Avropa Məhkəməsi ictimai fəalın ədalətli məhkəmə hüququnun pozulduğuna qərar verib

Avropa Məhkəməsi ictimai fəalın ədalətli məhkəmə hüququnun pozulduğuna qərar verib
26 May 2026
Mətni dəyiş

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mayın 26-da ictimai fəal və bloger Əbdül Əbilovun Azərbaycana qarşı işi üzrə qərarını elan edib. Məhkəmə müəyyən edib ki, ərizəçinin Ali Məhkəmədə keçirilən iclas zamanı ədalətli məhkəmə araşdırması hüququ pozulub.

Qərarda qeyd olunur ki, sosial şəbəkələrdə hökuməti tənqid edən yazılar paylaşan Əbdül Əbilov 2013-cü ilin noyabrında narkotik vasitələrin satışı ittihamı ilə saxlanılıb. Azərbaycan hakimiyyəti onun heroin satışı ilə məşğul olduğuna dair məlumat daxil olduğunu bildirib.

Materiallara əsasən, noyabrın 22-də polis əməkdaşları iki hal şahidinin iştirakı ilə Əbilovu evinin yaxınlığında saxlayıblar. İddia olunub ki, onun üzərindən və daha sonra evindən heroin aşkarlanıb. Əbilov isə narkotiklərin ona məxsus olmadığını bildirib.

2014-cü ilin mayında Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək 5 il 6 ay azadlıqdan məhrum edib. Hökm apellyasiya instansiyasında qüvvədə saxlanılıb.

AİHM qərarında vurğulanır ki, kassasiya baxışı zamanı ərizəçinin ilk vəkili Kənan Bağırov vəkillik fəaliyyətindən uzaqlaşdırıldığı üçün Əbilov yeni vəkillə müqavilə bağlayıb. Lakin yeni vəkilə Ali Məhkəmə iclasının vaxtı barədə məlumat verilməyib. Bununla yanaşı, vəkilin iş materialları ilə tanış olmaq üçün əlavə vaxt verilməsi barədə vəsatəti də təmin edilməyib.

Məhkəmə hesab edib ki, bu şəraitdə ərizəçinin müdafiə hüququ effektiv şəkildə təmin olunmayıb. Qərarda qeyd olunur ki, Ali Məhkəmənin iclasında prokuror iştirak edib və çıxış edib, lakin nə Əbilov, nə də onun yeni vəkili prosesdə iştirak edə bilib.

AİHM nəticə etibarilə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci və 3-cü bəndlərinin - ədalətli məhkəmə araşdırması və müdafiə hüququnun pozulduğunu tanıyıb.

Bununla belə, məhkəmə sübutların saxtalaşdırılması ilə bağlı iddiaları qəbul etməyib. Qərarda bildirilir ki, axtarış və saxlanma əməliyyatı şahidlərin iştirakı ilə aparılıb, videoçəkiliş edilib və ərizəçiyə sübutların həqiqiliyinə etiraz etmək imkanı verilib.

Əbilovun həbsinin bloger fəaliyyəti və ifadə azadlığı ilə əlaqəli olması barədə şikayətlər isə təmin edilməyib. AİHM bildirib ki, ərizəçi narkotik ittihamının əslində siyasi motivli olduğunu və fəaliyyətinə görə təqib edildiyini kifayət qədər əsaslandıra bilməyib.

Məhkəmə Azərbaycan hökumətinə Əbdül Əbilova mənəvi zərərə görə 3600 avro, hüquqi xərclərə görə isə 500 avro təzminat ödəməyi qərara alıb.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun