni zamanda enerji sahəsində əməkdaşlıq, humanitar istiqamət və sülh səyləri də yer alıb.

Ukraynalı hərbçilər artıq Azərbaycandadır

2008-ci ildə Kiyevdə, 2011-ci ildə isə Bakıda imzalanan strateji tərəfdaşlığa dair iki sənədi “güclü siyasi sənədlər” adlandıran Prezident İlham Əliyev növbəti dövrdə Ukraynada Xarici İşlər Nazirliklərinin məsləhətləşmələrinin və Hökumətlərarası Komissiyanın iclasının keçiriləcəyi barədə ukraynalı həmkarı ilə fikir mübadiləsi apardığını bildirib.

İki tərəf arasında müzakirə olunan məsələlər sırasında siyasi dialoqla yanaşı, hərbi-texniki əməkdaşlıq münasibətləri də mühüm yer tutub. Bu istiqamətdə “çox böyük perspektivlərin” olduğunu qeyd edən İlham Əliyevin sözlərinə görə, həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumilikdə isə sənaye sahəsində birgə fəaliyyət üçün geniş imkanlar mövcuddur. “Bu barədə də bu gün ətraflı danışıldı və biz bütün digər sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik”, - deyə o qeyd edib.

Zelenski isə öz növbəsində bildirib ki, müharibə başladıqdan sonra bu, onun Azərbaycana ilk səfəridir və o, buraya nümayəndə heyəti ilə gəlib. Onun sözlərinə görə, tərəflər arasında 6 sənəd imzalanıb. Təhlükəsizliyi “bir nömrəli sahə” adlandıran Zelenski qeyd edib ki, Ukrayna müharibə şəraitindən irəli gələrək öz müqavimət gücünü nümayiş etdirib.

“Biz ekspert biliklərimizi bölüşmək istərdik. Bu gün ekspertlərimiz Azərbaycandadır, onlar azərbaycanlı həmkarlarına dəstək verir. Biz bu tərəfdaşlığı bundan sonra da davam etdirərək birgə istehsala başlayacağıq”, - deyə o bildirib.

Zelenskinin “Telegram” səhifəsində qeyd edilən məlumata görə, onun Azərbaycana səfəri səmanın qorunması sahəsində Ukrayna təcrübəsini bölüşən ekspert qrupu ilə görüşlə başlayıb.

“Ukrayna həmişə həm bizi, həm də tərəfdaşlarımızı gücləndirən qarşılıqlı əlaqəyə sadiqdir. Digər ölkələrə kömək edə biləcək xüsusi təhlükəsizlik təcrübəmiz var. Artıq üç sahədə işləyirik: Yaxın Şərq və Körfəz bölgəsi, Avropa Birliyi və mahiyyət etibarilə Azərbaycanla. Təhlükəsizlik əməkdaşlığına əlavə olaraq, bu gün enerji, iqtisadi və humanitar sektorlarda əməkdaşlığı dərinləşdirmək üçün çalışacağıq”, – deyə qeyd edilib.

Zelenskinin “Telegram” səhifəsində onun həmin ekspertlərlə görüşünü əks etdirən video yayımlanıb. “Azadlıq Radiosu” həmin görüntülərin Azərbaycana aid olub-olmadığını yoxlaya bilməyib.

Mart ayında Qətər, Səudiyyə Ərəbistanı, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir neçə Körfəz ölkəsinə səfər edən və müdafiə müqavilələri imzalayan Zelenski bir qədər əvvəl sosial mediada bildirib ki, Ukraynanın 228 mütəxəssisi bir neçə ölkədə hava hücumundan müdafiə sistemlərini dəstəkləmək üçün fəaliyyət göstərir və Ukrayna texnologiyası Yaxın Şərqdə İran dronlarını vurmaq üçün istifadə edilir. ABŞ KİV-ləri bu təcrübədən ABŞ hərbçilərinin də Yaxın Şərqdə yararlandığını vurğulayırlar. Zelenski qeyd edib ki, ölkəsinin dəstəyi müqabilində Kiyev enerji infrastrukturunu qorumaq üçün silah və bəzi hallarda maliyyə razılaşmaları əldə edib.

Rusiya ilə davam edən müharibə dövründə Ukrayna ərazisi dəfələrlə, xüsusilə İran istehsalı olan dronlarla hücumlara məruz qalıb. Sonradan Rusiya İran dronlarını öz ərazisində istehsal etməyə başlayıb. Bu isə Ukraynanın PUA texnologiyasını təkmilləşdirmək zərurətini yaradıb.

Zelenski Azərbaycanda bildirib ki, iki ölkə arasında təhlükəsizlik sahəsi üzrə çox dərin əməkdaşlıq qurula bilər və bu məqsədə nail olmaq üçün ciddi iş aparılmalıdır. O qeyd edib ki, silahların istehsalı xalqlar üçün sabitlik gətirə bilər.

“Bizim ölkələrimizin kifayət qədər imkanları var ki, bütün çağırışlarla üzləşərək tab gətirsin” - deyən Zelenski “Facebook” səhifəsində imzalanan 6 sənəd barədə danışıb və əsas istiqamətin müdafiə-sənaye kompleksi olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu istiqamətdə əməkdaşlıq inkişaf etdiriləcək və daha da dərinləşdiriləcək.

“Azərbaycanın suverenliyimizə və ərazi bütövlüyümüzə verdiyi dəstəyə görə təşəkkür edirəm. Dərin əməkdaşlığa, o cümlədən müdafiə sahəsində əməkdaşlığa hazır olduğuna görə minnətdaram. Biz çox ciddi addım atdıq və yaxın zamanda yeni sənədlər imzalanacaq”, - deyə o bildirib.

Avropa Birliyinin dəstək krediti

Bir sıra müşahidəçilər üçün Ukrayna Prezidentinin Azərbaycana qəfil səfəri və bu səfər çərçivəsində tərəflərin birgə hərbi istehsalla bağlı səsləndirdikləri konkret bəyanatlar gözlənilməz olub. Ortaya müxtəlif suallar çıxır: bu səfəri vacib edən əsas səbəb nədir?

Mütəxəssislərin fikrincə, əsas səbəblərdən biri Ukrayna üçün Avropa Birliyinin hazırladığı islahat və inkişaf proqramıdır. Bu günlərdə Avropa Birliyi Ukrayna üçün 90 milyard avroluq dəstək kreditini razılaşdırıb. Bu paket çərçivəsində əsas hədəflərdən biri Ukraynanın müdafiəsi üçün yerli istehsalın inkişafıdır. Zelenski dünən Kiyevdə bildirib ki, burada söhbət Ukraynanın müdafiə sənayesinin inkişafı, dron istehsalı və ümumilikdə bütün hərbi texnika istiqamətindən gedir.

Avropa Birliyi bəyan edib ki, 90 milyard avroluq dəstək krediti Ukraynanın 2026 və 2027-ci illərdə ən təcili büdcə və müdafiə sənayesi ehtiyaclarını ödəməyə kömək edəcək. Maliyyələşdirmə Ukrayna tərəfinin korrupsiyaya qarşı mübarizə də daxil olmaqla qanunun aliliyinə riayət etməsi kimi ciddi şərtlərlə əlaqələndiriləcək. Vəsaitin 60 milyardı məhz Ukraynanın müdafiə sənayesi potensialına, o cümlədən müdafiə məhsullarının tədarükünə investisiya qoymaq məqsədilə ayrılacaq. Artıq vəsaitin ilk yarısının - 45 milyardının ayrılmasına başlanılıb. Onun 28,3 milyardı məhz müdafiə sənayesi potensialını dəstəkləmək üçün nəzərdə tutulub.

Bu dəstək krediti Ukraynaya Avropa Birliyinə və Avropa İqtisadi Zonasına üzv ölkələrdə, eləcə də digər üçüncü ölkələrdə müdafiə sənayesi məhsullarına çıxış imkanı verəcək. Bir sıra müstəqil ekspertlərin fikrincə, Ukrayna və Azərbaycan arasında müdafiə sənayesi üzrə birgə əməkdaşlıq danışıqlarının hazırkı mərhələsinin kökündə məhz bu maliyyə paketi dayanır. Çünki bu vəsait eyni zamanda tərəfdaşlarla birgə hərbi istehsalı stimullaşdırır.

Beləliklə, ilkin müşahidələr göstərir ki, Avropa Birliyinin ayırdığı vəsaitin bir hissəsi birbaşa və ya dolayısı ilə Ukrayna və Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın, birgə müdafiə məhsulları istehsalının inkişafına yönəldilə bilər. Ukrayna bu vəsaitdən istifadə edərək Azərbaycanda qurulacaq birgə müəssisələrin maliyyələşdirilməsini, yeni texnologiyaların - xüsusilə PUA və raket sistemlərinin transferini və birgə sınaqları həyata keçirə bilər. Eyni zamanda Ukrayna bu paket çərçivəsində ayrılan vəsait hesabına Azərbaycanda istehsal olunan və ya modernləşdirilən hərbi məhsulların sifarişçisinə çevrilə bilər.

Qısası, 90 milyardlıq paketin müdafiə ehtiyacları üçün ayrılan 60 milyard avroluq hissəsi Azərbaycan və Ukrayna arasındakı hərbi-texniki tərəfdaşlığın əsas maliyyə “mühərriki” rolunu oynaya bilər. Bəzi ekspertlərin fikrincə, bu vəsait birgə istehsal olunan məhsulların xərclərini qarşılamaq və texnoloji mübadiləni sürətləndirmək baxımından həlledicidir.

Azərbaycandan Ukraynaya enerji dəstəyi

Zelenski Azərbaycanda bildirib ki, azərbaycanlı həmkarı ilə görüşündə enerji sahəsində təşəbbüslərin davam etdirilməsi və yenilərinin başlanması da müzakirə olunub.

“Azərbaycana 11 paket enerji yardımı, xüsusilə son mürəkkəb qış dövründə göstərdiyi dəstəyə görə minnətdaram. Humanitar dəstəyə və sülhün bərpası naminə səylərimizə ayrıca diqqət yetirildi”, - deyən Zelenski Azərbaycanı “etibarlı tərəfdaş” adlandırıb.

Zelenski daha sonra aprelin 26-da Kiyevdə çıxış edərkən bildirib ki, Avropa Birliyinin Ukrayna üçün razılaşdırdığı 90 milyard avroluq dəstək kreditinin əsas istiqamətlərindən biri məhz enerji sahəsidir. Onun sözlərinə görə, qışa qədər enerji infrastrukturunun qorunması üçün vəsait ayrılması planlaşdırılır.

Zelenski bu prosesdə “Qafqaz istiqaməti”ndən də danışıb və Azərbaycanda keçirdiyi görüşlərə dolayısı ilə işarə edib:

“Yaxın Şərqdə də görüşlərimiz oldu və xüsusilə enerji sektorunda müxtəlif razılaşmalar əldə etdik. Hazırda Ukrayna bir çox digər ölkələrdən bir neçə dəfə çox dizel yanacağı istehlak edir. Səbəblərdən biri müharibədir, amma ordumuzda dizel çatışmazlığı yoxdur. İqtisadiyyatın fəaliyyəti üçün - kənd təsərrüfatı istehsalçıları, mülki nəqliyyat üçün dizel yanacağı var. Ukraynanın ehtiyac duyduğu bu həcmdə dizel yanacağı sadəcə bir mənbədən gəlmir - Yaxın Şərqlə razılaşmalarımız var. Xüsusilə də mülki şəxsləri dizel yanacağı ilə təmin etmək üçün Qafqaz istiqamətini açdıq. Yəni bizə kömək edən və təchizatın sabitliyini təmin edən bir neçə ölkə var. Bu ölkələrin hər birinə minnətdarıq və əməkdaşlığı bu cür qururuq”. 

Azərbaycanda üçtərəfli danışıq perspektivi

Zelenski azərbaycanlı həmkarı ilə görüşündə sülh səylərini də müzakirə etdiyini bildirib. Müharibəyə son qoyulmasının Ukrayna üçün vacib olduğunu deyən Zelenski vasitəçilik edən tərəfdaşlara minnətdarlığını ifadə edib.

“Bizim üçtərəfli və digər formatlarda danışıqlarımız olub. Onlardan bəziləri Türkiyədə baş tutub, daha sonra amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük və istərdik ki, danışıqları Azərbaycanda da aparaq. Əgər Rusiya tərəfi də bu diplomatiyanı seçərsə”, - deyə o qeyd edib.

