Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələrini dayandırıb. Bununla bağlı qərar parlamentin bu gün keçirilən plenar iclasında qəbul edilib.
Sənədi vitse-spiker Ziyafət Əsgərov təqdim edib. Qərara əsasən, Azərbaycan parlament nümayəndə heyətinin Avronest Parlament Assambleyasındakı üzvlüyünə xitam verilməsi üçün prosedur qaydalarının tətbiqinə də başlanılacaq. Eyni zamanda, Milli Məclisin Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına da son qoyulacaq.
Bu gün keçirilən plenar iclasda Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti müzakirə olunub. Məsələ ilə bağlı qərar hazırlanması üçün xüsusi komissiya yaradılıb. Komissiyaya Ziyafət Əsgərov sədrlik edir, üzvlər sırasında Fazil Mustafa, Mübariz Qurbanlı, Tahir Mirkişili, Tural Gəncəliyev, Jalə Əliyeva və Səbinə Xasayeva yer alıb.
Bundan əvvəl Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılıb. XİN-in məlumatına görə, görüş zamanı Avropa Parlamentinin 30 aprel tarixində qəbul etdiyi qətnamədə Azərbaycana qarşı yer alan müddəalar qəti şəkildə pislənib və qarşı tərəfə etiraz notası təqdim olunub.
Azərbaycan tərəfi bildirib ki, sənəddə əks olunan yanaşmalar reallığı təhrif edir, obyektivlik prinsiplərinə, eləcə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəliklərinə ziddir. Rəsmi Bakı hesab edir ki, bu cür addımlar regionda normallaşma prosesinə və Azərbaycan–Avropa İttifaqı münasibətlərinə mənfi təsir göstərir.
Görüş zamanı Qarabağla bağlı iddiaların əsassız olduğu vurğulanıb. Qeyd olunub ki, 2023-cü ildə təqdim edilən reinteqrasiya planına baxmayaraq, erməni sakinlər bölgəni könüllü şəkildə tərk edib və bunun əksini iddia edən bəyanatlar həqiqəti əks etdirmir.
Eyni zamanda “müharibə əsirləri” kimi təqdim olunan şəxslərlə bağlı çağırışların hüquqi baxımdan qəbuledilməz olduğu bildirilib. Azərbaycan tərəfi həmin şəxslərin terrorçuluq, təxribat və digər ağır cinayətlərə görə məsuliyyət daşıdıqlarını vurğulayıb. “Mədəni və dini irsin məhv edilməsi” ilə bağlı iddialar da rədd edilib.
Avropa Parlamenti aprelin 30-da Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi ilə bağlı qətnamə qəbul edib. Sənəddə bir sıra müddəalarla yanaşı, Azərbaycanla bağlı bəndlər də yer alıb.
Qətnamədə Ermənistan–Azərbaycan sülh prosesində irəliləyiş qeyd olunur və tərəflər hərtərəfli, hüquqi baxımdan məcburi sülh sazişi imzalamağa çağırılır. Eyni zamanda Qarabağ ermənilərinin hüquqları və geri qayıdışı məsələsinə toxunulur, Azərbaycanın saxladığı erməni əsilli şəxslərin azad edilməsi tələb olunur.