Keçmiş partiya sədrinə 4 il yarım həbs cəzası verilib

Keçmiş partiya sədrinə 4 il yarım həbs cəzası verilib
22 May 2026
Mətni dəyiş

Ləğv edilmiş Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) keçmiş sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda əvvəlcə dövlət ittihamçısı çıxış edib. Prokuror Anar Əsədlinin 7 il müddətinə azadlıqdan məhrum olunmasını və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.

Məhkəmədə zərərçəkmiş qismində tanınan Oqtay Qasımov və Etibar Nəsibov tərəflər arasında barışıq olmadığını bildirərək ittiham tərəfinin təklif etdiyi cəza ilə razı olduqlarını deyiblər.

Daha sonra çıxış edən vəkil Rəsul Cəfərov müdafiə etdiyi şəxsin dələduzluq etmədiyini bildirib. O qeyd edib ki, Anar Əsədli zərərçəkmişlərdən borc alıb və buna görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Vəkil məhkəmədən müvəkkilinə bəraət verilməsini istəyib.

Anar Əsədli də son sözündə özünü təqsirli bilmədiyini deyib.

Müşavirədən sonra hökm elan olunub. Məhkəmənin qərarına əsasən, Anar Əsədli həbsdə keçirdiyi müddət nəzərə alınmaqla 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş partiya sədri Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi – külli miqdarda ziyan vurmaqla dələduzluqda təqsirli bilinib.

Anar Əsədli ilk dəfə 2023-cü il aprelin 21-də həbs olunmuşdu. Həmin ilin iyulunda ev dustaqlığına buraxılmış, oktyabr ayında isə cinayət işinə xitam verilmişdi. Lakin Baş Prokurorluq sonradan xitam qərarını ləğv edib və iş yenidən istintaqa qaytarılıb.

Anar Əsədli 2020-ci ilin dekabrında keçirilən təsis qurultayında Azərbaycan Yüksəliş Partiyasının sədri seçilmişdi. Partiya 2021-ci ilin oktyabrında dövlət qeydiyyatına alınsa da, 2023-cü ilin iyununda fəaliyyətini dayandırdığını açıqlayıb. Həmin dövrdə Anar Əsədli artıq həbsdə idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun