Hesablama Palatasının Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində apardığı audit dövlət vəsaitlərinin istifadəsində sistemli pozuntuları üzə çıxarıb. Təkcə artıq ödənişlər, əsassız mükafatlandırmalar, şişirdilmiş maaşlar və digər maliyyə nöqsanları üzrə müəyyən edilən zərərin məbləği yüz minlərlə manatla ölçülür
Hesablama Palatasının Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində 2023–2025-ci illəri əhatə edən audit yoxlaması zamanı 10,7 milyon manatlıq xərclər təhlil edilib və onlarla qanunvericilik pozuntusu aşkarlanıb.
Auditin nəticələrinə görə, bəzi hallarda dövlət vəsaitinin və əmlakının istifadəsi, büdcə vəsaitlərinin icrası, əməyin ödənişi, aktivlərin uçotu, yanacaq və digər materialların silinməsi, dövlət əmlakının idarə olunması, satınalmalar, həmçinin mühasibat uçotu və maliyyə hesabatlarının tərtibi mövcud hüquqi aktlara uyğun aparılmayıb.
Ləğv edilmiş qaydaya baxmayaraq, ödənişlər davam edib
Aparılan audit zamanı bəlli olub ki, hakimlərə “müalicə olunmaq üçün pul təminatı” verilməsi ilə bağlı qayda 3 iyul 2022-ci ildə ləğv edilsə də, növbəti ilin fevralında Ali Məhkəmənin 3 hakiminə ümumilikdə 37 589,18 manat ödənilib. Bundan əlavə, 12 hakimə 2019–2021-ci illərə görə tibbi arayış təqdim olunmadan 2023-cü ilin dekabrında kompensasiya kimi əlavə vəsait hesablanıb. Halbuki, qaydalara əsasən, tibbi arayış olmadan bu ödənişlər verilməməlidir.
“Saxta” struktur və şişirdilmiş maaşlar
Həmçinin qeyd edilir ki, Ali Məhkəmədə 3 şöbə qanunvericiliyin tələb etdiyi minimum 8 ştat vahidi əvəzinə cəmi 3–4 ştat vahidi ilə yaradılıb. Bu isə şöbə müdirlərinə 139 540,5 manat artıq maaş ödənilməsinə səbəb olub.
Palata müəyyən edib ki, 2024-cü ildə dövlət qulluqçuları 5 dəfə kollektiv, 4 dəfə fərdi mükafatlandırılıb. Qanunla müəyyən olunmuş limit tükəndikdən sonra isə hakimlərin müalicə pulu üçün nəzərdə tutulmuş vəsaitdən 80 565 manat mükafat kimi istifadə edilib.
Bundan başqa, dövlət qulluqçusu olmayan 4 əməkdaşa 13 950 manat mükafat ödənilib.
Artıq hesablanan ödənişlər
Bundan başqa, auditlə ortaya çıxıb ki, hakimlərə məzuniyyət haqqı hesablanarkən müxtəlif ödənişlərin üst-üstə düşməsi nəticəsində 25 418,17 manat artıq vəsait ödənilib, ezamiyyə xərclərində 1 810 manat artıq ödəniş edilib.
Eyni zamanda, istifadə olunmayan avtomobilə 723,4 manatlıq yanacaq, odometr göstəricilərinə uyğun gəlməyən 2 161,8 manatlıq (1 351,1 litr) benzin silinib.
Nəqliyyat vasitələrinin alınması ilə bağlı da ciddi uyğunsuzluqlar aşkar edilib. Belə ki, Ali Məhkəmənin balansında kifayət qədər avtomobil olduğu halda, əlavə olaraq “Toyota Avalon” markalı minik avtomobili 83 min manata alınıb və bu qiymətin bazar dəyərindən 13 640 manat baha olduğu müəyyən edilib. Alış zamanı 14 940 manat ƏDV hesablanmayıb, satınalma bir mənbədən həyata keçirilib, elektron qaimə müqavilədən 14 gün əvvəl rəsmiləşdirilib, müqavilədə göstərilən məbləğlə faktiki ödəniş arasında ziddiyyət var, 8 272,8 manat ƏDV depozit hesabına köçürülməyib.
Tender və satınalma pozuntuları
Satınalmalar sahəsində də çoxsaylı pozuntular müəyyən edilib. Belə ki, Ali Məhkəmənin dam örtüyünün təmiri işi 90 gün gecikdirilsə də, podratçılara 11 587,86 manat cərimə tətbiq olunmayıb, 17 585,16 manatlıq işlər sənəddə göstərilsə də, faktiki görülməyib, mətbəə müqaviləsi üzrə 596 manatlıq məhsul təhvil verilməyib, cərimə tutulmayıb, 142 659,17 manatlıq iş iki müqaviləyə bölünərək tenderdən yayınma halları yaradılıb, 5 halda 31 115,16 manatlıq satınalma prosedursuz aparılıb, 5 halda 106 686,12 manatlıq satınalma elektron sistemdən kənar keçirilib, 10 halda 220 144,44 manatlıq satınalma qiymət əsaslandırılmadan aparılıb.
Yoxlama zamanı Ali Məhkəmənin balansında olan 9 844,28 manat dəyərində 15 inventarın çatışmadığı da müəyyən edilib.
Hesablama Palatasının Kollegiyası audit materiallarını satınalma pozuntuları ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, ƏDV ilə bağlı məsələlər üzrə Naxçıvan MR İqtisadiyyat Nazirliyinə, maliyyə hesabatları üzrə isə Naxçıvan MR Maliyyə Nazirliyinə göndərmək qərarı verib. Kollegiya həmçinin məsul şəxslərin qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunmasını təklif edib.
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi muxtar respublika səviyyəsində apellyasiya, kassasiya və ali instansiya funksiyalarını yerinə yetirir. Hakimləri Azərbaycan Respublikası Prezidenti təyin edir.