Təklifə Moskvanın cavabı gecikməyib. Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov “Podyom” nəşrinə açıqlamasında bildirib ki, əgər Azərbaycan danışıqların bütün iştirakçıları üçün təhlükəsizliyi təmin etməyə hazırdırsa, danışıqlar qrupunun üzvləri heç bir problem olmadan Azərbaycana gələ bilərlər. Cabarov Azərbaycanı “normal yer” adlandırıb və Moskva ilə Bakı arasındakı yaxşı münasibətləri qeyd edib.

Eyni zamanda, o, Volodimir Zelenskinin Azərbaycanda danışıqlara hazır olması ilə bağlı açıqlamalarını “hiylə və yalan” adlandıraraq Kiyev hakimiyyətinin liderinin dialoqa hazır olmadığını və Qərbin göstərişləri ilə hərəkət etdiyini iddia edib. Cabarov hesab edir ki, Zelenski Rusiyanın şərtlərindən narazılığını əsas gətirərək görüşü son anda ləğv edəcək.

Bundan bir qədər əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 18-də Türkiyədə keçirilən Antalya Diplomatiya Forumunda bildirmişdi ki, ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlar dalana dirəndiyindən Ukrayna ilə sülh danışıqları Rusiyanın əsas prioriteti deyil. “Hazırda danışıqların bərpası məsələsi bizim əsas prioritetimiz deyil. Biz heç kimi danışıqlara məcbur etməmişik”, - deyə o bildirib. “Biz həmişə tərəfdaşımız hazırdırsa, biz də hazırıq prinsipi ilə fəaliyyət göstərmişik”.

Ukrayna, Rusiya və ABŞ-nin iştirak etdiyi son üçtərəfli danışıqlar fevralın 16-da baş tutub. Fevralın sonuna planlaşdırılan və daha sonra martın əvvəlinə təxirə salınan növbəti görüş isə ABŞ-İsrailin İrana hücumlarından qısa müddət əvvəl təxirə salınıb. Prezident Zelenski həm Vaşinqtonu, həm də Moskvanı prosesi bərpa etməyə çağırıb və danışıqların çıxılmaz vəziyyətə düşdüyünə inanmadığını bildirib.

“Kyiv Independent” nəşri yazır ki, fasiləyə baxmayaraq, Kiyev, xüsusən də Rusiyanın ərazi tələbləri ilə bağlı əsas fikir ayrılıqları davam etsə də, danışıqlar tempini qorumağa çalışıb. Nəşr qeyd edir ki, Ukrayna mövcud cəbhə xəttinin dondurulmasının atəşkəs üçün ən real əsas olduğunu bildirir, Rusiya isə istənilən razılaşma üçün ilkin şərt kimi Ukrayna qüvvələrinin Donbasın bəzi hissələrindən geri çəkilməsində israr edir, Kiyev isə bu tələbi rədd edir.

“Diplomatik prosesin ləngiməsinə İranla bağlı danışıqlarda iştirak edən ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin məhdud iştirakı da təsir edib. Onlar danışıqların ABŞ-də keçirilməsini təklif ediblər, lakin Zelenski Rusiyanın Türkiyə və ya İsveçrə kimi alternativ məkanlara üstünlük verdiyini bildirib”, - deyə qeyd edilib.

Kiyev ümid edir ki, Uitkoff və Kuşnerin potensial səfəri danışıqların canlanmasına kömək edə bilər. Məsələ ilə tanış olan ABŞ rəsmisi aprelin 15-də “Kyiv Independent”ə bildirib ki, Vaşinqton nümayəndələrin Ukraynaya mümkün səfərini müzakirə edir.

Ukrayna və Azərbaycan: hərbi-texniki əməkdaşlığın perspektivləri

Ekspertlərin fikrincə, Zelenskinin səfəri Azərbaycan və Ukrayna arasında hərbi-texniki əməkdaşlığı enerji tərəfdaşlığından müdafiə sənayesi tərəfdaşlığına keçirən mühüm prosesin başlanğıcı hesab oluna bilər. Səslənən bəyanatlar göstərir ki, tərəflər arasında əməkdaşlıq bir neçə istiqamətdə - satınalmalar, birgə hərbi istehsal (o cümlədən PUA texnologiyaları), hərbi mütəxəssis mübadiləsi və birgə hərbi təlimlər üzrə davam etdiriləcək.

Bu çərçivədə Ukrayna və Azərbaycanda hərbi-texniki əməkdaşlığın gündəliyini müəyyən edəcək işçi qruplarının yaradılması və onların müntəzəm görüşləri gözlənilir. Daha sonra birgə hərbi istehsal layihələrində çalışacaq mütəxəssislərin - mühəndislərin, konstruktorların və təmir qruplarının qarşılıqlı səfərləri baş tuta bilər. Qeyd edildiyi kimi, Zelenski artıq bir qrup mütəxəssisin Azərbaycanda yerli komandalarla işlədiyini təsdiqləyib. Bu isə əməkdaşlığın ya artıq başladığını, ya da son mərhələyə daxil olduğunu göstərir.

Proses çərçivəsində müasir müharibə təcrübəsini, xüsusilə PUA və hava hücumundan müdafiə sahəsində bilikləri bölüşmək üçün hərbi məsləhətçilərin qarşılıqlı ezam ediləcəyi də gözlənilir. Zelenskinin səfəri göstərir ki, hərbi istehsalın hər iki ölkədə həyata keçirilməsi planlaşdırılır, lakin məqsədlər və risk profilləri fərqli ola bilər.

Hazırkı geosiyasi şəraitdə Azərbaycan nisbətən təhlükəsiz arxa cəbhə hesab edilir və bu baxımdan Ukrayna üçün “strateji istehsal mərkəzi” rolunu oynaya bilər. Ukraynadakı hərbi zavodlar mütəmadi olaraq raket zərbələrinə məruz qalır. Bu səbəbdən Azərbaycanda hərbi istehsalın qurulması Ukrayna üçün daha təhlükəsiz alternativ kimi qiymətləndirilir. Mütəxəssislərin fikrincə, ilkin mərhələdə Azərbaycanda sursatlar, raket komponentləri və hərbi təyinatlı geyimlər istehsal oluna, həmçinin PUA komponentlərinin yığılması həyata keçirilə bilər.

Ukrayna ərazisi isə texnologiyaların birbaşa döyüş meydanına inteqrasiyası üçün daha uyğun hesab olunur və bu baxımdan sınaq poliqonu rolunu oynayır. Yeni hazırlanan silahlar real döyüş şəraitində sınaqdan keçirilərək təkmilləşdirilə bilər. Eyni zamanda Ukraynada elektron müharibə sistemləri, dron proqram təminatı və yüngül zirehli texnikaların təmir-bərpası həyata keçirilə bilər. Strateji baxımdan ən məntiqli model komponentlərin və ağır sursatların Azərbaycanda istehsalı, son tamamlama və döyüş tətbiqinin isə Ukraynada həyata keçirilməsidir.

Avropa Birliyinin dəstəyi bu prosesdə maliyyə zəmanəti rolunu oynayır. Vəsaitin bir hissəsi Ukraynadan kənarda - məsələn, Azərbaycanda - Ukrayna üçün silah istehsal edən müəssisələrin maliyyələşdirilməsinə yönəldilə bilər. Bu isə Azərbaycanın hərbi sənaye müəssisələrinə böyük sifarişlərin verilməsi və istehsal gücünün modernləşdirilməsi deməkdir.

Eyni zamanda iki ölkə hərbçilərinin birgə təlimlərinin keçirilməsi məsələsi də yeni mərhələyə daxil olur. Yaxın perspektivdə genişmiqyaslı açıq təlimlər əvəzinə qapalı hərbi obyektlərdə və poliqonlarda yeni texnologiyaların - pilotsuz uçuş aparatlarının, elektron müharibə vasitələrinin və hava hücumundan müdafiə sistemlərinin - sınaqları və mütəxəssis hazırlığı həyata keçirilə bilər.

Rusiyanın bu proseslərə necə reaksiya verəcəyi isə, ehtimal ki, yaxın aylarda daha aydın görünəcək.

Müəllif: Cəsur Məmmədov

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun